“Lamborghini”li yoqa ustadı: heyranlıq, həsəd, təəccüb - FOTO, VİDEO
“Başa düşdüm ki, həyat təkcə maddi sərvət toplamaqdan ibarət deyil - daha başqa bir şey var”
Şri Akarşana bir çoxları üçün örnək olmuş britaniyalı iş adamı və mənəvi ustaddır. Təxminən 35 milyon insan onun kontentini sosial mediada izləyir və ya yaşadığı Dubayda canlı çıxışları dinləməyə gəlir. Onun əsl adı Erik Hodur, lakin geniş ictimaiyyət onu “Lamborghini” sürən yoqa ustadı kimi tanıyır.
"Atam iş adamı idi, bir neçə restoranı var idi. Uşaqlıqdan bankdan necə kredit götürmək barədə çox eşitmişəm, zaman keçdikcə biznesə necə başlamağı, pul vəsaitlərinin idarə edilməsinin nə olduğunu öyrəndim", - deyə sahibkar bildirir.
Gələcək yoqa ustası ilk milyonunu 25 yaşında polad və rezin emalı sahəsində bizneslə məşğul olaraq qazanıb: "Bizim ilk sövdələşmələrdən birində təxminən 15 milyon dollar dəyərində müqavilə imzalamışdıq. Sadəcə şans gətirdi və hər şey alındı”.
Onun sözlərinə görə, bir anda o, sadəcə olaraq, bütün bu sərvətin - superkarlar, saatlar, daşınmaz əmlak, yaxtalar və sair - dalınca qaçmaqdan bezib: “Başa düşdüm ki, həyat təkcə maddi sərvət toplamaqdan ibarət deyil - daha başqa bir şey var”.
Erik Ho yoqa, meditasiya, nəfəs alma texnikalarını öyrənməyə getdi, onun müəllimi olmuş Himalay yoqa ustadı ilə tanışlıq iş adamının gələcək həyatını dəyişdi. Bir neçə il sonra o, mənəvi ustad adını aldı, lakin onun təcrübəsi və həyat yolu mənəvi təcrübəyə təsir etməyə davam etdi.
Ustad Şri Akarşana adətən bir-birinə toxunmayan və başa düşməyən iki kateqoriya insanları bir araya toplamaq qərarına gəlib: bir tərəfdən “dünyəvi” materialistlər, qarşısına məqsəd qoyub nəticə əldə edən iddialı oyunçular, digər tərəfdən “yüksək mənəviyyatlı”, hər gün meditasiya edən insanlar. Onlar otların üstündə ayaqyalın gəzir, ağacları qucaqlayır.
“Əlbəttə ki, mənəvi varlığı, nəfəslə işləmək - bütün bunlar xoşbəxt olmaq üçün vacibdir. Ancaq eyni zamanda, biz pulun vacib olduğu maddi dünyada yaşayırıq. Və buna görə də fikrimi başa salmaq üçün öz-özümə dedim: "Bilirsən nə var? Mən “Lamborghini” alacağam və yoqa və mənəvi təcrübə ilə məşğul olmağa davam edəcəyəm”, - deyə ustad söyləyir.
O davam edir: “Karyeraçılar bu maşını görüb deyəcəklər ki, "Ah, bu, sadəcə mənim üçündür. Mən nəsə öyrənmək istəyirəm. Kanalıma daxil olan mənəvi qida dalınca gedən uşaqlar isə təəccüblənəcəklər: "Bu, niyə Lamborghini sürür?". Bunda heç bir ziddiyyət yoxdur”.
Akarşana tövsiyə edir: “Başqa bir karyera hədəfinin arxasınca getmək və xoşbəxtliyin birbaşa uğurdan asılı olduğunu və buna görə də yeni zirvələri fəth etməli olduğunuzu söyləmək əvəzinə, dayanmalı, keçdiyiniz yola baxmalı və burada və indi həyatdan xoşbəxtlik və məmnunluğu necə tapmaq barədə düşünməlisiniz: buludların üzərində uçmaq, xəyallar aləmində yaşamaq. Eyni zamanda, əlbəttə ki, özünüz üçün hədəflər qoymağa davam etməlisiniz. Maddi rahatlığa haqqınız var, lakin mənəvi inkişafa yönəlmiş fərqli düşüncə tərzini nəzərə alaraq, daha çox şeyə nail ola bilərsiniz”.
Ustad Şri əmindir ki, "zehinlilik meditasiyası" və digər zehni təcrübələr cəmiyyətdəki bərabərsizliyi aradan qaldırmağa kömək edə bilər. O, Dubayda tezliklə, sahəsi 780 kvadratmetrdən böyük olan yoqa mərkəzini açacaq: “Biz bu layihəyə çoxlu insanı cəlb edəcəyik, xoşbəxtlik və sağlamlıq, o cümlədən mənəvi məsələlərdə kömək etməyə hazır bütöv bir cəmiyyət yaradacağıq”.
Adam yeni təcrübələrlə maraqlananların hamısına yaşanan hər andan həzz almağı, məhəbbət bəxş etməyi, şəfqəti yaşamağı tövsiyə edir: “Yaşadığımız hər yeni anla təkcə keçmişimizi yaratmırıq, gələcəyə də can atırıq”.
(Euronews)