Rus təyyarələri hələ sağdır, amma... – Ölüdən can istəmək məqamı gəlir
“Sonunda biz bu təyyarələri oğurladıq və indi əsas vəzifəmiz komponentləri oğurlamaqdır”
Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi Rusiya mülki aviasiyasına birbaşa təsir etdi. Mütəxəssislər onun yavaş-yavaş öldüyünü deyirlər. Hansı səbəbləri göstərirlər?
Bir çox ekspertlərin proqnozlarının əksinə olaraq, Ukraynaya qarşı müharibə ilə əlaqədar Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqindən sonra Rusiya mülki aviasiyası hələ də fəaliyyətini dayandırmayıb. Rusiyanın qonşu ölkəni işğal etməsindən sonra Qərb dövlətləri səmalarını rus təyyarələrinin üzünə bağlayıb. Çoxsaylı aviaşirkətlər rus tərəfdaşları ilə əməkdaşlığı dayandırıb, təyyarə istehsalçıları “Airbus” və “Boeing” isə Rusiyaya təyyarələrin ehtiyat hissələrinin tədarükünü dayandırıb.
Çoxları belə bir vəziyyətdə Rusiya mülki aviasiyasının iki həftə belə, ayaqda qalmayacağına inanırdı. Ancaq altı aydan sonra hər şey fərqli görünür. Ən azı ölkə daxilində rusiyalı sərnişinlərin əksəriyyəti üçün heç nə dəyişməyib. Bu, necə mümkündür?
“AeorDynamic Advisory” konsaltinq firmasının amerikalı aviasiya eksperti Riçard Abulafia deyir: “Hər şey müxtəlif səbəblərin birləşməsindən asılıdır. Qaçıla bilən sanksiyalar, mövcud ehtiyat hissələrinin ehtiyatı, problemlərin yaradıcı həlli və mövcud təyyarə parkının hissələrin sökülməsi”.
Mülki aviasiyanı nə xilas etdi?
Müharibədən əvvəl Rusiya aviaşirkətlərində 800-dən çox təyyarə var idi ki, onların da əksəriyyəti Qərbdə istehsal olunmuşdu. Ümumilikdə, 2019-cu ildə, koronavirus pandemiyasından əvvəl, 120 milyondan çox sərnişin Rusiya aviaşirkətlərinin xidmətlərindən istifadə edirdi.
Bu məlumatları “Aeroflot” təqdim edir. Onların yarıdan çoxu beynəlxalq uçuşlardan istifadə edib. Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bu beynəlxalq marşrutlar sanksiyalar səbəbindən demək olar ki, tamamilə ləğv edilib.
Abulafianın fikrincə, beynəlxalq marşrutların sayının az qala 50 faiz azalması eyni zamanda Rusiya aviasiyasına da bir nemət oldu. Uçuşlara tələbatın azalması yerdə qalmaq məcburiyyətində qalan təyyarələrin hissələrinin sökülməsinə imkan verdi: "Rusiyanın prioriteti daxili uçuşları saxlamaqdır. Əgər beynəlxalq marşrutlara necə xidmət göstərmək barədə artıq narahat olmağa ehtiyac yoxdursa, o zaman azad qədər resurslar və ehtiyat hissələri ölkə daxilində aviasiyanın ehtiyacları üçün istifadə oluna bilər”.
Rusiyalı mülki aviasiya eksperti Anastasiya Daqayeva bununla razılaşır: “Uçuşların sayının azalması, getdikcə daha çox təyyarənin yerdə qalması və kritik komponentləri əldə etməyə imkanın olmaması fonunda təyyarələrin ehtiyat hissələri üçün sökülməsi, təbii ki, vəziyyətdən çıxış yoludur”.
Rusiya mülki aviasiyası yalnız müasir “Boeing” və “Airbus” sərnişin təyyarələrindən istifadə edir. Bu təyyarələr əsasən icarəyə götürülüb və xarici investorlara məxsus olub. Bu, 2001-ci ildə Keyptaunda imzalanmış müqavilə sayəsində mümkün olub.
"Müqavilə investorlara bütün iştirakçı ölkələrin aşağı kredit riskinə malik olduğunu güman etməyə imkan verir. Bu, ona gətirib çıxarıb ki, Rusiya kimi inkişaf etməkdə olan ölkə sıfırıncı illər ərzində özünün köhnə sovet donanmasını yeniləyə bilib", - deyə Daqayeva bildirir.
Ekspert deyir ki, Rusiyada müasir Qərb avialaynerləri ilə həm yeni təhlükəsizlik standartları, həm də Qərbə xidmət intervalları tətbiq edilib: “Bu, nəticə etibarı ilə hava səyahətinin təhlükəsizliyi və səmərəliliyinin kütləvi artması ilə nəticələnib”.
“Biz o təyyarələri oğurladıq”
Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra bir çox xarici investorlar Rusiyadan icarəyə götürdüyü təyyarələri - dəyəri 10 milyard dollardan çox olan 500-ə yaxın təyyarəni geri qaytarmağı tələb ediblər. Lakin mart ayında Prezident Putin bu təyyarələrin Rusiyada yenidən qeydiyyatdan keçməsini mümkün edən qanunu imzalayıb.
“Sonunda biz bu təyyarələri oğurladıq” deyən rusiyalı ekspert Vadim Lukaşeviç istehza ilə vurğulayır ki, “indi bizim vəzifəmiz komponentləri oğurlamaqdır. Bu gün mülki aviasiyanın sağ qalması məsələsi gündəmdədir”.
İran Rusiya mülki aviasiyasına da böyük ümid bəsləyirdi. Beynəlxalq təcrid vəziyyətində olan, onilliklər boyu sanksiyalar altında yaşayan ölkə onlardan yan keçmək üçün müxtəlif üsullar işləyib hazırlayıb. Amma İrana olan ümidlər özünü doğrultmadı.
"İran 70-80-ci illərdən təyyarələrdən istifadə edib. Bu təyyarələr proqram təminatından və ya yarımkeçiricilərdən o qədər də asılı deyil" – deyə ekspert Riçard Abulafia söyləyir və davam edir: “Rusiya həqiqətən də bu texnologiyalara ehtiyacı olan müasir təyyarələrdən istifadə edir. Sanksiyalar Rusiya aviasiyasının böyük problemidir. Rusiya mülki təyyarələrin istehsalı üçün əhəmiyyətli gücə malik deyil”.
Ukraynadakı müharibə səbəbindən Rusiyanın təyyarə hissələri bazarına çıxışı praktiki olaraq yoxdur. Hansı ki, amerikalı ekspertin fikrincə, tezliklə Rusiyada heç bir komponentin qalmayacağına gətirib çıxaracaq: "Orada bəzi hissələri axtarmaq, ehtiyat hissələri üçün mövcud maşınları sökmək - bu, maksimum bir il üçün kifayət edə bilər və bundan sonra nə olacağını heç kim bilmir".
Bundan əlavə, Rusiya Keyptaun müqaviləsini pozduğuna görə, lizinq şirkətləri gələcəkdə riskə getmək istəməyəcək və o, ümumiyyətlə, yeni təyyarəsiz qala bilər.
(DW)