“Gəncləri dayanıqlı sülhə doğru tədbirlərə yönəltməliyik” – BMT Baş katibi
Antonio Quttereş: “Azərbaycanın gənclərlə işləmək siyasətini təqdirəlayiq hesab edirəm”
“Postpandemiya dövründə gələcəyə baxdıqda xüsusən gənclərə diqqət yetirməliyik. Dünyada 2 milyard gənc yaşayır, onların 90 faizi inkişaf etməkdə olan ölkələrdədir”.
“Avronews” xəbər verir ki, bunu martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə müraciətində BMT Baş katibi Antonio Quttereş bildirib.
“İqtisadi və sosial əlaqələri və təmasları gücləndirsək, cəmiyyətlərimiz sülh, firəvanlıq və dayanıqlı inkişafdan bəhrələnəcək. Dayanıqlı inkişaf məqsədləri çərçivəsində gəncləri daha inklüziv və dayanıqlı sülhə doğru tədbirlərə yönəltməliyik”, - deyə o bildirib.
“Azərbaycanın gənclərlə işləmək siyasətini və Qoşulmama Hərəkatı çərçivəsində gənclərin 2022-ci ilin iyul ayında Bakıda keçirilən sammitini, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis olunmasını təqdirəlayiq hesab edirəm”, - deyə Quttereş vurğulayıb.