Başsız ailələr ölkəsi: stress, gecə hönkürtüləri, qərarsızlıq

Başsız ailələr ölkəsi: stress, gecə hönkürtüləri, qərarsızlıq

“İsteriyaya başlayırlar, qışqırırlar, gecələr ağlayırlar”

Moskvalı Yekaterina Filimonova əri Yaroslav Leonov Vladimir Putinin elan etdiyi səfərbərlikdən gizlənərək, sentyabrın sonunda Rusiyanı tərk etdikdən sonra üç uşaqla tək qalıb. Yaroslav ertəsi gün qatarla Qazaxıstan sərhədinə gedib, daha sonra velosipedlə sərhədi keçib. Pproqram tərtibatçısı olan Yaroslav oradan Belqrada köçüb.

34 yaşlı Yekaterina deyir: "Əlbəttə, mən belə olacağını gözləmirdim. O getdi və ertəsi gün mən xəstələndim. O qədər stress keçirdim ki, bir ay sağala bilmədim".

“İlk ay çox kədərli idi. Mənim üçün çox çətin idi, uşaqlar üçün də çətin idi. Əsəbiləşəndə ​​onlar isteriyaya başlayırlar, qışqırırlar, gecələr ağlayırlar. Və anladım ki, özümü toparlamalıyam”, - qadın danışır.

Rəsmi statistika olmasa da, müxtəlif hesablamalara görə, on minlərlə, hətta yüz minlərlə rusiyalı Ukraynada müharibəyə getmək istəməyərək Yaroslavla eyni seçimi edib. Kimisi ailəsi ilə, kimisi də arvad-uşaqlarını qoyub gedib.

Videozəng vasitəsilə yuxu vaxtı nağılları

Yaroslav Leonov deyir ki, Ukraynaya göndəriləcəyindən qorxaraq, getməkdən başqa çarəsi yox idi. “Mən rus ruletkası oynamaq istəmirdim”.

Serbiyanın paytaxtında o, fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzü başlayanda Rusiyanı tərk edən riyaziyyat professorlarından biri ilə görüşüb. İndi birlikdə mənzil kirayələyirlər. Yaroslav da rusiyalı işəgötürən üçün uzaqdan işləməyə davam edir.

Bütün bunlar ayrılıq ağrısını səngitmir. "Uşaqlarla uzaqdan oynamaq narahatdır", - deyə Yaroslav şikayətlənir.

Moskvada rahat bir mənzildə Yekaterina oğullarını kompüter ekranı qarşısına toplayır ki, ata yatmazdan əvvəl videozəng vasitəsilə onlara nağıl oxusun. Yaroslav deyir: "Ümid edirəm ki, övladlarım atalarının burada olduğunu, onları hətta Belqraddan da çox sevdiyini başa düşürlər".

Vladimir Putin səfərbərliyi dayandırdığını elan etsə də, qaçanların çoxu ikinci dalğadan qorxur və buna görə də geri qayıtmaq istəmir.

"Bütün yük qadınların çiyninə düşür"

Anaları dəstəkləyən xeyriyyə istiqamətli QHT-nin həmtəsisçisi Anastasiya Arseniçeva təsdiq edir ki, səfərbərlik elan edildikdən sonra onun təşkilatına getdikcə daha çox zənglər gəlir: “Bir çox qadınların özləri bunu “ölüm-dirim” məsələsi hesab edərək, partnyorlarına xaricə getməyi məsləhət görsələr də, indi onların çoxu dərddədir”.

Yaroslav Leonov həyat yoldaşını və uşaqlarını maddi cəhətdən dəstəkləməyi bacarır, lakin bir çox başqa ailələrdə vəziyyət fərqlidir.

Arseniçeva deyir: "Əsas gəlir mənbəyi kişilər olan ailələrin indi necə yaşayacağı bəlli deyil. Qadın hər şeyi öz üzərinə götürməlidir".

32 yaşlı moskvalı Aleksandra əri əvvəlcə Tacikistanın kiçik bir şəhərinə, sonra isə Özbəkistana getdikdən sonra tez ayaq üstə qalmağın yolunu tapmalı oldu. Bundan əvvəl Aleksandranın az gəlir gətirən bir neçə toxuculuq layihəsi var idi, lakin o, vaxtının çoxunu yeddi yaşlı qızı ilə keçirirdi.

"O gedəndə hər şey mənim üstümə düşdü. Ailə büdcəsi çökdü. Biz özümüzü təmin etməyi unutmuşduq, amma indi başqa çarəmiz yoxdur”, - deyir qadın.

Buna görə də Aleksandra daha çox sifariş almağa başladı, o cümlədən Yeni il üçün 200 oyuncaq sifarişi. Daha çox qadın işə götürməli oldu. O, təmir etdiyi mebelləri də internet vasitəsilə yenidən satır.

Gənc qadın kişilərin xaricə axınına rəğbət bəsləyir, lakin qeyri-müəyyənliyə və çətinliklərə baxmayaraq, özünün vətənində  qalmaqda qərarlı olduğunu deyir: "Mən rusiyalıyam. Rusiyada yaşamaq istəyirəm. Heç vaxt ayrılmaq istəməmişəm".

(Euronews)