“İranda Azərbaycanla bağlı qeyri-dost fikirlər bizi narahat edir” – NAZİR
Cehyun Bayramov: “Münasibətləri qoruyub saxlamaq və inkişaf etdirmək kifayət qədər mürəkkəb prosesdir”
Qonşu ölkələrlə yaxşı münasibətlərimizin olması bizim üçün bir nömrəli prioritetdir. “Avronews” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Biz müstəqillik dövründə İran İslam Respublikası ilə yaxşı, xoş qonşuluq münasibətlərinin qurulması istiqamətində ardıcıl addımlar atmışıq. Hesab edirəm ki, bu istiqamətdə bizim birgə uğurlarımız da az olmayıb”, - deyə o bildirib.
Nazir xatırladıb ki, Azərbaycanla İran arasında bir sıra müsbət layihələr həyata keçirilib: “İqtisadi, nəqliyyat, sahəsində, transsərhəd ticarət mövzusunda, Araz çayının birgə istifadəsi və s. Lakin İran mediasında Azərbaycana qarşı söylənən fikirlər, qeyri-dost fikirlər təbii ki, Azərbaycan tərəfinin diqqətindədir, bizi narahat edir. Biz XİN səviyyəsində danışarkən bunu açıq şəkildə danışırıq, müzakirə edirik”.
“Mənim iranlı həmkarım, nazir Abdullahiyan bu məsələyə çox həssaslıqla yanaşır və öz səlahiyyətləri çərçivəsində hər zaman Azərbaycan-İran münasibətlərində hər hansı xoşagəlməz halların aradan qaldırılması üçün addımlar atır, mən bunu bir neçə dəfə müşahidə etmişəm. Bizim onunla kifayət qədər intensiv, birbaşa dialoqumuz var. Bir şeyi vurğulamaq istəyirəm ki, münasibətləri qoruyub saxlamaq və inkişaf etdirmək kifayət qədər mürəkkəb prosesdir. Nəyisə korlamaq isə daha asandır, nəinki onu bərpa etmək. Azərbaycan tərəfi bütün lazımi addımları atacaq ki, iki ölkə arasında münasibətlər indiyə qədər olan müsbət məcrada davam etdin”, - deyə Bayramov vurğulayıb.