İzyum: 12 gün rus işgəncəsi altında - VİDEO

İzyum: 12 gün rus işgəncəsi altında -

“Onların xüsusi otağı var idi, bizə orada işgəncə verirdilər”

Müalicə olunduğu xəstəxanadan çıxarkən Mixail Çindey jurnalistlərə və prokurora Ukrayna Silahlı Qüvvələrinin bu yaxınlarda rus qoşunlarından azad etdiyi, 400-dən çox cəsədin kütləvi məzarının tapıldığı İzyum şəhərinin polis bölməsinə gedən yolu göstərir. 67 yaşlı yerli sakin 12 gün rus hərbçilərinin əlində necə əsir qaldığını, orada sorğu-sual edildiyini və tez-tez döyüldüyünü danışır.

O, jurnalistləri keçmiş kamerasına aparır və deyir: “İkinci mərtəbədə onların xüsusi otağı var idi (işgəncələr üçün - red.). Harada olduğunu dəqiq deyə bilmərəm”.

“Qışqırıqları eşidirdim. Onları məhz burada, kamerada döyüblər. Bu tərəfdəki qadın bərkdən qışqırırdı”, - deyə o bildirir.

Mixail də digər məhbuslar kimi əsirlikdə olanda günləri sayırdı. Həbsdən çıxandan sonra onu xəstəxanaya aparmaq lazım idi. Tezliklə o, zədələnmiş əlini tam bərpa etmək üçün cərrahiyyə əməliyyatı keçirəcək – bu, əsirliyin ağrılı bir xatırlatmasıdır.

Ukraynanın azad edilmiş şərqindəki Kupyansk və ya Balakleya kimi digər şəhərlərdə rus hərbçilərinin mülki əhalini özbaşına saxlaması və işgəncələrə məruz qoyması halları nadir deyil.

(Euronews)