Əmək pensiyaları ilə bağlı dəyişiklik
Staj hədiyyəsinin müddəti artırılıb
Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri dəyişib. “Avronews” xəbər verir ki, bu, “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Belə ki, “Əmək pensiyaları haqqında” Qanunda 2019-cu ilin əvvəlindən tətbiq olunan dəyişikliyə əsasən fərdi hesabında 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan pensiya yaşına çatan şəxsə avtomatik 25 il sosial sığorta stajı (pensiya hüququ qazanmaq üçün də minimum staj tələbi 25 ildir) hədiyyə edilir. Nəticədə o, hətta heç bir stajı olmadıqda belə, pensiya hüququ qazanır.
Hədiyyə edilən həmin 25 il sığorta stajının 2023-cü ilin əvvəlindən artıq hər il üçün 1 il azaldılması nəzərdə tutulurdu.
Məsələn, fərdi hesabında 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan şəxsə 2023-cü ildə artıq 25 il yox, 24 il, 2024-cü ildə 23 il, 2025-ci ildə 22 il və s. staj hesablanacaqdı və lazım olan minimum 25 illik stajın qalan hissəsi isə pensiya yaşına çatmış şəxsdən tələb olunacaqdı.
Təsdiqlənən yeni Qanun 25 il sığorta stajının hədiyyə edilməsi müddətinin 3 il uzadılmasını nəzərdə tutur. Yəni, qeyd edilən 25 il sığorta stajının hər il üçün 1 il azaldılması artıq 2023-cü ildən deyil, 2026-cı ildən tətbiq ediləcək.
Yaşlı əhaliyə humanist yanaşmanı göstərən bu islahat yaxın 3 ildə daha 30 minə yaxın şəxsin onlara 25 illik staj hədiyyə edilməsi nəticəsində pensiya hüququ əldə etməsinə, pensiya təminatının əhatəsinin daha da genişləndirilməsinə imkan verəcək.