Plansız, proqramsız, ideologiyasız...
Hansı “sahilə” çıxacağımızı bilmədən “üzmək” baha başa gəlir
Davam edən müharibədə Rusiya ilə Ukrayna arasında ən böyük fərq motivasiya məsələsidir – söhbət tək döyüşən əsgərlərin motivasiyasından getmir, həm də xalqların gələcəyə baxışları, gözləntiləri fərqlidir.
Rusiya TV-lərindən bu ölkənin xalqına perspektiv kimi nüvə müharibəsindən danışırlar – yəni, xalqın beyninə yeridirlər ki, bu gün bütün Dünya bizə qarşıdır, məğlub olsaq, məhv olacağıq, ona görə də ən son çarə kimi nüvə silahını işə salacağıq. Putindən sitat gətirirlər ki, “biz cənnətə, onlar isə cəhənnəmə düşəcəklər”. Yəni, perspektiv, hədəf yoxdur ki, motivasiya da yaransın.
Ukrayna xalqı isə tək ərazi bötövlüyünün bərpası, işğaldan qurtulmaq üçün mücadilə aparmır, onların motivasiyası həm də odur ki, bu müharibə bitəndən sonra AB üzvü olacaqlar, sivil dünyanın bir parçasına çevrilib normaq, hüquqi, ədalətli bir ölkədə yaşayacaqlar. Bu hədəf, bu perspektiv Ukrayna xalqına güc, təpər verir, qələbəyə inamlarını, qələbə istəyini artırır – motivasiya isə istənilən mücadilədə ən vacib, həlledici amil olur.
Dünən YAP-ın 30 illik yubeleyində Prezident İlham Əliyevin çıxışına baxdım, hakim partiyanın sədri və dövlət başçısı kimi belə bir tədbirdə “vizion”, hədəf, perspektiv göstərən çıxış olmalı idi – olmadı, tarixə ekskurs, keçmişdə baş verənlərə baxışdan başqa gələcəklə bağlı nə bir tezis, nə proqram, nə bir plan gördük.
İstənilən xalq, dövlət üçün perspektiv çox vacib amildir, siyasi partiyaların əsas işi də məhz dövlətin, xalqın inkişaf hədəflərini, buna çatmaq üçün yollar açıqlayaraq tərəfdarlarını inandırmaq, səfərbər etməkdən ibarət olmalıdır. Ölkədə siyasi partiyaların məhz “vizion savaşı”, ideoloji diskursu, plan-proqram rəqabəti olmalıdır ki, müzakirələrdən doğru yolu-yolları tapmaq mümkün olsun.
Bunun üçün isə hakim partiyanın özü ideoloji olmalı, plan-proqramını, “vizionunu” açıqlamalıdır. Amma təəssüf ki, YAP ideoloji partiya deyil, YAP heç hakim partiya da deyil – hakimiyyətdə təmsilçiləri olan partiyadır, bunlar fərqli anlayışlardır. Hakim partiyanın parlamentdə fraksiyası, qanunvericilik təşəbbüsləri, hakimiyyətin icra qolunda partiyanın ideoloji xəttinə və hədəflərinə uyğun kadr seçimi olmalıdır – bunların heç biri yoxdur.
Dərd odur ki, özünə “müxalifət” deyən, YAP-ı rəqib göstərən siyasi partiyaların bir çoxu, tamamına yaxını da eyni vəziyyətdədir, ancaq mırt, ancaq günlük məsələlərə gündəlik reaksiyadan başqa heç nə təqdim edə bilmirlər.
Xalqın, Dövlətin perspektivi, hədəfləri, motivasiyası olmalıdır ki, problemlərin həllinə səfərbərliyi də olsun – bu gün Azərbaycanın ən böyük problemi plansız-proqramsız, “avtopilot” rejimində neft pulları hesabına axına düşüb “üzməsidir”. Hansı “sahilə” çıxacağımızı bilmədən “üzmək” isə bizə baha başa gələ bilər...
Müəllif: Natiq Cəfərli (ReAL Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı ekspert)
Mənbə: "Facebook"