Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü başa çatıb

Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü başa çatıb

Ceyhun Bayramov: “Sədrliyimiz sonlansa da, bizim bu platformada fəallığımız və onun prinsiplərinin reallaşması ilə bağlı qətiyyətimiz bitməyəcək”

“Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü başa çatır. Bu gün burada iştirak etdiyiniz üçün hər birinizə təşəkkür edirəm”.

“Avronews” xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Platformadakı ölkələrin fərqli tarixi, mədəni, siyasi ənənələri olsa da, ortaq prinsiplər mövcuddur. Bu sammit çərçivəsində biz ikitərəfli vacib gündəlikləri müzakirə etdik, səmərəli görüşlər keçirdik. Pandemiya meydana çıxanda QH üzvləri fəal oldu. Postpandemiya dövründə də bərpa istiqamətində biz effektiv həll yoları ilə çıxış etməliyik”, - deyə nazir bildirib.

Bayramovun sözlərinə görə, Azərbaycan pandemiyanın başlanğıcından bəri bir sıra təşəbbüslərlə çıxış edib və bu təşəbbüslərdən tam dəstək alıb: “Bu gün biz iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, sülh və digər qlobal məsələləri müzakirə etdik. Bu gün Azərbaycan Prezidenti iki təşəbbüs səsləndirdi ki, bunlardan biri postpandemiya dövründə kiçik ada dövlətlərinə və Afrika ölkələrinə dəstəklə bağlıdır. İnanırıq ki, bizim bu təşəbbüsümüzü beynəlxalq ictimaiyyət dəstəkləyəcək. Biz bu ilin sonunda sədrliyimizi Uqandaya verəcəyik. Sədrliyimiz sonlansa da, bizim bu platformada fəallığımız və onun prinsiplərinin reallaşması ilə bağlı qətiyyətimiz bitməyəcək”.