“Putinin köməyi ilə müharibə yox, Azərbaycanın qələbəsi dayandırıldı”
Deputat: “Kreml onu oyundan kənarda qoyan razılaşmanın əldə olunmaması üçün hər cür müdaxilə edəcək”
Politoloq: “Sülh müqaviləsinin imzalanması Ermənistanı öhdəliklərindən azad edir, bunun Azərbaycana da özünəməxsus faydası var, amma...”
2022-ci il noyabrın 7-də Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Dövlət Departamentinin təşəbbüsü ilə ikitərəfli danışıqların aparıldığı “Blair House”da (Ağ Evlə üzbəüz yerləşən tarixi malikanə) ABŞ dövlət katibi Entoni Blinkenlə nazirlərin birgə görüşü də baş tutub.
"Hazırda gördüklərimiz hər iki ölkənin keçmişi arxada qoyması və davamlı sülhə doğru çalışması üçün atdığı real və cəsarətli addımlardır. Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanın dostu kimi bu səylərdə sizə dəstək olmaq, bacardığımız qədər kömək etmək üçün əlindən gələni etməyə sadiqdir", - deyə Blinken bildirib.
Təkbətək görüşdə nazirlər mümkün sülh sazişinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də həllini gözləyən bir sıra məsələlərin olduğunu qeyd ediblər. Hər iki tərəf Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada və oktyabrın 31-də Soçidə keçirilən görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiqləyib.
Görüş zamanı Ceyhun Bayramov Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırıb. “Mən Azərbaycanın Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mümkün qədər tez bağlanmasına sadiqliyini və hazır olduğunu bir daha təsdiqlədim və bu prosesə xələl gətirə biləcək addımlardan çəkinməyə çağırdım”, - deyə o, özünün “Twitter” səhifəsində yazıb.
Nazirlər danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər. Bəzi məlumatlara görə, bu görüş noyabrın sonu-dekabrın əvvəlində baş tuta bilər. Ehtimal olunur ki, bu, Lodz (Polşa) şəhərində, ATƏT Nazirlər Şurasının iclası çərçivəsində baş tutacaq.
Hər iki nazir Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının aparılmasına görə Amerika tərəfinə minnətdarlıqlarını bildirib.
Onu da qeyd etmək yerinə düşər ki, son vaxtlar rəsmi Bakı Moskvaya kifayət qədər aydın siqnallar verir ki, o, artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında onun rolunu eyni səviyyədə görmür. Bu, məsələn, dövlət televiziya kanalı kimi ciddi efirdən edilir. Orada Rusiya sülhməramlı qüvvələrinin (RSK) Qarabağ ərazisindən çıxarılması tələb edilir.
AzTV sədri Rövşən Məmmədov məlum çıxışında qeyd edib ki, Üçtərəfli Birgə Bəyanata əsasən, Rusiya 2025-ci ilin payızında öz qoşunlarını Qarabağdan çıxarmalıdır. Lakin o, Rusiya sülhməramlılarını əsas missiyasını - regionda sülhün qorunmasını yerinə yetirməməkdə ittiham edərək, bu prosesi sürətləndirməyə çağırıb: “Bu gün Rusiya hərbçilərinin gözü qarşısında Azərbaycan hərbçilərinə qarşı cinayətlər törədilir, amma Rusiya tərəfi susur, görəsən, niyə belədir?”.
Ruslara Bakının susqun mövqeyini zəiflik kimi qəbul etməməyi tövsiyə edən Məmmədov, həmçinin yaxın illərdə İrəvanın Qarabağ üzərində nəzarəti tamamilə itirəcəyini vurğulayıb və Moskvanı bu faktla barışmağa çağırıb: “Bilin ki, Köçəryan, Volski, Sarkisyanın dövrü çoxdan başa çatıb. İndi reallıq başqadır. Bizim sizə müraciətimiz: ya Qarabağın Azərbaycanın olduğu reallığını qəbul edəcəksiniz, ya da həmişəlik Qarabağdan çıxın”.
Bütün bu hadisələr birlikdə bir çox müşahidəçiləri belə bir qənaətə gətirir ki, bu gün həm Bakı, həm də İrəvan birmənalı olaraq eyni mövqeni bölüşür - hər iki tərəfin fikrincə, aralarındakı danışıqlarda vasitəçi kimi Kremldən qurtulmağın vaxtı çatıb. Çünki bu gün bu prosesin konstruktiv və ən əsası obyektiv moderator rolunu Brüssel və Vaşinqtonun simasında kollektiv Qərb kifayət qədər hərtərəfli oynayır.
Bu fərziyyə nə dərəcədə realdır? Və ya, görəsən, tərəflərin Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində Moskvanı bezdirici vasitəçi funksiyadan tamamilə məhrum etmək üçün resursları, imkanları varmı?
AYNA mövzunu tanınmış ekspertlərlə müzakirə edib.
Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov:
“Əgər Azərbaycan və Ermənistan sülh müqaviləsi bağlaya və açıq qalan məsələlər üzrə ikitərəfli formatda dialoqu davam etdirə bilsələr, o zaman həm Rusiya, həm də Qərbin vasitəçilərinə ehtiyac tamamilə aradan qalxacaq. Dövlət katibi Blinkenin təmsil etdiyi Vaşinqton buna çağırıb. Prezident Putin “Valday” Forumunda etdiyi son şərhdə Moskvanın İrəvan və Bakının razılaşdığı hər şeyi qəbul edəcəyini etiraf edib. Aydındır ki, bunlar sözlərdir və Kreml ermənilər arasında olan agentləri vasitəsilə Rusiyanı oyundan kənarda qoyan razılaşmanın əldə olunmasına hər cür müdaxilə edəcək.
Lakin Ukraynanın işğalı, hərbi əməliyyatların son dərəcə uğursuz aparılması, beynəlxalq təcrid və sanksiyalar Rusiyanı effektiv təsir rıçaqlarından məhrum edə bilər və nüfuzun düşməsi, hətta keçmiş satellitlərini də ondan uzaqlaşmağa sövq edə bilər. Moskvanın həmişə Cənubi Qafqazda rolu üçün hansısa şəkildə resursları olacaq. Bu rolun çox dağıdıcı olmaması vacibdir”.
Azərbaycan Respublikası Ali Sovetinin keçmiş deputatı, hazırda Avstriyada yaşayan müstəqil siyasi ekspert İsmayıl Əhmədov:
“Yenə də Qarabağın dağlıq hissəsində, Azərbaycan ərazisində baş verən hadisələrin statusunu dəqiqləşdirmək lazımdır. 10 noyabr 2020-ci ildə Putinin köməyi ilə dayandırılan müharibə deyildi. Azərbaycanın qələbəsi dayandırıldı. Özü də düz Xankəndinin astanasında.
Beləliklə, hər şeyi qarışdırdıq. Bütün bu ağzı dolu çıxışlar (AzTV rəhbərinin dediyi kimi, ya qəbul et, ay da çıx) ancaq yerli auditoriya üçün nəzərdə tutulub. Çünki bu məsələyə nəzarət edilən Prezident Administrasiyasında bu, heç kimi maraqlandırmır. RSK KTMT sülhməramlı qrupunun kontingentidir. Ulyanovskdakı 31-ci hava-desant briqadasının sülhməramlı qrupudur.
Bu sülhməramlılar Qarabağda ona görə deyillər ki, orada hansısa sülh olsun - bunlar ümumi sözlərdir. Onların əsl məqsədi, görünür, erməni əhalisini mümkün təcavüzdən qorumaqdır. Ona görə də nə qədər ki, Rusiya Federasiyası bu əhalini nəyinsə təhdid etdiyini hesab edir, onlar orada olacaqlar. Azərbaycan onları özü buraxıb və addımın nəticəsini də özü aradan qaldırmalıdır.
Ermənistan isə bu oyunda düşərgədir. O, hətta protektarat da deyil. İrəvan bir şey istəyir - sülh müqaviləsi. Ermənistan tərəfi bunu aldıqdan sonra ATƏT-in Minsk Qrupunun gözündə olduğu kimi müəyyən qədər vasitəçi olmaqdan, prosesin iştirakçısı olmaqdan və xüsusi bir şeydə maraqlı olan tərəf olmaqdan çıxır. Ona yalnız bir şey qalır - onun Qarabağ problemi ilə hansısa siyasi əlaqəsi saxlanılsın, başqa heç nə.
Sülh müqaviləsi Ermənistanı 10 noyabr bəyanatı üzrə bütün öhdəliklərdən azad edir. Müqavilə Azərbaycanı da özünəməxsus şəkildə Üçtərəfli Birgə Bəyanatdan azad edir, amma üçüncü iştirakçı var - Rusiya. Hansı ki, hər zaman Ermənistan və Azərbaycana imzalarına işarə edə bilər.
Burada bir halı nəzərə almaq vacibdir - RSK-nın Azərbaycandan mandatı yoxdur. Komediya əlavəsi olaraq xatırladıram ki, onun Ermənistandan mandatı var, baxmayaraq ki, söhbət Ermənistan deyil, Azərbaycan ərazisində baş verənlərdən gedir. Yaxşıdır, yoxsa pis? Təbii ki, pis!
Məncə, bu, ilk növbədə, Azərbaycan üçün pisdir. Niyə? Çünki onun ərazisində guya qanunsuz birləşmələr var. Amma onlar Azərbaycan rəhbərliyinin Üçtərəfli Bəyanatda olan imzası ilə qanuniləşdirilir. Yəni bu, Azərbaycan tərəfinin təsdiq etdiyi hüquqi formasiya kimi görünür, amma digər tərəfdən heç nə ilə, heç bir mandatla məhdudlaşdırılmır. Problem budur.
Yəni mandatın olmaması onlar üçün özünəməxsus üstünlükdür. Çünki onlar öz səlahiyyətlərini istədikləri kimi şərh edə bilirlər. Əgər gərginlik, münaqişələr olarsa, cavab verə bilərlər - siz bizim üçün mandat imzalamamısınız, yəni biz lazım bildiyimizi etməkdə azadıq. Təbii ki, müəyyən sərhədlər daxilində.
Deməli, vəziyyət belədir: böyük ehtimalla, sülh müqaviləsi imzalanacaq. Bütün tərəflər bunda maraqlıdır. Qarabağ məsələsi həll olunmayıb və yaxın gələcəkdə də həll olunmayacaq. Biz Türkiyə tərəfinin bu prosesdə iştirakını görürük, o, Azərbaycanla Şuşa bəyannaməsini imzalayıb, ən əsası isə orada görünməz şəkildə mövcuddur. Düzdür, Ağdamda rus zabitləri ilə aktiv şəkildə “nərd oynayan” 60 zabitin simasında və 2000 nəfərlik kontingenti (əlavə ailələri) ilə Qarabağın erməni əhalisinin yaşadığı çox dağlıq hissəsində yerləşən Rusiyadan fərqli olaraq”.