Rusiyada hərbi komissarlığa silahlı hücum: komissar güllələnib - FOTO
Hadisəni törətməkdə şübhəli bilinən Ruslan Zinin adlı şəxs saxlanılıb
Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində hərbi komissarlığa silahlı hücum olub. “Avronews” rus “Telegram” kanallarına istinadən xəbər verir ki, atəş açılması nəticəsində hərbi komissar ölüb. Hadisəni törətməkdə şübhəli bilinən Ruslan Zinin adlı şəxs saxlanılıb.
İrkutsk vilayətinin qubernatoru İqor Kobzev Ust-İlimsk şəhərində baş verən silahlı insidenti təsdiqləsə də, hərbi komissar Aleksandr Vladimiroviç Yeliseyevin ağır yaralandığını, lakin ölmədiyini bildirib.
“Hərbi komissar hazırda reanimasiyadadır, həkimlər onun həyatı uğrunda mübarizə aparırlar. Hərbi komissara atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb və qanun qarşısında cavab verəcək”, - deyə qubernator vurğulayıb.
Məlumata görə, hərbi komissarı güllələyən 25 yaşlı şəxs Ust-İlimsk şəhər sakinidir. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin uyğun maddələri üzrə cinayət işi başlanıb. Hadisə yerində araşdırma aparılır.
Qeyd edək ki, Rusiyada sentyabrın 21-də qismən hərbi səfərbərlik elan olunub.