Yüksək vəzifəli məmurdan Azərbaycan bayrağına həqarət – FOTOFAKT

Yüksək vəzifəli məmurdan Azərbaycan bayrağına həqarət –

Bu, qanmazlıqdır, yoxsa təxribat? Qanmazlıqdırsa, biabırçılıq! Təxribatdırsa, adını siz qoyun...

Bu Xalq və bu Dövlət xaricdən və daxildən çox düşmənlə döyüşdü, vuruşdu. Xaricdən və daxildən çox zərbələr aldı, yaralandı, parçalandı, didildi. Ölüm nöqtəsinə gəldi, amma DİKƏLDİ! Qalib oldu!

Niyə? Çünki bu Xalq və bu Dövlət özünə, öz dəyərlərinə hamıdan çox hörmət edir, öz haqqını kimsəyə yedirmir, öz atributlarına və öz bayrağına sahib çıxmağı kimsədən öyrənmir. Bu Xalq və Bu Dövlət öz haqqının, öz dəyərinin, öz bayrağının hansı müqəddəslik kəsb etdiyini bütün dünyaya öyrədir və göstərir.

Çox uzaq keçmişə getməyə ehtiyac yoxdur. Son 3 ildə yaşadıqlarımız və dünyaya nümayiş etdirdiklərimiz yetər ki, Azərbaycan Xalqının və Azərbaycan Dövlətinin öz müqəddəslik zirvələrinə necə dəyər verdiyi, necə sahib çıxdığı isbat olunsun.

Bir anlıq xatırlayaq: Müzəffər Ali Baş Komandan 2020-ci ilin noyabrında Şuşanın işğaldan azad olunması xəbərini hansı FONDA xalqa çatdırdı? Müqədddəs üçrəngli bayrağın FONUNDA, deyilmi? Bəli!

Sonra noldu? Getdi Şuşaya, dizini atdı yerə (ki, İlham Əliyevə Azərbaycan Bayrağından başqa heç bir güc diz çökdürə bilməyib indiyədək) və o müqəddəs Bayrağı öpüb gözlərinin üstünə qoydu.

Daha sonra noldu? Çox mübahisələr, çox mücadilələr, çox mübarizələr yaşandı və sonda yenə bu Xalqın və bu Dövlətin istədiyi oldu – Müzəffər Ali Baş Komandan separatizmin yuvasını dağıtdıqdan sonra, ilk işi olaraq Üçrəngli Bayrağı öpdü, alnına qoydu və Xankəndinin tam mərkəzində dalğalandırdı.

Bax, biz belə Xalq və belə Dövlətik! Öz haqqına, öz dəyərlərinə, öz atributlarına, öz bayrağına sahib olan nümunəvi Xalq, Dövlət və Lider!

Və belə bir qürur, belə bir əzəmət, belə bir özgüvən yaşayarkən... qəfildən arzuolunmaz faktla üzləşirsən: əvvəl inanmırsan, sonra inanmaq istəmirsən, daha sonra özünü aldatmağa çalışırsan. Amma əlahəzrət fatkdan qaça bilmirsən.

Fakt səndən soruşur: aşağıdakı şəkilə diqqətlə bax, oradakı bayrağı tanıyırsanmı? Azərbaycanın belə bayrağı varmı? Bu, sənin bayrağındırmı?

Baxırsan ki, yox! Mənim bu formada bayrağım yoxdur! Mənim belə bir bayrağım yoxdur!

Mənim Bakıda, Şəkidə, Sumqayıtda, Gəncədə, Lənkəranda, Qusarda, Şuşada, Xankəndidə və s. ucaldılan Bayrağımın rəngləri belə ardıcıllıqla düzülməyib axı.

Ulu Öndərin İrana səfərlərindən birində belə bir təxribat olmuşdu 90-cı illərdə. O zaman Heydər Əliyev bayrağı tərsindən düzünə çevirib soxmuşdu mollaların gözünə.

Yaxşı, Qazaxda niyə belə bir biabırçılıq olsun ki? İransayağı... Bu, qanmazlıqdır, yoxsa təxribat?

Qanmazlıqdırsa, bunu sıradan bir rayon sakini edə bilər – savadsız və məlumatsız.

Amma...

Əgər bunu sıradan biri olmayan, böyük bir rayona rəhbərlik edən, hamıya ağıl verən, hər kəsə ərkan öyrədən, Qazağı Dövlət adına idarə edən, Qazaxda Dövlət imtiyazından yararlanıb “meydan sulayan” bir şəxs – Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov edirsə, bu fakta nə ad verməli?

Qanmazlıqmı? Xeyr! Belə qanmaz adam rayonun başında nə... gəzir?

Qalır ikinci variant! Və bu variant fəlakətdir!

Yeri gəlmişkən, Babaşov Qazaxda sünni-şiə ixtilafı salmaqla da məşğuldur.

Nəysə, buna Dövlət böyükləri qərar versinlər.

Biz isə Azərbaycan Bayrağının Qazaxdakı halını təqdim edirik (başçının və başçının başındakıların təqdimatında).

Əziz oxucu, özün Bayrağımızın rənglərinin düzülüşünə diqqət və qiymət ver.