Dünya nəhəngi ixtisara gedir: 10 min nəfər işini itirəcək və...
Şirkətin yenidən təşkili və işdən çıxarılanların kompensasiyası üçün 1,2 milyard dollar xərclənəcək
“Microsoft” bu yaxınlarda kütləvi ixtisar edən bir sıra texnologiya şirkətlərinin sırasında sonuncudur. Amerika kompüter nəhəngi 10 000 nəfər əməkdaşını və ya bütün dünya üzrə işçilərinin 5%-ni ixtisar edəcək. Ehtimal olunur ki, şirkətin yenidən təşkili və işdən çıxarılanların kompensasiyası üçün 1,2 milyard dollara qədər vəsait xərcləməli olacaq.
“Microsoft”un Baş direktoru Satya Nadellanın sözlərinə görə, COVID-19 pandemiyası zamanı müştərilər şirkətin məhsullarına pul xərcləməyə hazır idilər, lakin indi daha çox təmkin nümayiş etdirirlər. Eyni zamanda, Nadella ümid etdiyini bildirib ki, bir çox ölkələrin artıq yaşadığı və ya gözlədiyi iqtisadi tənəzzülə baxmayaraq, süni intellekt sahəsində yeni nailiyyətlər özləri ilə kompüterləşmənin yeni dalğasını gətirəcək.
“Microsoft” indiyədək ən qabaqcıl “ChatGPT” (Generative Pre-trained Transformer) chatbotunu yaradan “OpenAI” şirkətinə çoxmilyardlıq dollarlıq sərmayə qoymağı düşünür. Bu yaxınlarda, dünyanın ən böyük şirkətləri də daxil olmaqla, yüzlərlə texnologiya şirkəti kütləvi ixtisarları elan etdi.
Onların arasında:
“Amazon” xərcləri azaltmaq məqsədilə 18 000-dən çox işçini ixtisar etməyi planlaşdırdığını açıqladı ki, bu da şirkətin tarixində ən böyük ixtisardır. Dünyada milyon yarım insanı işlədən onlayn nəhəngi əsas ixtisarların hansı regionlarda olduğunu dəqiqləşdirməsə də, Avropanın da onların arasında olacağını təsdiqləyib. Əsas ixtisarlar satış və kadrlar şöbələrində olacaq.
Noyabrın əvvəlində “Facebook” sosial şəbəkəsinin sahibi olan “Meta” şirkəti kütləvi ixtisarlara başlayıb. “Meta”nın rəhbəri Mark Zukerberq 11 min işçinin və ya onların ümumi sayının 13%-ni ixtisar etdiyini açıqlayıb. Bu, təkcə texnologiya sektorunda deyil, ümumilikdə Amerika şirkətlərində 2022-ci ilin ən kütləvi ixtisarlarından biridir.
“COVID-19 pandemiyası bir çox texnoloji şirkətlər üçün təkan verdi”, - deyə Zukerberq söyləyib.
Lakin 2022-ci ilin sonuna qədər “Meta”nın qazancı proqnozlaşdırılandan xeyli aşağı idi.
Təxminən eyni zamanda eyni problem “Twitter” sosial şəbəkəsi ilə də baş verdi. İlon Maskın nəzarətinə keçdikdən sonra şirkətdə kütləvi ixtisarlar başladı. “Twitter”in 8000 əməkdaşının hər birinə öz qərarları barədə e-məktub göndərilib. “Twitter” işçilərinin təxminən yarısının işsiz olduğu təxmin edilir.
Evdən işləməyə məcbur olan insanların sayının artması səbəbindən “Microsoft”un işi pandemiya zamanı çiçəkləndi.
2021-ci ilin iyunundan 2022-ci ilin iyununa qədər şirkətin işçi qüvvəsi təxminən 40.000 artaraq 221.000 nəfər tam ştatlı işçiyə çatdı ki, o cümlədən 99.000-i ABŞ-dan kənardadır.
Lakin ötən ilin sonuna doğru mənfəət artımı yavaşladığı üçün ixtisarlara ehtiyac yaranıb. 10 000 iş yerinin ixtisarının 2023-cü ilin üçüncü rübünün sonuna qədər başa çatdırılması gözlənilir.
(BBC)