Rusiya PUA-larının gizli “trayektoriyası”

Rusiya PUA-larının gizli “trayektoriyası”

Ukraynanı bombalayan dronların komponentləri Qərbdən alınırmış

Ukraynaya qarşı müharibə üçün “Orlan-10” pilotsuz təyyarələri istehsal edən Sankt-Peterburq şirkəti ABŞ, Çin və Rusiyadakı vasitəçi firmalar vasitəsilə Qərb sanksiyalarından yan keçərək xarici komponentlər alır. Bu barədə 15 dekabrda “Reuters” və Britaniya Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) birgə araşdırma materialında qeyd edilir.

Rusiya 2014-cü ildən Ukraynada “Orlan”dan istifadə edir. Araşdırmaçıların müəyyən etdiyi kimi, dron əsasən xarici şirkətlərin – “American Altera”, “Xilinx”, “Texas Instruments”, “Microchip Technology”, “Analog Devices”, “Linear Technology”, “European STMicroelectronics” və “NXP Semiconductors”, Yaponiyanın “Renesas Electronics” və “Saito Seisakusho” tərəfindən istehsal olunan komponentlərdən yığılıb.

“Orlan”ın Rusiyada istehsalını 2016-cı ildən “QRU-ya elektron kəşfiyyatın aparılmasında köməklik göstərdiyinə” görə ABŞ sanksiyaları altında olan “Xüsusi Texnologiyalar Mərkəzi” (STC) Sankt-Peterburq şirkəti həyata keçirir. Araşdırmaya görə, STC üçün xarici komponentlərin əsas tədarükçüsü “SMT-Ailogic” şirkətidir. Şirkət yanvar-oktyabr aylarında 25,7 milyon dollarlıq məhsul idxal edib.

Təchizatçılar və vasitəçilər

“SMT-Ailogic” öz növbəsində xarici komponentlərin əsas hissəsini Kanadanın Toronto şəhərində yaşayan rusiyalı Aleksandr Trofimova məxsus Honq-Konqun “Asia Pacific Links” şirkətindən alır. Jurnalistlərin öyrəndiyi kimi, 2017-ci ildən etibarən “Asia Pacific Links” şirkəti “SMT-Ailogic”-i 12 milyon dollar dəyərində komponentlərlə təchiz edib. Bu məbləğin təqribən yarısı Rusiyanın Ukraynaya təcavüzünün başlanmasından sonrakı dövrə aiddir.

Bu zəncirdə amerikalı vasitəçi Rusiya və ABŞ vətəndaşı Aleks Stanton kimi tanınan İqor Kajdana məxsus “Ik Tech” şirkətidir. 2018-ci ildən 2021-ci ilə qədər “Ik Tech” Rusiyaya 2,2 milyon dollar dəyərində mal tədarük edib. Onların 90 faizindən çoxu “SMT-Ailogic”-in sifarişlərinə düşüb. Bu elementlər arasında “Gumstix” tərəfindən istehsal olunan, təxminən 1400 prosessor modulu var idi. Belə komponentlər Ukraynada vurulan rus “Orlan”ında tapılıb.

“İxrac nəzarəti qaydalarının pozulması cinayət məsuliyyətinə səbəb olur. Eyni zamanda, tədarük üçüncü ölkədəki vasitəçidən keçərsə və komponentlər ixrac nəzarətinə tabe deyilsə, istehsalçılar demək olar ki, risk etmirlər”, - deyə araşdırma müəllifləri qeyd edirlər.

(DW)