Ruslar yeni “iz” tapıblar: Duqinanın qətlinin ucu haralara aparır

Ruslar yeni “iz” tapıblar: Duqinanın qətlinin ucu haralara aparır

“O, Estoniya üzərindən Rusiyaya gəlib və Daryanın avtomobilinin partladılmasından bir gün əvvəl Rusiya ərazisini tərk edib”

Tanınmış filosof, qatı rus millətçisi Aleksandr Duqinin qızı, jurnalist Darya Duqinanın qətlinin hazırlanmasında iştirak edən daha bir şəxsin Ukrayna vətəndaşı olduğu iddiası yayılıb. Bu barədə avqustun 29-da Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə əlaqələr mərkəzi açıqlama yayıb.

Sən demə, Natalya Vovkla birgə jurnalistin Moskvadakı qətlini “Ukrayna təxribat-terror qruplaşmasının digər üzvü” - Duqinanın avtomobili partladılmışdan bir gün əvvəl Rusiyanı tərk edən, 1978-ci il təvəllüdlü Boqdan Tsqanenko hazırlayıb.

"O, 2022-ci il iyulun 30-da Estoniya vasitəsilə tranzitlə Rusiyaya gəlib və Darya Duqinanın partladılmasından bir gün əvvəl Rusiya ərazisini tərk edib", - deyə məlumatda iddia olunur.

Tsqanenkonun Vovka saxta dövlət nömrələri və Qazaxıstan vətəndaşı Yuliya Zaykonun adına verdiyi sənədləri dəqiqləşdirilir. Həmçinin o, guya ki, Vovk ilə birlikdə Moskvanın cənub-qərbində icarəyə götürdüyü qarajda əldəqayırma partlayıcı qurğu yığıb.

Hazırda ukraynalı Natalya Vovk axtarışa verilib. Onun cinayətdən sonra getdiyi Estoniyada gizləndiyi ehtimal edilir. İstintaq Komitəsi jurnalistin qətlində başqa şəxslərin də əli ola biləcəyini etiraf edib. Onların şəxsiyyətləri müəyyən edilir.

Xatırladaq ki, jurnalist və politoloq Darya Duqina (Platonova) avqustun 20-də axşam saatlarında vəfat edib. Həmin gün o, atası filosof Aleksandr Duqinlə birlikdə iştirak etdiyi “Tradition” ədəbi-musiqi festivalından, Moskva vilayətinin Zaxarova kəndindən “Toyota Land Cruiser” markalı avtomobillə Moskvaya gedirmiş.

Saat 21:35 radələrində Bolşye Vyazemi kəndi yaxınlığındakı Mojayskoe şossesində avtomobil tam sürətlə partlayaraq aşıb və yanıb. 30 yaşlı qız dərhal dünyasını dəyişib. Darya Duqina ilə vida mərasimi avqustun 23-də Ostankino televiziya mərkəzində keçirilib.

(iz.ru)