Dostunu satdı, Putini hakimiyyətə gətirdi və müxalifətə keçdi
Rus siyasətinin, analitikasının nəhəngi Qleb Pavlovski kim idi?
Rusiyanın tanınmış politoloqu və siyasi strateq Qleb Pavlovski 72 yaşında vəfat edib. O, 1990-2000-ci illərdə Kremldə çalışıb, sonra onu tənqid edənlərdən birinə çevrilib.
“Vedomosti” qəzetinə Pavlovskinin ölümü ilə bağlı Ali İqtisadiyyat Məktəbinin yerli özünüidarəetmə şöbəsinin müdiri, dostu və həmkarı Simon Kordonski məlumat verib. Daha sonra Pavlovskinin fevralın 26-da Moskva hospitallarının birində ağır və uzun sürən xəstəlikdən sonra vəfat etdiyi barədə məlumat yayılıb.
1990-2000-ci illərdə Pavlovski Rusiya Prezident Administrasiyasının ən məşhur müşaviri, Effektiv Siyasət Fondunun yaradıcısı olub, Vladimir Putinin və Vahid Rusiya Partiyasının seçki kampaniyalarında iştirak edib. Pavlovski daha sonra Kremlin tənqidçisinə çevrilməzdən əvvəl onun məsləhətçisi kimi fəaliyyət göstərib.
O, Rusiyadakı siyasi rejimin ideoloqlarından biri hesab olunur, müəllifi Kremlin daxili siyasətinin keçmiş kuratoru Vladislav Surkov hesab edilən “suveren demokratiya” konsepsiyasının hazırlanmasında iştirak edib.
"O, bir çoxlarının praqmatizm kimi qəbul etdiyi intellektual dürüstlük; çoxlarının Makiavellizm kimi qəbul etdiyi psixoloji hadisələrin incə bir anlayışı; nəhayət, çoxlarının üfüqlərini dərk edə bilmədiyi üçün qeyri-müəyyən kimi şərh etdiyi həqiqətən strateji siyasi düşüncəyə malik idi”, - deyə Surkovun həmfikri Aleksey Çesnakov özünün “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, Pavlovski böyük ölçüdə “müasir rus siyasi dilini” və “müasir siyasi elita”nı yaradıb: “Şübhəsiz ki, həyatının sonunda alınan nəticələrin əhəmiyyətli bir hissəsini bəyənməyib”.
Kremllə əməkdaşlıq 2011-ci ilin aprelində başa çatıb - Prezident Administrasiyası onun rəhbərlik etdiyi Fondla müqaviləni ləğv edib. Pavlovski Putinin üçüncü müddətə namizəd olmaq qərarına qarşı çıxıb. Kremldən ayrıldıqdan sonra onun məmurlarını tənqid edib, tez-tez müstəqil mətbuatda çıxış edib və müxalifətin etiraz aksiyalarına qoşulub.
"O, heç də mələk deyildi, o, peşəkarcasına tsinik idi - bu, baxışların və inancların olmaması demək deyil. İnsanları və dostları qiymətləndirməyi bilirdi, səhvlərini və hətta öz xəyanətini etiraf etməyi bilirdi", - deyə politoloq Aleksandr Kınev “Telegram” kanalında yazıb.
"Analitikada bu böyüklükdə nəhəng yoxdur. O, analitikanı təqdim etməyi və satmağı bilirdi, lakin analitikanı bir növ şou-biznesə çevirməyib. O, heç vaxt arzu etdiklərini həqiqət kimi qələmə verməyib", - deyə Kınev davam edib.
Pavlovski 5 mart 1951-ci ildə Odessada anadan olub. 1974-cü ildə o, Yabloko Partiyasının gələcək həmtəsisçisi Vyaçeslav İqrunovdan qadağan olunmuş "QULAQ arxipelaqı"nı oxumağa götürəndə DTK-nın diqqətini çəkib və İqrunovun əleyhinə ifadə verib - lakin o, məhkəmədə onlardan imtina edib.
İqrunov onu günahlandırmadı: "Pavlovski məhkəmədə özünü kifayət qədər qətiyyətlə apardı. Amma çoxları üçün bu, fakt olaraq qaldı: o, dostuna xəyanət etdi. Mən belə hesb etmirəm”.
Pavlovski 1970-ci illərdən dissident hərəkatında iştirak edib, “Poiski” jurnalının redaksiya heyətinin üzvü olub. 1982-ci ilin aprelində Moskvada həbs olunub, bir ilə yaxın Butırka həbsxanasında qalıb. 1985-ci ilin dekabrına qədər Komidə sürgündə olub.
Moskvaya qayıdan Pavlovski tezliklə “Sosial Təşəbbüslər Klubu”nun yaradıcılarından biri olub. 1990-cı illərdə o, "Fakt" kooperativinin yaradıcılarından biri olub - hansının ki əsasında Vladimir Yakovlev "Kommersant" qəzetini yaradıb.
1991-1992-ci illərdə “Kommersant” nəşriyyatının idarə heyətinin sədr müavini olub. 1994-1995-ci illərdə rüblük “Hakimiyyətin hədləri”nin redaktoru və naşiri, 1995-1996-cı illərdə “Sreda” jurnalist icmalının təsisçisi və redaktoru olub.
1995-ci ildə Pavlovski Putinin 2000-ci il prezidentlik kampaniyasını inkişaf etdirən Effektiv Siyasət Fondunu təsis edib. Siyasi strateq 2004-cü ildə Ukraynada Viktor Yanukoviçin seçki kampaniyasında da iştirak edib.
2005-ci ilin oktyabrından 2008-ci ilin aprelinə qədər NTV-də Kremlin siyasətini təbliğ edən “Real Siyasət” verilişinin aparıcısı olub. Və son illərdə o, “Dojd” telekanalının (Rusiyada “xarici agent” elan olunub) efirinin daimi qonağı olub, orada hakimiyyəti tənqid edib.
(BBC)