“Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması yolunda çoxlu işlər görülüb”
Mariya Zaxarova: “Azərbaycan və Ermənistandan olan həmkarlarla sülh müqaviləsinin imzalanması üçün sıx koordinasiya həyata keçirilir”
Rusiya tərəfinin fəal iştirakı ilə Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi istiqamətində addımlar atılır. “Avronews” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova açıqlama verib.
“Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanmasına töhfə verir. Baş nazirin müavinlərinin həmsədrlik etdiyi müvafiq Üçtərəfli İşçi Qrupu çərçivəsində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması yolunda çoxlu işlər görülüb”, - deyə o bildirib.
“Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialından maksimum istifadə edə bilmək üçün konkret layihələrin tez bir zamanda reallaşdırılması üçün iş aparırıq. Azərbaycan və Ermənistandan olan həmkarlarla sülh müqaviləsinin imzalanması üçün sıx koordinasiya həyata keçirilir”, - deyə Zaxarova vurğulayıb.