Azərbaycan XİN: Ermənistan təhlükəsizliyə ciddi hədə yaradır
“Bölgənin sülh şəraitində inkişafının başqa alternativi mövcud deyil”
“Ermənistan revanşizm mövqeyi sərgiləyərək üzərinə götürdüyü öhdəlikləri tam icra etmir, silahlı birləşmələrinin qalıqlarını hələ də bölgədən çıxarmayaraq və ərazidə yeni minalar basdırmaqla təhlükəsizliyə ciddi hədə yaradır, bölgədə kommunikasiyaların açılışı üçün demək olar ki, heç bir praktiki addım atmır, hərbi təxribatlarını davam etdirir və beləliklə də post-münaqişə normallaşma cəhdlərinə ciddi xələl gətirir”.
“Avronews” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Anım Günü ilə bağlı yaydığı bəyanatda deyilir.
XİN bildirir ki, Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, və beynəlxalq sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında Ermənistan ilə münasibətlərin normallaşdırılmasının təşəbbüskarıdır: “Biz Ermənistanı bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə bu fundamental prinsiplərə hörmət etməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq. Ermənistanın nəhayət ki, danışıqlarda imitasiyaya son verib, real, konstruktiv addımlar atması gərəkdir. Bölgənin sülh şəraitində inkişafının başqa alternativi mövcud deyil”.