“Azərbaycan adlarını təhrif edən ölkələrə nota verilsin”
Razi Nurullayev: “Başa düşmürlər ki, ümid qapısı Türkiyə və Azərbaycandır”
“Rusiyanın bir sıra ictimai-siyasi və media dairələrindən Azərbaycana yönəlik təxribatlara yol verilir. Biri Bakıya raket zərbələri endirməyi, biri haqq-hesab çəkməyi, o birisi hədə-qorxu gəlir. Bunlar başa düşmürlər ki, danışıq və ümid qapısı Türkiyə və Azərbaycandır”.
“Avronews” xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev səsləndirib.
“Bu ilin fevral ayında Azərbaycan və Rusiya prezidentləri arasında 43 maddədən ibarət bəyannamə imzalanıb. Bunların müttəfiqliyə münasibəti belədirsə, biz onlara necə güvənək? Rus jurnalisti təəccüblənir ki, Bakı pəncərələrində Türkiyə və Pakistan bayrağı var, niyə bir dənə də olsun Rusiya bayrağı yoxdur? Hesab edirəm ki, bu suala cavab hər kəsə aydındır, sualı verən rus jurnalistinə də. Biz müttəfiqlik bəyannaməsinə xələl gətirən, açıq-aşkar terrora və kütləvi insan təlafatına yol açacaq çağırışlar edən Rusiyanın vəzifəli, ictimai şəxslərinə qarşı dövlət tərəfindən daha təsirli tədbirlərin görülməsini tələb edirik”, - deyə o bildirib.
Nurullayev ikinci vacib məsələ kimi “Dağlıq Qarabağ” ifadəsinə toxunub: “Bu gün bir çox ölkə “Dağlıq-Qarabağ” ifadəsini səsləndirir. Düşünürəm ki, bunu qəsdən edirlər. Hansı ölkə olmasından asılı olmayaraq, Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşan və Azərbaycan adlarını təhrif edən ölkələrə nota verilməsini təklif edirəm”.