Qazaxda seçki narazılıqları
İcra başçısı yerli məmurları “haqq-hesaba” otuzdurub
7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bununla bağlı artıq bütün ölkə ərazisində seçki hazırlıqlarına start verilib, siyasi qüvvələr öz namizədlərini müəyyənləşdirir, əhali intizarla 45 gün sonrakı seçimin nəticələrini gözləyir. İstər sıravi vətəndaşlar, istər siyasi müşahidəçilər, istərsə də beynəlxalq ekspertlərin mütləq əksəriyyətinin əminliyi o yöndədir ki, 7 fevral seçkilərinin şəriksiz qalibi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq.
Təbii ki, belə bir əminlik iqtidar komandasında məmnunluq yaradır, hazırkı Prezidentin yenidən seçiləcəyindən dolayı bir rahatlıq var. Amma bu əminlik o deməkdirmi ki, hər hakimiyyət mənsubu bundan istədiyi kimi yararlansın, camaatı incitsin, xalqı narazı salsın? Mövcud arxayınlıq ona rəvac verirmi ki, hansısa rayonun icra başçısı yerli idarə-müəssisə rəhbərlərini “haqq-hesaba” otuzdursun?
Bəlkə də, rəvac verir, biz bilmirik. Bircə ondan əminik ki, ölkə rəhbəri heç bir halda mərkəzi və yerli məmurlara xalqı incidəcək, vətəndaşları dövlətdən küsdürəcək, insanları öz liderlərindən narazı salacaq təlimat verməz və belə hallara göz yummaz.
Lakin görünən odur ki, heç də hər şey paytaxtdan göründüyü, görünmək istənildiyi, düşünüldüyü kimi deyil. Redaksiyamıza Qazax rayonundan daxil olan məlumata görə, artıq bu rayonda seçki narazılıqları başlayıb. Belə ki, Qazax Rayon İcra Hakimiyyətinin (QRİH) başçısı Rəcəb Abas oğlu Babaşov maraqlı seçki təlimatı verib.
Həmin təlimata görə, QRİH-in kəndlər üzrə hər icra nümayəndəsi 2, rayon üzrə hər məktəb direktoru 1, rayon üzrə hər bağça müdiri 1 seçki məntəqəsi qurmalı, onu öz büdcəsi hesabına təmir etdirməli, şərait yaratmalı və seçkilər bitənədək həmin məntəqənin bütün xərclərini öz cibindən ödəməlidir.
Bu təlimat rayon ictimaiyyəti və əmrə boyun əyməli olan icra nümayəndələri, direktor və müdirlər arasında ciddi narazılıq yaradıb. Vətəndaşlar əmindirlər ki, bütün bu xərclər üçün dövlət büdcəsindən lazımi vəsait ayrılıb, QRİH-in balansında da kifayət qədər maliyyə mövcuddur. Üstəlik, rayonun başçısı ölkədə ən varlı məmurlardan biridir (təkcə oğlunun sahib olduğu onlarla avtomobildən təkcə birinin dəyəri yarım milyon manatdır).
Belə olan halda, 500-600 manat arası maaş alan icra nümayəndələri, məktəb direktorları və bağça müdirləri niyə bir-iki illik əmək haqları məbləğində xərc çəkməlidirlər? Niyə dövlət vəsait ayırmalı, hansısa oliqarx onu mənimsəməli və əziyyətini orta statistik Azərbaycan vətəndaşı çəkməlidir?
Bunun “niyə”sini biz bilmirik, amma bilənlər bilir. Buyurub, bilənlər aydınlıq gətirsinlər...