Milli Məclisdə təklif: “Dövlətimizin adı Şimali Azərbaycan Respublikası olsun”
Deputat: “Bütün dünya bilməlidir ki, 200 il əvvəl Azərbaycan torpaqları işğal olunub”
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın adının dəyişdirilməsi təklif olunub. “Avronews” xəbər verir ki, bu təkliflə deputat Qüdrət Həsənquliyev çıxış edib.
“Hesab edirəm ki, biz yeni konstitusiya tərtib etməliyik. İlk olaraq ölkəmizin adını dəyişdirməliyik. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır”, - deyə o bildirib.
“Bütün dünya bilməlidir ki, 200 il əvvəl Azərbaycan torpaqları İran rejimi tərəfindən işğal olunub. Necə ki, dünyada Şimali Koreya və Cənubi Koreya var, bizdə də belə olsun. Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən bölünüb. Bu addım həm də Cənubi azərbaycanlılar üçün stimul olar”, - deyə Həsənquliyev vurğulayıb.