İntihar edən qazi torpağa tapşırılıb və yas mərasimində iştirak edən başçı deyib ki...

İntihar edən qazi torpağa tapşırılıb və yas mərasimində iştirak edən başçı deyib ki...

Vətən müharibəsinin iştirakçısı, mərhum Elvin Cəfərovun 2 azyaşlı övladı qalıb

Sabirabad Rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıran, aldığı xəsarətlərdən bu gün səhər saatlarında xəstəxanada vəfat edən Vətən müharibəsi qazisi Elvin Cəfərov dəfn edilib. “Avronews” xəbər verir ki, mərhum doğulduğu Sabirabad rayonunda torpağa tapşırılıb.

Qeyd edək ki, Vətən müharibəsi qazisi, 3-cü qrup əlil Elvin Cəfərov iyulun 10-da özünü yandırıb. Bu addımı atmazdan öncə o, internet TV-lərə verdiyi açıqlamada Sabirabad Rayon İcra Hakimiyyətini laqeydlikdə ittiham edib, icra başçısının qəbulunu düşə bilmədiyini vurğulayıb.

35 yaşlı qazi intihara cəhddən sonra ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Mərhum Elvin Cəfərovun 2 azyaşlı övladı qalıb.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov intihar edən qazinin yas mərasimində iştirak edib. Bununla bağlı sosial şəbəkələrdə videokadrlar paylaşılıb. İnternet TV-lərə açıqlama verən Siraqəddin Cabbarov qazinin intiharı ilə bağlı İcra Hakimiyyətinə yönələn ittihamları qəbul etməyib.

İcra başçısı deyib ki, mərhum Elvin Cəfərovu dəfələrlə qəbul edib və onun tələbləri yerinə yetirilib: “Son hallardan isə mənim ümumiyyətlə, xəbərim olmayıb. İstər icra nümayəndəliyi, istər bələdiyyə tərəfindən nə tələbi olubsa, hamısı imkan daxilində həyata keçirilib. Daim qayğıda olan qazilərdən biri də Elvin Cəfərov olub”.