Rusiyadan enerji asılılığına son qoyulur
Bu, strateji qərardır və ondan geri dönüş olmayacaq
Yeni hökumətin fəaliyyətə başladığı önəmli Avropa ölkələrindən biri də İtaliyadır. Yeni Baş nazir Corca Meloni parlament qarşısında ilk çıxışını edib və aktual problemlərə toxunub.
Enerji problemindən danışan Meloni bildirib ki, İtaliya Putinin şantajına boyun əyməyəcək: “Putinin enerji şantajına boyun əymək problemi dərinləşdirmək deməkdir. Azadlığın öz qiyməti var".
Hökumət başçısı bəyan edib ki, İtaliya Rusiya işğalına qarşı mübarizə aparan mərd Ukrayna xalqının tərəfdaşı olmağa davam edəcək: "Təkcə ona görə yox ki, biz müharibəni qəbul edə bilmərik, həm də ona görə ki, bu, milli maraqlarımızı müdafiə etməyin ən yaxşı yoludur".
Qeyd edək ki, İtaliya Rusiyanın qaz asılılığından xilas olmaq yolunda sürətlə irəliləyən ölkələrdən biridir. Keçmiş Baş nazir Dragi bu istiqamətdə ciddi çalışmalar həyata keçirib. 15-22 oktyabr tarixlərində İtaliya 1974-cü ildən bəri ilk dəfə olaraq Rusiyadan 1 kubmetr də qaz almayıb. Ukrayna müharibəsindən əvvəl İtaliya təbii qaza olan tələbatının 40%-ni Rusiyanın hesabına təmin edirdi.
Əlverişli iqlim, sıxılmış maye qaz təklifinin artması, qənaət və anbarların dolması (Almaniyada 97% həcmində) kimi səbəblərdən Avropa qaz bazarında nisbi sabitlik müşahidə olunur və qiymətlər düşür. Təbii ki, bu, hələ problemin təməldən həll olunduğu anlamına gəlmir, amma Rusiyadan enerji asılılığına son qoyulması strateji qərardır və bu yoldan geri dönüş olmayacaq.
Müəllif: Şahin Cəfərli (politoloq)
Mənbə: “Facebook”