Başçıdan Prezidentin gənc kadrlarına qarşı “qara piar”: “Südəmər”, “matışka”, “kukla”

Başçıdan Prezidentin gənc kadrlarına qarşı “qara piar”:

Qazağın rəhbəri Rəcəb Babaşovun gizli troll ordusu ifşa olundu: “Bizə onu-bunu söydürür, sonra çağırıb pulunu alır”

Qazax Rayon İcra Hakimiyyətinin (QRİH) başçısı Rəcəb Abas oğlu Babaşovun ölkədə islahatlara, yenilənməyə, gənc və perspektivli kadrların yüksək vəzifələrə gətirilməsinə qarşı dirənişi davam edir. “Köhnə zehniyyətin” son nümunələrindən olan bu odioz məmur Respublika səviyyəsində və bütün sahələrdə aparılan uğurlu islahatlara etirazını qətiyyən gizlətmir.

Qeyd edək ki, ötən günlərdə saytımızda yer alan “Ağzından süd iyi gələn uşaqları yüksək vəzifələrə təyin edirlər...” başlıqlı yazıda hörmətsiz Babaşovun dövlət başçısının imzası ilə müdafiə sənayesi naziri təyin olunan Vüqar Mustafayevin ünvanına nalayiq ifadələr işlətdiyi, onu aşağıladığı barədə məlumat verilirdi.

Sitat: “Təcrübəsiz, idarəetmə qabiliyyəti olmayan, ağzından süd iyi gələn uşaqları yüksək vəzifələrə təyin edirlər. Mənə çatmır də! Qəbul etmirəm belə təyinatları!”.

Bu hadisə Qazax ictimaiyyəti arasında şok effekti yaratsa da, QRİH rəhbəri qətiyyən narahat olmayıb və hətta yayılan məlumatlara şir ürəyi yemişcəsinə reaksiya verib (OXU: “Cəsur başçı meydan oxudu: “Arxamda Cavid Qurbanov dayanıb”).

Sitat: “Heç kimə hesabat vermək məcburiyyətində deyiləm. Nə yazırlar-yazsınlar. Hə, nə olsun ki, düz yazıblar, sonra? Kim mənə nə edə bilər? Məni Qazağa Cavid Qurbanov göndərib. Gələndən də nə etmişəmsə, onun əmri ilə etmişəm. Etdiklərimi də özü yaxşı bilir, ondan gizlinim yoxdur. Ondan başqa da heç kimi tanımıram. Çünki AİLƏYƏ Cavid müəllimdən yaxın olan adam yoxdur. Arxamda Cavid Qurbanov dayanıbsa, qalanları vecimə deyil!”.

Bunlardan göründüyü kimi, Rəcəb Babaşov ölkə rəhbərinin islahatlarına, yenilənmə siyasətinə, korrupsiyadan uzaq, oliqarxiyanın təsiri altında olmayan, gənc və perspektivli kadrları önə çəkməsinə açıq-aşkar üsyan etməklə yetinmir, həm də niyə bu qədər cəsarətli olmasının səbəbini də göstərir: dalını bərk yerə dayaması - Cavid Qurbanov faktoru.

Belə bir cəsarətin və dalındakının gücü hesabına rayon camaatına olmazın həqarətlər yağdıran, ən ağır söyüşlər söyməsi ilə (həm də qadınların arasında) ad çıxaran, 100 minlik Qazağı dövlətindən küsdürən Abasın oğlu yuxarılara “təpik atmaqdan” da çəkinmir.

Babaşovun ölkədə gəncləşmə siyasətinə qarşı çıxması heç də yuxarıda qeyd olunan nazir təyinatı ilə yekunlaşmır. Sən demə, Qazaxda xunta rejimi formalaşdırmış Babaşovun həm də troll ordusu varmış. Hərəsinə aylıq 200-300 manat “qonorar” ödəyən icra başçısı həmin trollar vasitəsilə sosial şəbəkələrdə təkcə rayonda arzulamadığı, gözü götürmədiyi, buna rüşvət verməkdən yayınan, bunun kriminal sifarişlərindən imtina edən iş adamlarını, idarəsinin büdcəsini buna peşkəş etməyən mərkəzi icra hakimiyyəti orqanlarının yerli şöbələrinin rəhbərlərini “vurdurmurmuş”, “dizə gətirməyə çalışmırmış”.

Qazağın kriminal rejiminin liderinin dərdi təkcə yerli insanları qaralamaqdan ibarət deyilmiş – iştahı və əli rayon sərhədlərindən kənara da uzanırmış. Hər ay QRİH-dən “aylığını” alan həmin trollardan birinin “sızdırdığı” (adam “maaşın” azlığından və “işin” ağırlığından narazıdır) və redaksiyamıza ünvanlanan məlumatı olduğu kimi təqdim edirik.

Beləliklə:

“Rəcəbin qanunsuzluqları barədə bir-iki dəfə “Facebook”da status yazmışdım. Sonra məni Aparata çağırtdırdı. Müavini Göygöz Məmməd dedi ki, “sənə hər ay 300 manat verəcəyik, cənab başçı ilə işin olmasın, başqa da heç nə”. Mən də razılaşdım.

Sonradan bunlar məndən başqaları əleyhinə yazmağımı istədilər ki, “sənə aylıq paket veririk, dediyimiz adamları “vur”. Məcburən dediklərini edirdim. Gah rayondakı hansısa idarə müdirinin haqqında sifariş verirdilər, gah hansısa obyekt sahibinin, gah müəllimin, gah həkimin, gah da kəndlərdəki icra nümayəndələrinin.

Özümə də ayıb gəlirdi ki, tənqid etməyimi istədikləri insanlar günahsız, sifariş verdikləri ittihamlar isə ağ yalandır. Çünki mən kimisə yalandan qaralayıram, nəticədə başçı həmin adamı çağırır, “sənin barəndə nələr yazılıb” deyərək təhqir edir və “haqqını” alır.

Mən bunları görürəm, eşidirəm axı. Verdikləri sifarişə etiraz etmək istəyəndə də qayıdırdılar ki, “sənə filan qədər pul veririk”. Canımı dişimə sıxırdım, dolanışıq dərdi.

Günlərin bir günü Göygöz dedi ki, “cənab başçının təlimatı var, Ağstafanı yıxıb-sürüməlisən”. Mənə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovla bağlı tezis verdilər. Məğzi ondan ibarət idi ki, Səttar Möhbalıyevin südəmər bacısı oğlu marionetdir, Ağstafanı çapıb-taladır, nəzarət edə bilmir, onu əllərində kukla kimi oynadan yerli məmurlar rayonu basıb yeyirlər.

Dedim, a kişi, məmin Ağstafa ilə, Seymurla nə işim var?! Məmməd də qayıtdı ki, “sənə paketi Seymur vermir, Rəcəb Babaşov verir”. Dedim, "mən Qazaxda yaşayıram, Ağstafada yox". Yenə qayıtdı ki, "Facebook"da yazılanları bütün respublika, bütün dünya görür, təkcə Qazax-Ağstafa yox".

Nəysə, yenə dediklərini etməli oldum. 

Və bugünlərdə növbəti sifariş gəldi. Bunu öyrənəndə lap məəttəl qaldım. Rəcəb Babaşovun Orxan Mürsəlovla nə alış-verişi, nə dərd-səri ola bilər axı? Qazax hara, Gədəbəy hara!

Mənə belə bir tezis verdilər: “Bu “matışka” heç özünü idarə edə bilmir, Gədəbəy kimi bir rayonu necə idarə edə bilər? Elə onun səriştəsiz idarəçiliyi, qızbibiliyi, rayona hökm edə bilməməsi ucbatından Söyüdlü camaatı ayağa qalxdı. Hələ utanmaz-utanmaz “ay xanım, məni yaxşı çəkin” deyə kameralar qarşısında yaraşıq pozası verir”.

Sifarişə hələ “yox” deməmişəm, amma yazmağa əlim də gəlmir. Vaxt qazanıram ki, görüm vəziyyətdən necə çıxıram. Eyni zamanda anlamağa çalışırdım ki, Babaşov niyə Mürsəlovu “vurmaq” istəyir. Axır ki, səbəbini tapdım.

Qazax Rayon İcra Hakimiyyətində çalışan bir nəfərdən öyrəndim ki, Orxan Mürsəlov Gədəbəyə başçı getməmişdən qabaq Prezident Administrasiyasında Qazax üzrə kurator vəzifəsində çalışırmış. Və ara-sıra Qazağa gəlirmiş. Hər gəlişində də Babaşovu aşağılayır, kabinetindən qovur, onun yerində otururmuş. Onun bütün qanunsuzluqlarını araşdırır, sifətinə çırpır, üzünə tüpürür və Aparat əməkdaşlarının gözü qarşısında ağ yuyub-qara sərirmiş.

Rəcəb Babaşovun Orxan Mürsəlovu qaralamaq niyyəti bununla bağlıymış - qisasçılıq hissi! Amma indiki mərhələdə niyə? Bunun “niyə”sini hələ öyrənə bilməmişəm.

Doğrusu, mən Orxanı “vurmaq” istəmirəm. Hətta, nəinki Orxanı, heç kimi! Bezmişəm artıq. 5-10 manat tulapayı qarşılığında belimə bu qədər yük vururlar, onun-bunun haqqına girirəm, özümdən utanıram.

Amma... tutaq ki, mən bunlarla əməkdaşlıqdan da, verdikləri paketdən də imtina etdim... Bəs başqaları? Bilirsinizmi, Qazax Rayon İcra Hakimiyyətindən belə məsələlər üçün paket alan neçə nəfər var? Ya da adımıza troll deyin. Rəcəb Babaşovun ona-buna qarşı apardığı “qara piar” kampaniyasının onlarla gizli icraçısı - trolu var. Hamımıza da təxminən eyni tezislər gəlir: onu söy, bunu tənqid et, filankəsi qarala, bəsmənkəsin barəsində “şok faktlar” yay”.

Belə. Biz redaksiya olaraq bu məlumata şərh vermirik. Şərhi də, qərarı da səlahiyyət sahibləri versinlər.