Azərbaycanın Tehrandakı səfirliyinə hücum aktı İƏT DNŞ-də müzakirəyə çıxarılıb
Azərbaycanın sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatı Daimi Nümayəndələr Şurasının iclası keçirilib
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) sədrliyi çərçivəsində Daimi Nümayəndələr Şurasının (DNŞ) 273-cü iclası keçirilib. “Avronews” bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Tədbir Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadənin sədrliyi, İƏT-in Baş katibi Xusrov Nozirinin və İƏT üzv dövlətlərinin Tehrandakı diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə hibrid formatda baş tutub.
İclasın əvvəlində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu zamanı şəhid olmuş səfirlik əməkdaşının və Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda İƏT Nazirlər Şurasının cari ilin 24 yanvar tarixində Daşkənd şəhərində keçirilmiş 26-cı iclasının nəticələri müzakirə edilib və təşkilatın cari ildə Bakıda keçirilməsi planlaşdırılan 27-ci Nazirlər Şurasının iclası, eləcə də Özbəkistanda keçiriləcək 16-cı zirvə görüşünə hazırlıqla bağlı məsələlər müzakirə olunub.
Ölkəmizin təşəbbüsü ilə iclasın gündəliyinə təşkilata cari ildə olan sədrliyimizin həyata keçirilməsi ilə bağlı mövcud vəziyyətə dair yeni bənd daxil edilib. Qeyd olunan bəndin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyəti cari ilin 27 yanvar tarixində Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş terror hücumu ilə bağlı məlumat verib.
Terror aktını təşkil edənlərin və törədənlərin tezliklə müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi, eləcə də ev sahibi ölkə İran İslam Respublikası tərəfindən Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin, diplomatik nümayəndəliklərin mühafizəsi və təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi üzv dövlətlərin nümayəndələrinin diqqətinə çatdırılıb. Bu xüsusda, İranın həmçinin İƏT qərargahına ev sahibliyi etdiyi vurğulanmaqla, İƏT Katibliyinin və İƏT üzv dövlətlərinin diplomatik toxunulmazlıqlarının təmin edilməsinin vacibliyi önə çəkilib.
Eyni zamanda diqqətə çatdırılıb ki, terror hücumu nəticəsində səfirliyimizin Tehrandan təxliyə edilməsi ilə əlaqədar İƏT DNŞ-nın iclaslarına fiziki olaraq sədrlik edilməsində məhdudiyyətlərin yarandığına baxmayaraq, 2023-cü ildə İƏT-ə sədrliyimiz çərçivəsində Azərbaycannın ev sahibliyi ilə təşkil edilməsi planlaşdırılan tədbirlərin həyata keçirilməsi və sədrliyimizdən irəli gələn digər öhdəliklərin icrası tam təmin ediləcəkdir.
İclasın sonunda Daimi Nümayəndələr Şurasının növbəti iclasının razılaşdırılmış tarixləri barədə iştirakçılara məlumat verilib.