“Düşünürəm ki, Bakı Moskvanı fakt qarşısında qoymaq üçün sübut-zəmin hazırlayır”
Ərəstun Oruclu: “Azərbaycan pis halda “sülhməramlıların” qalma müddətini uzatmayacaq, ən yaxşı halda isə onların vaxtından əvvəl ərazilərimizdən çıxarılmasını tələb edəcək”
Azərbaycan Müdafiə Nazirliyi demək olar ki, hər gün Rusiya Müdafiə Nazirliyinə Qarabağdakı Azərbaycan toponimlərinin dəyişdirilməsi ilə əlaqədar etiraz edir, bunun üçün mütəmadi müraciətlər, xəbərdarlıqlar ünvanlayır. Və təəssüflə bildirilir ki, Rusiya Müdafiə Nazirliyi müraciətlərə etinasız yanaşır, rəsmi məlumatlarında Azərbaycanın yer adlarını ermənilərin uydurduqları adlarla qeyd edirlər.
Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandanı, general Andrey Volkov məsələ ilə bağlı bu günlərdə Azərbaycan telekanallarına açıqlama verib. Deyib ki, sülhməramlı kontingent Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən təqdim olunan adları Rusiya Müdafiə Nazirliyinə göndərir, toponimlərin dəyişdirilməsi Moskvada edilir. Bununla Volkov məsuliyyəti Rusiya Müdafiə Nazirliyinin üzərinə atır.
Azərbaycan tərəfi isə sülhməramlıların fəaliyyətindən narazılığını artıq açıq formada bildirir. Belə ki, Qarabağdakı erməni silahlı terrorçu dəstələrinə əlavə silah-sursat göndərilməsinə, qeyri-qanuni səfərlərə, Azərbaycan təbii sərvətlərinin talanıb Ermənistana keçirilməsinə sülhməramlıların göz yumduğu rəsmi səviyyədə deyilir. Nəinki bu qanunsuzluqlara göz yumulduğu, hətta erməni terror dəstəsinə himayədarlıq edildiyinə işarə edilir.
Bu günlərdə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri sərvətlərimizin talanması ilə bağlı sülhməramlılarla müraciət ünvanlayıb, ərazidə vəziyyətlə tanış olublar. Yayılan videokadrlardan görünür ki, nazirlik rəsmiləri Laçın yolunda sülhməramlılarla müzakirələr aparırlar. Həmin vaxt Laçın yolu 3 saatdan çox bağlı qalır. Daha sonra onların müzakirələri davam etdirmək üçün Xankəndiyə getdikləri bildirilir. Erməni mediasında gedən məlumatlara görə, artıq Azərbaycanın rəsmi qurumları Xankəndiyə nüfuz etməyə başlayıb.
Baş verən proseslərlə bağlı AYNA-nın suallarını cavablandıran “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu əvvəlcə Müdafiə Nazirliyinin israrlı müraciətləri barədə fikir bildirib və deyib ki, bu, qeyri-adi görünür:
- İlk baxışdan bu, Rusiyanın “sülhməramlılarına”, Müdafiə Nazirliyinə, siyasi dairələrinə təzyiq kimi anlaşılır. Biz bilirik ki, “sülhməramlı” deyilən kontingent Qarabağdakı separatçılara silah-sursat keçirir. Bu barədə Azərbaycanın dövlət rəsmiləri də açıqlamalar veriblər. Ruslar Qarabağdakı qanunsuz silahlıları nəinki tərksilah etməyi düşünürlər, əksinə silahlandırırlar, onlara təlimlər keçirlər. Görünən budur ki, Rusiya faktiki olaraq, Qarabağın dağlıq hissəsindəki vəziyyəti 1988-ci ilin əvvəlindəki status-kvoya qaytarmaq istəyir.
Artıq Azərbaycanda anlayırlar ki, bu, dönməz prosesdir və Rusiya ilə məsələdə anlaşmaq alınmayacaq. Rusiya Qarabağdan çıxmaq istəmir, əksinə, möhkəmlənmək istəyir. Azərbaycan bir növ sübutlar toplamağa başlayıb ki, sabah deyə bilsin: “dəfələrlə müraciət etmişik, xəbərdarlıq etmişik, amma Rusiya bu məsələni aradan qaldırmır, Azərbaycanın toponimlərini ermənilərin uydurduğu versiyada istifadə edir. Bununla da Azərbaycana düşmən münasibət bəsləyir”. Hesab edirəm ki, ağıla gələn birinci versiya budur.
- Başqa hansı versiyalarınız var?
- Şəxsən mənim ikinci versiyam var ki, buna rəvac verən əsaslarım da var. Bu, hər zaman belə olub. Yəni ki, rus hərbçilər Qarabağa daxil olandan bu yanadır ki, uydurma toponimlərdən istifadə edirlər. Niyə indi Azərbaycan tərəfi bunu israrla gündəmə gətirir? Axı indi çox təhlükəli bir dönəmdir. Hamımız bilirik ki, bu gün Rusiya Cənubi Qafqazı var gücü ilə öz nəzarətinə qaytarmağa çalışır. Belə bir vəziyyətdə Azərbaycan Müdafiə Nazirliyinin israrlı çağırışlarının, xəbərdarlıqlarının səbəbi nədir? Mən demirəm ki, bu bəyanatları vermək lazım deyil. Amma hər gün bu xəbərdarlıqları etməklə permanent qarşıdurma görüntüsü yaratmaq Azərbaycan Müdafiə Nazirliyinin nəyinə lazımdır? Ceyhun Bayramov dünən Moskvada olub, Lavrovla görüşlər keçirib. Niyə XİN bu məsələləri qaldırmır, bununla məşğul olmur ki, Müdafiə Nazirliyi belə israrlı bəyanatlar verir? Bu suallar açıq qalır və məndə şübhələr yaradır. Ehtimal edirəm ki, Müdafiə Nazirliyində kimlərsə bilərəkdən, ya bilməyərəkdən, gərginlik yaratmağa çalışırlar. Hazırkı dönəmdə bunun maraqlarımıza uyğun gəlmədiyini düşünürəm. Amma yenə də ümid edirəm ki, bu ikinci versiyada yanılıram.
- Sülhməramlıların komandanı Volkov toponimlərlə bağlı danışarkən bildirib ki, onlar adları Azərbaycanın təqdim etdiyi kimi yazırlar, dəyişiklik Rusiya Müdafiə Nazirliyində edilir. Generalın dediyindən belə anlaşılır ki, günah sülhməramlılarda yox, Rusiya Müdafiə Nazirliyindədir. Volkov bununla nə demək istədi, hansı mesajı verdi?
- Təəssüf ki, Volkovun dedikləri Azərbaycanda tam fərqli rakursdan şərh edilir. Sanki rus general Rusiyanın Müdafiə Nazirliyini ittiham etdi. Bildirdi ki, onlar toponimləri Azərbaycanın təqdim etdiyi şəkildə Rusiya Müdafiə Nazirliyinə göndərirlər, amma nazirlik bunu dəyişir. Məncə, Volkov bununla demək istədi ki, bu, Rusiya hakimiyyətinin mövqeyidir, Moskva bunu belə qəbul edir. General hətta göstərmək istədi ki, “sülhməramlılar” Azərbaycanla hansısa kompromisə gəlmək istəsə belə, Rusiya hakimiyyəti hesab edir ki, Xocavəndi “Martuni”, Ağdərəni “Mardakert” adlandırmaq lazımdır. Məhz mesaj bu idi. Volkov demək istədi ki, bizim siyasi qərarımız belədir.
Nəzərə almaq lazımdır ki, Rusiyanın Müdafiə Nazirliyi sadəcə ordu deyil, həm də Rusiya siyasi hakimiyyətinin bir parçasıdır. Deməli, bu, Rusiya hakimiyyətinin mövqeyidir. Bu isə 10 noyabr 2020-ci il anlaşmasına tamamilə ziddir. Çünki Rusiya “sülhməramlılarına”, hökumətinə məsuliyyətlərində olan zonada hansısa siyasi səlahiyyətlər verilməyib. Toponimləri dəyişmək, onları ermənilərin uydurduqları adlarla yazmaq, Azərbaycan dövlətinin müəyyənləşdirdiyinin əksinə getmək siyasi qərardır. Mənə elə gəlir ki, Volkov bu mesajları verdi. Rus general məsuliyyəti Rusiya Müdafiə Nazirliyinin boynuna atmadı, ölkəsinin siyasi mövqeyini, Azərbaycana münasibətini xatırlatdı.
- Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Amma biz bu Mərkəzin hansısa yanaşmasını, bəyanatını görmürük. Sanki proseslərdən kənarda dayanıb, sadəcə formal işlərlə məşğul olurlar. Ola bilərmi ki, gördükləri işi məxfi saxlasınlar, sadəcə lazımi qurumlarla bölüşsünlər, fəaliyyətləri üzdə görünməsin, amma daxildə önəmli işlər görsünlər?
- Mərkəzin yeni yaranan vaxtı fəaliyyəti haqqında məlumatlar var idi. Hətta insidentlərlə bağlı müəyyən açıqlamalar da verirdilər. Monitorinq Mərkəzinin fəaliyyətində heç bir məxfilik ola bilməz. Monitorinq məhz sülhyaratma, sülhü qoruma missiyası daşıyır və sülhməramlı prosesin tərkib hissəsidir. Burada hansısa məxfilikdən söhbət gedə bilməz. Monitorinq Mərkəzinin vəzifə borcu ondan ibarətdir ki, baş verən pozuntularla bağlı həm hökuməti, həm “sülhməramlı” adlandırılan kontingenti, həm də ictimaiyyəti məlumatlandırsın. İlkin mərhələdə bir neçə açıqlamaları olmuşdu. Əgər məxfi olsaydı, ilk günlərdə heç bir açıqlama verilməzdi. Bu gün isə faktiki olaraq, Monitorinq Mərkəzinin fəaliyyəti görünmür, nə ilə məşğul olduqları barədə heç bir məlumat verilmir.
Əslində bu, gözlənilən idi. Çünki Türkiyə ilə Rusiyanın birgə mərkəzinin olması ümumiyyətlə, paradoksaldır. Bu ölkələrin birgə fəaliyyəti, hansısa ortaq açıqlaması gülünc olar. Ola bilərmi ki, Qarabağdakı “sülhməramlılar” Üçtərəfli Birgə Bəyanatın şərtlərini pozsunlar, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də bununla bağlı birgə açıqlama versin, bunu qınasın və s. Təbii ki, mümkün deyil. “Sülhməramlıların” davranışı, Azərbaycan dövlətinə münasibəti, Bəyanatın şərtlərinə əməl etməməsi Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin onsuz da sönük olan fəaliyyətini blokadaya salıb. Mərkəzin açıqlaması hər iki tərəfin – həm Rusiyanın, həm də Türkiyənin razılığı ilə olmalıdır. Mərkəzin Rusiya tərəfindən olan nümayəndələri rus “sülhməramlılarının” pozucu əməllərini açıqlayarmı? Təbii ki, yox. Bu səbəbdən də, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi faktiki olaraq, iflic vəziyyətdədir.
- Bu günlərdə Laçın yolu 3 saata yaxın bağlanıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri sülhməramlılarla müzakirələr aparıblar. Məlumata görə, ermənilər tərəfindən sərvətlərin daşınması məsələsinə etiraz edilib. Daha sonra nazirlik rəsmilərinin Xankəndi şəhərinə getdikləri barədə qeyri-rəsmi məlumatlar var. Hesab etmək olarmı ki, artıq Azərbaycan rəsmi qurumları yavaş-yavaş sülhməramlıların nəzarətindəki ərazilərdə təşəbbüsü ələ alırlar, problemləri yerində çözməyə başlayırlar?
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycanın hər yerində olduğu kimi, “sülhməramlıların” nəzarət zonasında aparılan qanunsuz qazıntıların, təbii sərvətlərin istismarı, daşınması ilə bağlı araşdırma aparmaq hüququ var. Bu, tamamilə qanunidir, Azərbaycanın yer təkinin istifadəsi haqqında qanununa da uyğundur. Burada heç bir sual yoxdur.
Laçın yolunun bağlanmasına gəlincə, hesab edirəm ki, burada bir qədər təhrifə yol verilir. Çünki Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri Laçın yolunu bağlaya bilməzlər. Nazirlik sadəcə orada müvəqqəti post qura bilər ki, təbii sərvətlərin daşınması ilə bağlı monitorinq aparsınlar, faktları yoxlasınlar və s. Yolun bağlanması siyasi-hərbi qərarla olur. Ekoloqların müzakirəsi, yolun bir neçə saat bağlı qalması birinci suala cavabımda birinci versiya haqqında dediklərimlə bağlı ola bilər. Yəni ki, Azərbaycan tərəfi təbii sərvətlərin daşınmasını da faktlaşdırır, ortaya sübutlar qoymaqla Rusiyaya demək istəyir ki, “sülhməramlılar” şərtləri pozur, öz missiyasını yerinə yetirmir, Azərbaycanın ərazi bütövlüyünə, onun təhlükəsizliyinə təhdid yaradan fəaliyyətlə məşğuldur.
Ola bilsin ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “sülhməramlılara” müraciəti, apardıqları danışıqlar həmin prososin tərkib hissəsidir, komponentlərindən biridir. Deyək ki, bir komponent Müdafiə Nazirliyinin toponimlərlə bağlı müraciətləri, xəbərdarlıqlarıdır, digər komponent Ekologiya və Təbii Sərvətlər Nazirliyinin etirazıdır. Ümid edirəm ki, bu, belədir. O zaman düşünürəm ki, proses daha geniş formatda və daha kompleks şəkildə davam etdirilməlidir. Çünki bu zaman Azərbaycan çoxsaylı sübutlar, dəlillər, sənədlər toplamalıdır ki, “sülhməramlıların” öz məsuliyyət zonasında Üçtərəfli Birgə Bəyanatdan irəli gələn şəxrtləri pozurlar. Və bu, o deməkdir ki, Azərbaycan ən pis halda “sülhməramlıların” qalma müddətini uzatmayacaq. Ən yaxşı halda isə Azərbaycan yeni şərtlər çərçivəsində “sülhməramlıların” ərazilərimizdən çıxarılmasını tələb edəcək.
Əslində, ən yaxşı variant ikinci variantdır. Rus hərbçilərinin qanunsuzluqlarını, törətdikləri əməlləri, sabotaj etdikləri razılaşmaları sənədləşdirmək, sistemli, kompleks şəkildə rəsmiləşdirmək və onların ölkə ərazisindən çıxmasını tələ etmək lazımdır. Yaxud da ki, Üçtərəfli Birgə Bəyanatdan birtərəfli qaydada çıxmaq lazımdır. Bu, o deməkdir ki, Azərbaycan həmin sənədi tanımır. Bununla da “sülhməramlılar” Qarabağdan çıxmalı olurlar. Ümid edirəm ki, fəaliyyət bu versiyadadır. O zaman sözügedən fəaliyyət alqışlanmalıdır. Amma dəqiq deyə bilmərəm ki, belədir, ya yox... bu, sadəcə mənim ehtimalımdır.