Pay sahibləri gözdə-qulaqda olsunlar: ciddi prosesin astanasındayıq
Bu addımın atılması həm ulu öndərin ruhunu şad edər, həm də yüz minlərlə insana bayram sevinci yaşadar
2023-cü il mayın 10-da ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. “Heydər Əliyev ili” çərçivəsində ulu öndərin zəngin irsi, Azərbaycan qarşısında xidmətləri yad olunur, bununla bağlı silsilə tədbirlər keçirilir.
Sovetlər İttifaqından ayrılan və müstəqillik dövrünə qədəm qoyan, mürəkkəb bir şəraitdə taleyüklü qərarlar qəbul edən ulu öndərin ən vacib addımlarından biri də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı fərmanıdır. 1996-cı ildə imzalanmış fərmana əsasən, əhaliyə əvəzsiz olaraq hər biri dörd paydan ibarət özəlləşdirmə çekləri paylanıldı. Bu fərman vətəndaşların dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində iştirakına şərait yaratmalı, onları müstəqil Azərbaycan dövlətinin quruculuğu fonunda imtiyaz sahibi etməli idi.
Əhalinin maariflənmə səviyyəsinin aşağı olması, məmur oliqarxiyasının varlanmaq ehtirası bu mütərəqqi prosesin yarımçıq başa çatması ilə nəticələndi. Əhalinin bir qismi bu çekləri “qara bazar”da satışa çıxardı, bir qismi isə bu günə qədər qoruyub saxlayır.
2011-ci ildə isə tədavül müddətinin başa çatdığı elan edildi. Bununla da yüzminlərlə vətəndaşın əlində qalan özəlləşdirmə payları dəyərsiz kağız parçasına çevrildi. Və onlar bu gün də tarixi ədalətin bərpa olunacağı günü gözləyirlər.
“Heydər Əliyev İli”ndə müzakirə olunan əsas mövzulardan biri də əsası ulu öndər tərəfindən qoyulan bu mütərəqqi prosesə məntiqi yekun vurulması ilə bağlıdır.
Qanunvericilikdə aydın şəkildə qeyd olunur ki, özəlləşdirmə payları qiymətli dövlət kağızıdır və “Qiymətli kağızlar haqqında” qanunla tənzimlənir. Qanunda isə qiymətli kağızlar üçün müddət nəzərdə tutulmayıb. Yalnız buna sahib olan şəxslərin arzu və istəkləri əsasında satışa çıxarılması, hədiyyə olunması və digər məqamlar öz əksini tapıb. Bu xüsusda özəlləşdirmə çekləri üçün tədavül müddətinin başa çatdığının bəyan edilməsi Konstitusiya və qanunlara ziddir.
Daha bir məqam isə özələşdirilməyə çıxarılacaq dövlət əmlakının 65 faizinin ölkə vətəndaşlarına məxsus olması ilə bağlıdır. Hər bir özəlləşdirmə payı üçün inflyasiyadan qorunmaqla 2000 ABŞ dolları məbləğinin müəyyən olunması da qanunun tələbidir.
Yüzminlərlə ölkə vətəndaşı özəlləşdirmə paylarını bu gün də qoruyub saxlayır. Hər kəsi düşündürən sual da budur: proses necə tənzimlənməlidir? Dövlət Əmlak Komitəsinin 1996-cı il tarixli 222 saylı əmrinə əsasən, bir özəlləşdirmə payının qiyməti 2000 ABŞ dolları əmlak ekvivalentində nəzərə alınıb. Ötən dövr ərzində ölkədə dəfələrlə inflyasiya baş verdiyini nəzərə alsaq, bir özəlləşdirmə payının təxmini qiyməti 20 min ABŞ dolları təşkil etməlidir.
İkinci hesablanma qaydası isə real əmlak dəyəri ilə bağlıdır. “Özəlləşdirmə proqramları haqqında” birinci və ikinci qanunlarda qeyd olunub ki, özəlləşdirilməyə çıxarılacaq dövlət əmlakının 65 faizi vətəndaşlar arasında bölünməli idi. Hökumət yalnız 35 faiz əmlakı satışa çıxara bilərdi. Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı bu qaydadan da istifadə etməklə, prosesə məntiqi yekun vurula bilər.
Prezident İlham Əliyevin sərəncamı ilə dövlət qurumlarında şəffaf və optimal idarəetməni təmin etmək məqsədilə Azərbaycan İnvestisiya Holdinqi təsis olunub. Holdinqin əsas fəaliyyət istiqamətlərindən biri olaraq dövlət yükünün azaldılması, gəlir gətirməyən və dotasiyalar hesabına ayaqda qalan dövlət müəssisələrinin özəlləşdirilməsi nəzərdə tutulub.
Bütün bunlar əminliklə söyləməyə əsas yaradır ki, hökumət növbəti özəlləşdirmə dalğasına hazırlaşır. Neft sənayesi müəssisələrinin, əcnəbilərə icarə əsasında verilmiş müəssisələrin, universitetlərin, səhiyyə ocaqlarının, tədris müəssisələrinin özəlləşdiriləcəyi ehtimalını da bu sıraya əlavə etsək, kifayət qədər ciddi bir prosesin astanasındayıq.
Bu özəlləşdirmə prosesinə özəlləşdirmə paylarının cəlb olunması mühüm addım olardı. Burada isə qanuna müvafiq olaraq iki qayda tətbiq edilə bilər. Bunlardan birincisi nominalın inflyasiyadan qorunan, digəri isə əmlak dəyərinə görə aparılmalıdır. Müvafiq qurumların bu istiqamətdə hərəkətə keçməsi, qanunverici orqanla və iqtisadçılarla birlikdə təkliflər planı hazırlaması labüddür.
Ulu öndər Heydər Əliyev deyirdi ki, geci-tezi var, amma bir gün mütləq bu müəssisələr özəlləşdirməyə çıxarılacaq və ASC-lərin balansına keçəcək. Milli Məclisin deputatları, ictimai-siyasi, elm-mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, hüquqşünaslar, iqtisadçılar, əmlak ekspertləri dövlət rəhbərliyinə çağırışlar edir, çekləri əllərində qalan vətəndaşların taleyinə aydınlıq gətirməsini tələb edirlər.
Sosial şəbəkədə onminlərlə vətəndaşı özündə birləşdirən “Özəlləşdirmə Çekləri Qrupu” adından Prezident İlham Əliyevə açıq müraciət ünvanlanıb. Müraciət müəllifləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və “Heydər Əliyev İli” ilə əlaqədar olaraq dövlət başçısından tarixi qərar gözlədiklərini ifadə ediblər. Ulu öndərin xatirəsinə həsr olunan ildə belə bir qərarın verilməsi onun ruhunu şad etməklə yanaşı, yüz minlərlə insana bayram sevinci yaşadar.
Müəllif: Üzeyir Ələsgərli, hüquqşünas
Redaksiyadan qeyd:
Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.
Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.
Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.
Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.
Xüsusi qeyd
Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri - QANUNLA verilib!
Heyər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası ücün verdiyi və imzaladığı 450-li Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vədəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək ücün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.
(AYNA)