Asiya regional müharibələr arenasına çevriləcək
Pekinin əsas hədəfi lokal münaqişələrdə üstünlük qazanmaqdır
Çin Kommunist Partiyasının davam edən qurultayı beynəlxalq aləmin diqqət mərkəzindədir. Partiyanın sədri Si Sinpinin çıxışının Tayvanla bağlı hissəsi siyasi ekspertlərin müzakirə predmetidir. Si Sinpin faktiki dedi ki, Çin Tayvanın ələ keçirilməsi məqsədilə hərbi gücdən istifadə etməyə hazırdır. Asiyada başqa qaynar nöqtələr də yarana bilər.
Siyasi ekspertlər Si Sinpinin çıxışında digər vacib detala diqqət çəkiblər. O, çıxışında bir neçə dəfə “regional müharibələr” ifadəsi işlədib. Halbuki, Çinin hər il dərc olunan milli təhlükəsizlik strategiyasında “regional müharibələr” barədə cümlələr yoxdur. Ona görə də Si Sinpinin “regional müharibə” ifadəsi altında həm Tayvanda mümkün hərbi əməliyyat, həm də qonşu Hindistanla qarşıdurma nəzərdə tutula bilər.
Təsadüfi deyil ki, Çin ordusunun son illər hərbi təlimlərinin sayı artıb. Si Sinpin Çin ordusunun peşəkar səviyyəsini artırmaq və ən modern silahlarla təchizatını qarşısına məqsəd qoyub. Çin ordusu “regional müharibələrə” hazır olmalı və qələbələrə hədəflənməlidir.
Si Sinpinin “regional müharibələrdən” çox danışması həm də o deməkdir ki, Pekin böyük müharibələr aparmaq istəmir. Misal üçün, Çin ABŞ-la müharibədə maraqlı deyil. Pekinin əsas hədəfi lokal münaqişələrdə üstünlük qazanmaqdır.
Çinin yeni strategiyasında müxtəlif ölkələrdə hərbi bazaların yaradılması da var. Çinin Afrikanın kiçik ölkəsi olan Cibutidə hərbi bazası mövcuddur. Çin kiçik adalarda da hərbi bazalar yaratmağa çalışır. Pekin bu məqsədinə çatmaq üçün əvvəlcə kiçik və kasıb ada ölkələrinə kreditlər verir, sazişlər imzalayır, daha sonra hərbi baza yaratmaq istəyini səsləndirir.
Buna baxmayaraq, Qərbin analitik mərkəzləri Çin ordusunun müharibə təcrübəsinin zəif olduğu qənaətindədirlər. Çin ordusunun Hindistanla sərhəddə toqquşmaları savaş təcrübəsinin artırılması üçün kifayət deyil. Çin Rusiya ilə birgə hərbi təlimlərin sayını ona görə artırıb ki, savaş təcrübəsini artırsın. Ancaq Rusiyanın Ukraynada apardığı işğalçı müharibə göstərir ki, Rusiyanın “təcrübəsindən” öyrəniləsi nəsə yoxdur.
Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi
Mənbə: “Facebook”