Cəsur başçı meydan oxudu: “Arxamda Cavid Qurbanov dayanıb”
Rəcəb Babaşov: “Ailəyə ondan yaxın olan adam yoxdur, nə etmişəmsə, onun əmri ilə etmişəm, başqa heç kim vecimə deyil”
Qazax Rayon İcra Hakimiyyətinin (QRİH) başçısı Rəcəb Abas oğlu Babaşov Respublika ictimaiyyətini təəccübləndirməkdə davam edir. Belə ki, ötən günlərdə ölkə mediasında tirajlanan “Ağzından süd iyi gələn uşaqları yüksək vəzifələrə təyin edirlər...” başlıqlı yazı QRİH-də müzakirə olunub. Amma başçı “vecimə də deyil, yazılanlara münasibət bildirməyin” deyə Aparat işçilərinə təlimat verib.
Birinci qeyd:
Sözügedən yazıda Babaşovun Prezidentin gənc kadr təyinatlarına açıq etiraz etdiyi bildirilirdi. Başçının Prezident tərəfindən yenilənmə, islahat, müasirləşmə çağırışlarına və qərarlarına üsyanı ifadə olunurdu.
Sitat: “Təcrübəsiz, idarəetmə qabiliyyəti olmayan, ağzından süd iyi gələn uşaqları yüksək vəzifələrə təyin edirlər. Mənə çatmır də! Qəbul etmirəm belə təyinatları!”.
QRİH başçısı cəsarətlə bəyan edirmiş ki, onu YUXARIdan aldadıblar: “O zaman mənə demişdilər ki, sən Qazağa müvəqqəti göndərilirsən, bir az oralarda başını qat, daha yüksək vəzifəyə gətiriləcəksən. Amma 2016-cı ilin mayından məni atıblar bu bataqlığa, yada salan da yoxdur. Bu 8 ildə uşaq-muşağı yüksək postlara gətirdilər, mənə verdikləri sözü tutmadılar. Deməli, mənim başımın altına yastıq qoyublar, ya da istəyiblər ki, pul xərcləyim”.
İkinci qeyd:
“Ağzından süd iyi gələn uşaqları yüksək vəzifələrə təyin edirlər...” başlıqlı yazıda belə bir məqam da yer alır:
“Bu cəsarətli məmurla bağlı rayon camaatı daha bir maraqlı faktdan danışır. Azərbaycanda tərif təəccüblü məsələ deyil, amma bəllidir ki, bu təriflərin bəlli ünvanları var və həmin ünvanların buna haqqı çatır. Məsələn, dövlət başçısı gördüyü böyük işlər, misilsiz xidmətlər qarşılığında, ən azından, Qarabağ zəfərinin memarı olaraq tam haqq edir ki, xalqı tərəfindən xoş sözlər eşitsin. Bəs, Babaşov hansı haqqın sahibidir ki, şanını ucaltmaqla məşğul olsun? Bütün toplantılarda, görüşlərdə, kef məclislərində insanlar bir-bir ayağa qalxıb bunu mədh etməyə məcbur və məhkumdurlar. Artıq Qazaxda Prezident barədə xoş söz demək, iclaslarda dövlət başçısının xidmətlərindən danışmaq təcrübəsi arxivə göndərilib. Varsa-yoxsa, Rəcəb Babaşov! Ancaq onu mədh etməli, başqa rayonların icra başçılarını pisləyib bunu tərifləməli və “Allah sizi başımızdan əskik etməsin” duasını dilindən düşürməməlisən”.
Üçüncü qeyd:
Ölkə mətbuatında kütləvi tirajlanan sözügedən məqalənin ardınca Rəcəb Babaşovla bağlı növbəti ilginc məlumat yayılıb. “İşğaldan azad ediləcək kəndləri belimə yükləyəcəklər” başlıqlı həmin məqalədən sitat:
“Noyabrın 30-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax istiqamətində iki dövlətin səlahiyyətli şəxsləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edib. Tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər. Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi reqlamentinin mətni ilkin olaraq razılaşdırılıb”.
Məqalə belə davam edir:
“Bilirsiniz, bütün bunlar nə deməkdir? Vaşinqton, Brüssel, Moskva formatlarına qarşı Azərbaycan Prezidentinin irəli sürdüyü formatın – vasitəçisiz görüşün təşkili, tərtibi, təmini. Bunu ancaq İlham Əliyev bacara bilərdi – O da bacardı! Azərbaycan Dövləti bacardı! Amma... Bu dövlətdə hər kəs İlham Əliyev kimi düşünürmü? Hər kəs İlham Əliyev qədər DÖVLƏTçi, DÖVLƏT sevdalısı, DÖVLƏT təəssübkeşidirmi? Elə olsaydı, nə vardı ki...? Dövlət gül-gülüstan olardı. Bu dövlətin içində korrupsionerlərin, möhtəkirlərin olması sirr deyil. Bunu dəfələrlə dövlət başçısı şəxsən dilə gətirib və elələrinin də cəzalarını verib – qara maskalılar öz işlərini görüblər. Bəs, içimizdə, dövlətin içində xainlər, anti-milli ünsürlər varmı-yoxmu? Bu haqda olduqca diqqətçəkən və ürəkağrıdıcı məlumat əldə etdik”.
Və qeyd olunan ürəkağrıdıcı fakt:
“Noyabrın 30-da keçirilən mühüm görüşün təşkilatçılığına əsas məsul olan şəxs – Qazax Rayon İcra Hakimiyyətinin (QRİH) başçısı Rəcəb Babaşov görüşdən bir neçə öncə ağlasığmaz fikirlər səsləndirib. Heç kimdən qorxmadığını dəfələrlə nümayiş etdirən başçı bu barədə orta miqyaslı bir toplantıda danışıb. Babaşovun həmin toplantıda dilə gətirdiyi və birinci müavini Məhəmməd Alıyevin yaxın çevrəsinə “sızdırdığı” açıqlamaya diqqət: “Yaxında Qazağın işğaldakı 7 kəndi azad ediləcək. Sonra həmin kəndlərdə yenidənqurma, bərpa, abadlıq işlərinə başlanılacaq, pullar xərclənəcək. Kimin hesabına? Mənim! Mənim cibimin! Pulları mənə xərclədəcəklər. O kəndləri mənim belimə yükləyəcəklər”.
Yenə həmin toplantıda Babaşovun fikirlərinin davamı:
“Məni burda 8 ildir çürüdürlər, xərclədirlər. Guya, mən bilmirəm ki, məni hələ də niyə saxlayırlar burda? Mən Fazil Məmmədov məktəbi keçmişəm, yuxarıdakıların planlarını gözəl bilirəm. Bilirəm ki, ermənidən aldıqları kəndlərin altında mən qalacam, ona görə məni burda saxlayırlar. Hələ Cavid Qurbanovdan xəbər gözləyirəm...”.
Məqalə belə yekunlaşır:
“Təsəvvür edirsiniz? Fərqi təsəvvür və idrak edirsiniz? Ölkə rəhbəri ilə rayon rəhbərinin hədəflərinin, arzularının, niyyətlərinin fərqinə baxın! Biri torpağı geri alır, Vətəni qurtarır, məmləkətə suverenlik bəxş edir, canını-qanını ortaya qoyur, daxili-xarici düşmənlərlə vuruşur, ölkəsinin abadlığı üçün fədakarlıq mücəssiməsinə çevrilir! Digəri isə... pul dərdi çəkir. Həm də bu məmləkətdən oğurladığı pulların dərdini. Bu məmləkətdən oğurladığı pulları bu məmləkətə xərcləməməyin dərdini. Və bir də maraqlı sual: Babaşov “məni yükləyəcəklər” deyərkən nəyi nəzərdə tutur – bu dövlət hüquqi, demokratik dövlət deyilmi?”.
Dördüncü qeyd:
Gəlirik yekuna ki, bütün bu gizlinlər ictimailəşəndən sonra Rəcəb Babaşovun reaksiyası necə olub. Necə olmalıdır? Qorxmalıdır, deyilmi? Hürkməlidir! Bu boyda dövləti xəyanətinin qarşılığının hansı cəza olduğunu anlamalı və altını batırmalıdır...
Amma xeyr! Adamın heç vecinə də deyilmiş bu alçaq davranışlarının ölkə miqyasında yayılması və YUXARIYA gedib çatma ehtimalı. Heç vecinə də deyilmiş ki, onu ora təyin edən KİŞİ yaxasından yapışa bilər ki, “ay dələduz, sən nə hoqqalardan çıxırsan”.
Bəli, vecinə deyilmiş bütün bu qara-qura işlər, o qara-qura işlərin işıqlanması, millətə və dövlətə xəyanətinin ortaya çıxması. Çünki...
“Çünki”nin “niyə”sini anlamaq üçün QRİH-də yaşananlara diqqət etmək lazımdır. Biz də ona diqqət çəkəcəyik. Maraqlıdır, yuxarıda bəhs edilən iki məqalədən sonra QRİH-də nələr baş verib?
Rəcəb Babaşovun birinci müavini Məhəmməd Alıyevə yaxın çevrələrdən “sızdırılan” və redaksiyamıza ünvanlanan məlumata diqqət:
“Mətbuatda yayılan faktlar Aparat işçilərinin iştirakı ilə müzakirə olunub. Babaşovun dilindən səslənən və Aparat əməkdaşlarını da heyrətə salan yuxarıya doğru üsyan fikirləri bomba effekti versə də, kimsə qorxusundan bunun mənfi təsirləri barədə başçının üzünə fikir söyləməyə cürət etməyib.
Sükutu yenə cənab Babaşov pozub:
“Bilirsüz... Heç kimə hesabat vermək məcburiyyətində deyiləm. Nə yazırlar-yazsınlar. Hə, nə olsun ki, düz yazıblar, sonra? Kim mənə nə edə bilər? Məni Qazağa Cavid Qurbanov göndərib. Gələndən də nə etmişəmsə, onun əmri ilə etmişəm. Etdiklərimi də özü yaxşı bilir, ondan gizlinim yoxdur. Ondan başqa da heç kimi tanımıram. Çünki AİLƏYƏ Cavid müəllimdən yaxın olan adam yoxdur. Arxamda Cavid Qurbanov dayanıbsa, qalanları vecimə deyil!””.
Həqiqətən, Rəcəb Babaşov fövqəladə cəsarət sahibi olan bir məmurdur. Adamı işlətdiyi ifadələr, yuxarıya qarşı demarşı, ölkə rəhbərliyinin qərarlarına etirazı və bu “üsyanının” yuxarılara çatması qətiyyən narahat etmir. Niyə də etsin ki? “Arxamda ailəyə ən yaxın adam olan Cavid Qurbanov dayanıb” deyən bir başçının başqa bir qorxusu olarmı? Bilmirik!
Və onu da bilmirik ki, Rəcəb Babaşovun mesajı Cavid Qurbanovadır, yoxsa daha yuxarılara...