Satan başçı: bircə şəhidlik qalmışdı... - FOTO, VİDEO
Torpağı satdı, daşı satdı... və keçdi mənəviyyata, milli-mənəvi dəyərlərə
Respublikanın strateji bir rayonunda qanunsuzluq, dövlətə və xalqa hörmətsizlik artan xətlə davam edir. Dələduz bir icra başçısının əlində əsir-yesir qalan camaat öz Vətənindən, Dövlətindən, Dəyərlərindən hər gün daha artıq küskün düşməkdədir.
Təbii ki, söhbət Qazaxdan gedir. Və Qazaxda quldur, kriminal, korrupsioner, xunta rejimi qurmuş Rəcəb Abas oğlu Babaşovdan – keçmiş vergilər naziri Fazil Məmmədovun gizli maşası, Dəmir Yolları İdarəsinin sabiq rəhbəri Cavid Qurbanovun gizli-aşkar əlaltısı və 8 ildir Qazax boyda rayonu Dövlətə küskün salan bir yaramazdan gedir söhbət.
O yaramazdan ki, Qazax rayonunda satmadığı qalmadı – torpağı satdı, daşı satdı, parkı satdı, səkiləri satdı, şəhid yadigarlarını satdı, mədəniyyət nümunələrini satdı... və keçdi mənəviyyata, milli-mənəvi dəyərləri satdı.
(QEYD:
Cari ilin oktyabrında Qazax rayonunun kəndlərindən birində olduqca xoşagəlməz bir hadisə baş verib (hadisənin təfərrüatını hələlik açıqlamırıq). Və rayonun quldurbaşı bu faktdan sui-istifadə etməyə başlayıb: əvvəlcə milli-mənəvi dəyər qoruyucusu qismində atıb-tutub, sonra tam əksindən çıxış etməyə başlayıb – milli-mənəvi dəyərləri satışa çıxarıb. Nəticədə aldığını aldıqdan sonra (rəqəmi də bilirik və açıqlayacağıq) ictimai əxlaqsızlığın qarşısından yanına keçib - əvvəlcə söydüyünün sevdiyinə (KEŞİKÇİSİNƏ) çevrilib – detallları açıqlayacağıq).
Beləliklə, bu mənəviyyatsız məmur üçün heç bir dəyər, əxlaq, şərəf, Vətən sevgisi, Dövlət təəssübkeşliyi (dövlət başçısının daşıdığı bütün bu ülvi hissləri əxz etməyən məmura nə ad verəsən – ailəsindən görmüş...) yoxdursa, onun satmayacağı, satılmayacağı mümkünmü?
Təsəvvür edin ki, adamın şəhidliyə, şəhidlərə belə, sayğısı yoxdur! Onların da yerini (torpaqlarını yox ha, məqamlarını) satırmış xuntabaşı.
“Qazaxlılar” qrupunun paylaşdığı bir məlumatdan sitat:
“Yerdən qalxan uşaqlar da şəhidlərini tanıyır, unudulmağa qoymur. Amma bizim rayonda Qazax Rayon İcra Hakimiyyəti Elmar adlı sahibkarla anlaşıb dirəklərə şəhidlərin şəkillərinin yerinə şirkətin reklam lövhələrini vurub”.
Məlumat giley üzərində qurulub. Və qrupun məlumatında paylaşılan müsbət foto-video görüntülər də başqa rayona aiddir – Qazağa deyil. Qazax rəhbərliyində şəhid ruhuna hörmət nə gəzir?!
(Başqa rayona aid olan video aşağıda, Qazağa aid olan fotolar isə yazının ən sonunda)
Və məlumatda davam edilir:
“Başqa rayonlarda da sahibkarlar var, onlar da istəsələr, şəhid şəkilləri yerinə öz reklamlarını vurarlar, amma vurmurlar, çünki anlayırlar ki, onlar pul qazanırlarsa, o şəhidlərin sayəsindədir”.
Görünən dağa nə bələdçi?!
Belə çıxır ki, Qazağa rəhbərlik edən(lər)də bütün milli hisslər, mənəvi dəyələr, Vətən sevdası, Dövlət ərkanı, Millət təəssübkeşliyi... ÖLÜB!
Və kriminal rejimin lideri Rəcəb Babaşov bu cür ülvi duyğuları Qazax şəhərinin alayarımçıq asfaltlanmış (1 000 000 manata) küçələrinin altına dəfn edib.
(Əlimizdə o bir milyonluq yeyinti haqda da faktlar var – açıqlayacağıq).