Rusların “işgəncə menyusu” – HÖNKÜRƏN FOTOLAR

Rusların “işgəncə menyusu” –

“Uzun iynələri kürəyimə, dərinin altına soxur, bədənimə elektrik cərəyanı verirdilər”

Ukraynanın İzyum şəhərindəki müvəqqəti Rusiya həbsxanasının rütubətli zirzəmi kameralarında saxlanılan çoxlu insanlar işgəncəyə məruz qalıblar. İşğalçıların bütöv bir “zorakılıq menyusu” var imiş.

67 yaşlı Mixail İvanoviç deyir ki, onların əksəriyyətini öz təcrübəsindən keçirib. Şəhər xəstəxanasının mərmilərdən ciddi zədələnmiş palatasında oturan təqaüdçü nələrə dözdüyünü xatırlayır: elektrik cərəyanı, döyülmə, sümüklərinin sınması və dəri altındakı iynələr. Onun sol əli sarğıdadır. Yorğundur, amma səsi sarsılmazdır.

“Mənə 12 gün işgəncə verdilər, zirzəmidə o qədər vaxt keçirdim. Mənə elektrik cərəyanı verdilər, qolumu sındırdılar, tamamilə məhv edirdilər. Biri tuturdu, digəri boru ilə vururdu. Beş-altı nəfər döyürdü - elektrik cərəyanı ilə, boru ilə, çubuqlarla və ayaqları ilə... Hamını döydülər. Dedilər ki, mən terrorçuyam. Barmaqlarıma naqillər qoydular və cərəyanı yandırdılar, mənə dörd dəfə bunu etdilər - indi barmaqlarım təmiz yanıb. Məni altı-səkkiz dəfə döydülər, yadımda deyil. Ağrı da hiss etmədim, məni o qədər döydülər ki, sonda bədənim heç nə hiss etmirdi”, - deyir İvanoviç.

O, çiyinlərini göstərir: “Belə uzun toxuculuq iynələri kürəyimə, dərinin altına, bura soxurdular. Mənim qan təzyiqim 40-ın sıfıra idi, demək olar ki, bütün qanımı itirmişdim - yarıölmüşdüm. Bizim hərbçilər İzyumu azad etdilər və məni kameradan çıxardılar”.

Ukrayna ordusu sentyabrın 11-də İzyuma daxil olaraq, Rusiyanın 5 aylıq işğalına son qoyub. Bu aylarda Rusiya İzyumdan Donbassın şərqindəki hücumlar üçün əsas təchizat mərkəzi və tramplin kimi istifadə edib.

Mixail İvanoviçi də başqaları kimi təxribatda şübhəli bilərək “zirzəmiyə” salıblar. Məhkumlar dar kameralara yığılıb, başlarına torba keçirib, onlara qarşı sərt davranıblar.

“Zirzəmidə çox adam var idi, dəqiq bilmirəm neçə nəfərdi. Mənimlə oturanların hamısına işgəncə verirdilər, elə olurdu ki, onları gündə iki-üç dəfə kameradan çıxarırdılar. Yaxud məni kamerada döydülər. Birini gördüm - çıxardılar, məncə, ölmüşdü. Və məncə, tək deyildi, heç danışılası bir şey də yoxdur”, - İvanoviç bildirir.

Onun boynunda zolaqlı köynək üzərində xaç asılıb. Ondan kamerada olarkən dua edib-etməməsini soruşuruq. Cavab verir: “Əlbəttə. Məcbur idim. Orada kim olsa, dua edər”.

Mixail və digərləri İzyumda polis idarəsinin binasında işgəncələrə məruz qalıblar. Biz ora girəndə otaq səliqəsiz idi, qapıların bəziləri yox idi, pəncərələr sınmışdı. Ruslar şəhərə girməzdən əvvəl İzyumu möhkəm atəşə tutmuşdular.

Kameraların yerləşdiyi iki mərtəbəyə pilləkənlərlə endikcə, qaranlıq dərinləşir. Çirkli çarşaflar və atılmış paltarlar istisna olmaqla - əksəriyyəti kiçik və tamamilə boşdur.

Bir kamerada kimsə divara həbs müddətini göstərən xətləri cızıb. Sükutu Ukrayna əsgəri pozur: "Sanki bütün bu divarlar ağrı və əzabla doludur".

Mixail İvanoviçin elektrik cərəyanı ilə bağlı hekayəsi bu kameralarda olan başqalarının - yaxınlarda azad edilmiş ərazilərdə rastlaşdığımız insanların danışdıqları ilə üst-üstə düşür.

Keçmiş jurnalist Maksim onun da orada saxlanıldığını söyləyir: “Onlar elektrodları bağlayırlar və cərəyanı işə salırlar, sən titrəməyə başlayırsan. Mən stuldan yıxıldım. Ağrı dəhşətli idi. Qaranlıq idi - tam qaranlıqda bizə işgəncə verirdilər, fənərləri var idi. Kamera yoldaşlarımdan soruşdum ki, neçə vaxtdır özümdən getmişəm, “qırx dəqiqə” dedilər. Məncə, 15-20 dəqiqəyə huşunu itirirsən”.

Ukrayna dünya ictimaiyyətinə sübut etməyə çalışır ki, rusların mülki şəxslərə sistemli işgəncə verməsi hərbi cinayətdir - təsadüfi deyil. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, son günlər Xarkov vilayətinin Ukrayna hərbçiləri tərəfindən azad edilmiş ərazilərində on işgəncə kamerası aşkarlanıb.

Həbsxanadan bir qədər aralıda müstəntiqlərlə iş yerində rastlaşırıq - onlar rus qoşunlarının komanda mərkəzi kimi istifadə etdikləri binanı yoxlayırlar. Jurnalistlərin dəlillərə xələl gətirməmək üçün ora baxil örtüyü və maska ​​ilə getməsinə icazə verilir.

Rus dilində "Polis" yazısı olan lövhə hələ də qapının üstündən asılıb, masanın içərisində "Komsomolskaya Pravda"nın nömrəsidir.

Ağ qoruyucu kostyum geyinmiş aparıcı müstəntiq Leonid Pustovit dəhşətli bir tapıntı aşkarlayıb. O, bizə üzərində qan izləri olan bir balta göstərmək üçün siyirməni açır. “Araşdırmamız onun kimin qanı olduğunu göstərəcək” deyir.

Müstəntiq Rusiya hərbçiləri tərəfindən Ukrayna hökumətini dəstəklədiyinə inandıqları şəxslərin adları ilə bağlı da siyahı tapıb: “Bu, Ukrayna hakimiyyətinə sadiq olmaqda şübhəli bilinən yerli sakinlərin siyahısıdır, onların ekstremist fikirlərə sahib olduqlarını yazıblar. İnsanlar bura gətirilərək dindirilib. Onlar nəzarətdə saxlanılıb”.

Bu xaraba şəhər öz hekayələrini danışmağa və rusların nə qədər qurban buraxdıqlarını göstərməyə başlayır.

İzyumun kənarındakı şam meşəsində məhkəmə-tibb qrupları 500-ə yaxın məzardan insan qalıqlarını çıxarmağa davam edir. Səlahiyyətlilər ölənlərin əksəriyyətinin mülki şəxslər olduğunu bildirir, lakin bir məzarda 17 əsgərin cəsədi olub, bəzilərinin əlləri bağlı və işgəncə izləri var.

Vilayət prokurorluğundan bizə bildirdilər ki, rus hərbçiləri burada dəfn olunanların demək olar ki, hamısını qətlə yetiriblər.

Xilasedicilərin ağ cəsəd torbalarında cəsədləri aparmasını seyr edən Alyona Kazabexova ümidlə dəhşət arasında qalıb. O, Ukraynanın 95-ci Hava Desant Batalyonunda xidmət edən atası Petro Vasilçişinin axtarışına gəlib.

Göz yaşları içində olan qadın dəstək üçün əri Yuriyə söykənir və danışır: “Son zəngimiz aprelin 17-də olub. Ertəsi gün cəbhə xəttinə getdilər və onun dəstəsindən olan bir çoxları itkin düşdü. Biz bilirik ki, beş nəfər həlak olub, onların cəsədləri başqa əsgərlər tərəfindən tapılıb”.

Hələ də cavabsız qalan suallardan əzab çəkən Yuri etiraf edir ki, heç olmasa, basdırmağa bir şeyi olanlara az qala paxıllıq edirlər: “Biz indiki kimi vəziyyətdə olan ailələri tanıyırıq, lakin cəsədləri tapdılar və onlar - təsvir etmək çətindir - bizdən daha xoşbəxtdirlər, çünki ən azı cəsədləri tapdılar”.

Bu anda meşədə tapılan qalıqların başqa briqadanın əsgərlərinə aid olması bilindi, ona görə də Alyona və Yuri başqa yerə baxmalı ola bilərlər.

Bəziləri üçün cəsədlərin eksqumasiyası artıq bir çox suallara cavab verib. Dəfn yerindən təkrarlanan fotoşəkillərdən birində biləyin ətrafında mavi və sarı sarğı olan parçalanmış əl - Ukrayna bayrağının rəngləri göstərilir. Və altında - ancaq nəzərə çarpan qırmızımtıl ləkə.

Ukraynanın 93-cü mexanikləşdirilmiş briqadasının açıqlamasına görə, bunlar Sergey Sova adlı əsgərin qalıqlarıdır. Həyat yoldaşı Oksana şəkli görəndə onun biləyindəki döyməni tanıyıb.

İzyum indi dərin izləri olan bir şəhərdir. Hər tərəfdə yanmış və dağılmış binaların xarabalıqları. Küçələr demək olar ki, cansızdır. Sanki mərmilərdən və işğaldan sağ çıxan sakinlər hələ də çölə çıxmaqdan qorxurlar.

Bir ovuc insan furqonun arxasından paylanan humanitar yardımı - ən zəruri əşyalar olan kiçik bağlamaları qəbul etmək üçün şəhərin mərkəzindəki günəşli meydanda toplaşıb.

Onların arasında 25 yaşlı Daşa və altı yaşlı oğlu Timofey də var. Oğlan çalıların arasında oynayarkən, anası ötən ayların çətinliklərini danışır: “Biz küçədə yemək bişirirdik. Yanğın maşını su, şam gətirirdi. İçməli suyumuz yox idi, quyu axtarırdıq ki, içməli su olsun. Gündə iki dəfə yemək yeyirdik. Biz hazırlaşırdıq”.

Gecələr xüsusilə qorxulu idi, oğlu tək yatmaqdan qorxurdu. Uşaq kabuslar görür, qışqırıb ayılırdı. Rusiya hərbçiləri gedib, lakin Daşa hələ də gələcəkləri ilə  bağlı qeyri-müəyyən vəziyyətdədir.

Bu qədər böyük ərazini sürətlə azad edən Ukrayna ordusu indi onu müdafiə etməlidir. Son günlər ətraf ərazilərdən keçərkən müdafiədəki hər hansı boşluqları bağlamağa tələsən tankların və əsgərlərin kolonlarını gördük və zaman-zaman yaxınlaşan atışma səslərini eşitdik.

Prezident Zelenski deyir ki, bu, sakitlik deyil, qarşıdakı döyüşlərə hazırlıqdır: “Bu, növbəti epizoda hazırlıqdır, çünki Ukrayna tamamilə azad olmalıdır”.

Daşa vəziyyətə başqa cür baxır: “Bizim azadlığımız hələ nazik buza bənzəyir”.

(BBC)