Düşmənimin düşməni mənim dostumdur
Qərb süddən çıxmış ağ qaşıq deyil, amma...
Türkiyədə anti-Qərb, anti-ABŞ ritorikası illərdir yüksələn trendlə gedirdi, son günlər yenidən pik nöqtəyə çatıb. Qardaş ölkənin TV kanalları anti-Qərb təbliğatını gücləndirib – anlayıram ki, bu, AKP-nin seçkilərə hesablanmış taktiki addımlarından biridir. Amma məni narahat edən odur ki, ölkə əhalisinin yarıdan çoxu Türkiyə TV-lərinə, 15-20% arası isə Rusiya TV-lərinə baxır – hər iki tərəfdən də anti-Qərb təbliğatı axır, bunun üzərinə İrana “azarkeşlik” edən toplumun bir hissəsini, cənub qonşumuzun da bütün var olma strategiyasının anti-Qərb, anti-ABŞ üzərinə inşa edildiyini düşünsək, vəziyyət lap qəlizləşir.
Qərb, ABŞ təbii ki, süddən çıxmış ağ qaşıq deyil, onillərdir dünyada fəlakətlər törədib, İraq, Liviya, Suriya kimi müsəlman ölkələrində qarışıqlıq salaraq yüzminlərlə insan ölümünə səbəb olub. Amma Azərbaycanın strateji maraqları məhz Qərbə bağlıdır, iqtisadi olaraq Qərbə inteqrasiya olub, ölkəyə yatırım kimi gələn hər 10 dollardan 7,5-i, xarici ticarətdən gələn hər 10 dollardan 8-i Qərbdən gəlib, Azərbaycan-Ermənistan münaqişəsinin həllində məhz ABŞ-ın yanaşması ərazi bütövlüyümüzü özündə ehtiva edən yanaşmadır. Cənub qonşumuzun ölkəmizə qarşı son zamanlar aqressiv ritorikasına cavab, məmləkətimizə dəstək mesajı da məhz ABŞ-dan gəldi.
Rusiya və İran anti-Qərb siyasətləri ilə fəlakətin kənarına gəliblər, dünya post-Rusiya sistemi və post-İran rejimi dövrünə hazırlaşır. Qardaş Türkiyə bizim üçün önəmli, həyati əhəmiyyətli müttəfiqdir, amma rəsmi Ankaranın indiki situativ anti-Qərb ritorikası bizə maneələr yarada bilər – çünki illərdir Azərbaycan və Türkiyə xarici siyasətdə bir-birini tamamlayan, birgə addımlarla irəliləyən ölkələrdir, bu müttəfiqlik məmləkət üçün nə qədər önəmli, vacibdirsə, Qərb ilə normal münasibətlərin davam etməsi də bir o qədər əhəmiyyətlidir.
Xülasə, lap sadə desəm, bu gün bizə qarşı olan Rusiya və İran Qərbin rəqibi, hətta düşmənidirsə, deməli düşmənimizin düşməni bizim dostumuzdur – yanaşma belə olmalıdır.
Müəllif: Natiq Cəfərli (ReAL Partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert)
Mənbə: “Facebook”