Rusiyanın Xəzərdəki cığallığına necə son qoymalı?
ABŞ və Avropanın hərtərəfli dəstəyi ilə bu layihəni həyata keçirmək olar
Bu günlərdə Türkmənistanda keçirilən Azərbaycan-Türkiyə-Türkmənistan zirvə görüşündə əsas müzakirə edilən məsələlərdən biri Türkmənistan qazının Avropaya çatdırılması, artıq 25 ildir ki, Kremlə görə dalana dirənən “TransXəzər” boru kəmərinin çəkilməsi məsələsi oldu.
Bu layihənin maraqlı keçmişi var: 1998-ci ilin aprelində Türkmənistan Prezidenti Saparmurad Niyazov ABŞ-a işgüzar səfəri zamanı bu məsələ onun dövlət başçısı Bill Klinton və vitse-prezident Albert Qor ilə görüşlərində yüksək səviyyədə müzakirə mövzusu olmuşdu. 1999-cu ilin 19 fevralında Aşqabadda təntənəli surətdə “Transxəzər” qaz kəməri layihəsinə dair Türkmənistan hökuməti ilə “PGS” konsorsiumu arasında müqavilə imzalanır. Müqaviləyə həmçinin ABŞ Prezidentinin və dövlət katibinin Xəzər regionunun enerji məsələləri üzrə müşaviri Riçard Morninqstar da imza atır.
1999-cu ilin əvvəlində artıq layihənin texniki-iqtisadi əsaslandırılmış layihəsi mövcud idi və “Transxəzər” kəmərinin 28 ay müddətində həm türkmən hissəsinin, həm də sualtı hissəsinin tikilməsini başa çatdırmaq nəzərdə tutulurdu. Rusiyada hakimiyyətə Putin gələndən sonra bu layihə gündəmdən çıxdı və “PGS” konsorsiumu ləğv edildi – o illər Azərbaycan ilə Türkmənistan arasında gərginliyi yaradan və artıran məhz Kreml idi.
Türkmənistanda baş tutan üçtərəfli görüşdən həmən sonra Rusiya TV-lərində bu layihəyə imkan verilməyəcəyini söyləyən ekspertlər peyda oldu, hətta bəzi Kreml “qarğaları” Azərbaycanın enerji infrastrukturuna zərbələrin endirilməsi ilə bağlı təhdid dolu çıxışlar etdilər – bütün bunlar əsasən Kremlin “Transxəzər”lə bağlı sancılarına görədir.
Xəzərin statusu ilə bağlı sənəd və ona aid “Ekoloji protokol” Rusiyaya “Tranxəzər”in reallaşmasına əngəllər yaratmağa hüquqi bəhanələr verir. Rusiya hər cəhdlə bu layihəyə mane olmağa çalışacaq, amma həm Avropa Birliyi, həm ABŞ “Transxəzər” məsələsində çox böyük dəstək verməyə hazırdır, bundan istifadə etmək lazımdır.
Bu məsələdə Rusiyanı “oyundan kənar” vəziyyətdə qoymaq üçün bir yol var – bu haqda hələ illər öncə yazmışdım, amma indiki reallıqları da nəzərə alaraq yenidən müzakirəyə açmaq olar: Bütün dünya qazı artıq LNG tankerlərlə daşımağa üstünlük verir, Bakıda müasir gəmiqayırma zavodu var, AB və ABŞ-ın dəstəyini, hətta maliyyə yardımını alaraq o zavodda ya Cənubi Koreya, ya da Yaponiya (bu iki ölkə LNG tankerləri istehsalında qabaqcıl ölkələrdir) ilə müqavilə bağlayıb cəmi 4 LNG tankerin inşaasını nəzərdə tutan müqavilə imzalamaq olar (bu, həm də Bakı gəmiqayırma zavodunda minlərlə əlavə iş yeri yarada bilər).
Yeni LNG tankerlərinin özündə qazı qəbul edib sıxlaşdıran, sonradan normal hala gətirən qurğular da olur – yəni, hər iki sahildə əlavə infrastruktura ehtiyac yoxdur. Cəmi 100 mln. m3 qaz daşımağa qadir olan 4 tankerlə ayda hər biri ilə 2 reys etmək mümkün olsa (çox realdır, məsafə azdır), bu, təqribən hər ay 800 mln. m3-1 mlrd. m3, ilə 10-12 mlrd. m3 arası qazın Türkmənistandan daşınmasına şərait yarada bilər – bu da boru çəkilməsi məsələsini aradan qaldıra, Kremlin cığallığının özünə qalmasına səbəb ola bilər.
İndiki bazarda həcmi 200-250 mln. m3 olan tankerlərin tikintisi 180-250 mln. dollar arasıdır, kiçik həcmli tankerlər (zatən Xəzər üçün həcmi kiçik tankerlər lazımdır) daha ucuz başa gələ bilər, yəni, cəmi 600-700 mln. dollara 4 müasir gəmi tikə, minlərlə yeni iş yeri yarada, ən əsası isə, Kremlin boru təhdidlərindən qurtula bilərik və bu işdə AB, ABŞ, Britaniya bizim yanımızda yer alacaq – bu da sizə milyon dollar dəyəri olan havayı məsləhət...
Müəllif: Natiq Cəfərli (ReAL Partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert)
Mənbə: “Facebook”