Moskvanın hikkəsi dinmir: Lavrovdan Moldovaya hədə

Moskvanın hikkəsi dinmir: Lavrovdan Moldovaya hədə

Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda, Rusiya xarici işlər nazirinin Dnestryanıdakı rus hərbçiləri və Kreml ilə hərbi qarşıdurma təhlükəsi ilə bağlı açıqlamalarına Moldova necə reaksiya verdi?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moldovaya xəbərdarlıq edib ki, “Dnestryanıda Rusiya sülhməramlılarının təhlükəsizliyinə təhdidlərin yaradılması Moskva ilə hərbi qarşıdurmaya səbəb ola bilər”.

“Hər kəs anlamalıdır ki, hərbi personalımızın təhlükəsizliyinə təhlükə yaradan istənilən hərəkət beynəlxalq hüquqa uyğun olaraq, Cənubi Osetiyada sülhməramlılarımız Saakaşvilinin hücumuna məruz qaldığı kimi, Rusiya Federasiyasına hücum kimi qiymətləndiriləcək”, - deyə Rusiya XİN başçısı “Bilik” marafonunda çıxış edərkən bildirib.

Lavrov nə dedi?

O, Moldova Prezidenti Maya Sandunu Dnestryanı münaqişənin həlli ilə bağlı danışıqlara mane olmaqda ittiham edib: "İndi həm Dnestryanı rəhbərliyi, həm də biz birbaşa dialoqun tərəfdarıyıq. Kişinyovu buna çağırırıq. Amma, görünür, ictimai bəyanatlara əsasən, Prezident Sandu və onun komanda üzvləri ABŞ və Avropa İttifaqının diktəsi ilə belə birbaşa dialoq istəmirlər, görünür, bu problemin diplomatik olmayan həllinə ümid edirlər”.

Rusiyalı baş diplomat Moskvanın Moldovada rusdilli əhalinin maraqlarının heç bir şəkildə zərər görməməsi üçün hər şeyi edəcəyini bildirib: “Dnestryanı ilə yanaşı, xüsusi statusa iddialı Qaqauziya da var. Düşünürəm ki, Moldova rəhbərliyi Qərbin yeritdiyi geosiyasi oyunlardan əl çəkib, çiyin-çiyinə yaşayan insanların maraqlarını düşünsə, düzgün addım atacaq”.

2022-ci ilin iyununda Lavrov Kişinyov rəhbərliyini “Ukraynadakı kimi Rusiyaya məxsus hər şeyi ləğv etməyə” cəhddə ittiham edib.

Lavrovun Moldovanın avropapərəst siyasi rəhbərliyinə təkrar şifahi hücumu qondarma “Dnestryanı Moldova Respublikası” (“DMR”) “hökumətinin” başçısı Vadim Krasnoselskinin Moldovanın rəhbərinə məktub göndərməsindən bir neçə gün sonra baş verib. Moldova dövlətindən o, birbaşa "dinc siyasi həll prinsipləri" ilə bağlı danışıqlar aparmağı tələb edib.

Moldova rəhbərliyi özünü “DMR” adlandıran qurumla əlaqəni yalnız Moldovanın Reinteqrasiya Bürosu, Baş nazirin müavini, Moldovanın Berlindəki keçmiş səfiri Oleq Serebryanın rəhbərlik etdiyi hökumət strukturu vasitəsilə saxlayır.

Kişinyovun reaksiyası

Sergey Lavrovun sözlərinə ilk reaksiya verən Moldovanın Reinteqrasiya Bürosu olub. Qurumun açıq bəyanatında rusdilli vətəndaşların hüquqlarının pozulması inkar olunur və əlavə edilir ki, Moldova Dnestryanı münaqişəsinin həlli üçün danışıqlardan çəkinmir.

Eyni zamanda, Büro "Dnestryanı bölgədə rumındilli vətəndaşların və Moldova vətəndaşlarının hüquqlarının qəsdən məhdudlaşdırılmasından" bəhs edir: “Onlar Moldova pasportlarına malikdirlər və orada əcnəbi sayılırlar”.

Avqustun sonunda Sloveniyada Strateji Forumda videoçıxışı zamanı Maya Sandu Moldovanın suverenliyi ilə bağlı Moskvadan getdikcə daha çox əsassız və bəzən hörmətsiz bəyanatlar eşitdiyini qeyd edib: "Biz müharibənin getdiyi bölgənin qonşuluğunda olduğumuz üçün vəziyyət çətindir".

Lavrovun açıqlamalarına cavab olaraq, Sandu PRO telekanalında yayımlanan “In Profunzime” proqramında deyib: "Buraada söhbət hər hansı bir hücumdan getmir, bu, reallıqla heç bir əlaqəsi olmayan bəyanatdır. O, niyə belə bir bəyanatla çıxış edib? Biz öz növbəmizdə indiyə qədər riayət etdiyimiz prinsiplərə sadiqik. Bir daha deyirəm, Dnestryanı münaqişəsini ancaq sülh və diplomatik yolla həll etmək olar”.

“Rusiyanın Ukraynaya qarşı müharibəyə başlayandan biz şahid olmuşuq, çoxlu təxribatçı bəyanatlar eşitmişik. Birlik içində və həmrəy qalmaq, bu təxribatçı bəyanatların köməyi ilə özümüzlə manipulyasiyalara yol verməmək vacibdir. Biz sülhsevər ölkəyik. Və bir daha deyirəm, bu bəyanatların hamısı insanları manipulyasiya edən bəyanatlardır və yəqin ki, Moldova Respublikasında sabitliyi pozmaq məqsədi güdür”, - deyə Moldova Prezidenti vurğulayıb.

O, təsdiqləyib ki, özünü "DMR" elan edən rejimin rəhbərliyindən çoxlu məktublar alır, lakin ünsiyyət Reinteqrasiya Bürosu vasitəsilə konkret mövzularda, o cümlədən sülh və əmin-amanlığın necə qorunub saxlanılması barədə aparılmalıdır: "Biz sülhü qorumaq üçün əlimizdən gələn hər şeyi, o cümlədən Tiraspoldakı rejimlə əlaqəni əvvəlkindən də tez-tez etdirəcəyik”.

Sandunun sözlərinə görə, "Rusiyanın Ukraynanı işğal etməsindən sonra Kişinyov və Tiraspol arasında dialoq təhlükəsizlik təhdidinə görə, sabitliyi pozmaq cəhdlərindən qaçmaq və Moldovanın bu müharibəyə cəlb olunma riskini əhəmiyyətli dərəcədə azaltmaq üçün daha tez-tez baş tutmağa başlayıb".

“Dil faktoru

Rusiyanın Moldovada sabitliyi pozmaq üçün “dil” arqumentindən istifadə etməsi ilk dəfə deyil. 2022-ci ilin martında Rusiyanın Ukrayna ərazilərini işğal etməsindən qısa müddət sonra Rusiyanın Kişinyovdakı səfirliyi Moldovadakı rusları etnik, mədəni, dil, din və ya hər hansı digər səbəblərə görə ayrı-seçkiliyə məruz qaldıqları zaman e-poçt vasitəsilə diplomatik rəsmilərə məlumat verməyə çağırıb. Cavab olaraq Moldovanın rusdilli vətəndaşları onlayn petisiyada Moskvanı ölkəni təcili tərk etməyə çağırıblar, çünki onlar ayrı-seçkiliyə məruz qalmırlar və “xilas edilmək” lazım deyil.

Daha sonra Moldova xarici işlər naziri Nikolae Popesku rus diplomatlarını Moldova cəmiyyətində sakitlik mühitinə töhfə verməyən jestlərdən əl çəkməyə çağırıb. Və Sandu əmin edib ki, Moldovada dilindən asılı olmayaraq, ölkənin bütün sakinləri təhlükəsizdirlər.

Moldova xarici işlər naziri Lavrovun son bəyanatına cavab olaraq, sentyabrın 1-də Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb. O vurğulayıb ki, "rus, ukraynalı, qaqauz, bolqar və digər milli azlıqların dillərində danışan əhalinin hüquqları demokratik prinsiplərə uyğun olaraq qorunur. Bəyanatda qeyd olunan rusdilli vətəndaşlara gəldikdə isə, səlahiyyətli orqanlara ölkəmizdə onların hüquqlarının pozulması ilə bağlı bildirişlər daxil olmayıb”.

Popesku əlavə edib ki, Kişinyov “həm ölkənin yenidən inteqrasiyası (Dnestryanı üzərində nəzarətin qaytarılması), həm də Rusiya Federasiyası ilə dialoq çərçivəsində dialoqa əsaslanan dinc və diplomatik addımlara sadiqdir”.

1992-ci ildən, silahlı münaqişədən sonra, rusiyapərəst separatçıların nəzarəti altında olan, qondarma “DMR” ərazisində hazırda təxminən 1500 əsgəri olan qondarma “Rusiya sülhməramlı” kontingenti var. Kişinyov onun geri çəkilməsini və BMT-nin himayəsi altında mülki müşahidəçi missiyasının yaradılmasını tələb edir.

(DW)