Amorf təşkilat: KTMT kimə və nəyə lazımdır?

Amorf təşkilat: KTMT kimə və nəyə lazımdır?

“Bu komediyanı bitirməyin vaxtı çatmayıbmı? Artıq gec deyilmi?”

SSRİ-nin xarabalıqları üzərində yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) indi unikal bir birlikdir. Paytaxtında hərbi-siyasi blokun yaradılması haqqında müqavilə bağlanan ölkə - Özbəkistan artıq onun üzvü deyil; altı iştirakçı ölkədən ikisi faktiki olaraq digər dövlətlərlə müharibə aparır, lakin yalnız öz qüvvələri hesabına mübarizə aparır; daha ikisi daim bir-biri ilə döyüşür. Bu, necə təşkilatdır və onun perspektivi varmı?

KTMT-nin xəbər gündəmində sonuncu qeydi oktyabrın 9-da olub: Qırğızıstan öz ərazisində bu təşkilatın sülhməramlı qüvvələrinin təlimlərini keçirmək istəməyib. “Sarsılmaz qardaşlıq - 2022” adlı komanda-qərargah təlimləri oktyabrın 10-14-də İssık-Kul vilayətində keçirilməli idi, lakin səbəb göstərilmədən ləğv edilib.

Ertəsi gün jurnalistlər Rusiya Federasiyası Prezidentinin mətbuat katibindən Rusiya ilə Qırğızıstan arasında fikir ayrılıqlarının olub-olmadığını soruşduqda, Dmitri Peskov belə cavab verib: “Xeyr”.

KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. İssık-Kul vilayətinin Balıqçı şəhərində keçirilən təlimlərdə atəşkəs rejiminin təmin edilməsi yollarının işlənib hazırlanması planlaşdırılırdı. Amma görünən odur ki, təşkilatın daha az üzvü KTMT qüvvələrinin atəşkəsi təmin edə biləcəyinə inanır. Məsələn, sentyabrın sonunda Ermənistan KTMT-nin Qazaxıstanda keçirilən təlimlərində iştirakdan imtina etdi.

“Atmayan silah”

KTMT-nin fəaliyyəti və ya fəaliyyətin olmaması bloka daxil olan ölkələrin bir çox siyasətçilərinin narazılıq predmetidir. Sentyabrın ortalarında İrəvanda Ermənistanın Təşkilatdan çıxması və yeni müttəfiqlərlə danışıqlara başlanması tələbi ilə mitinq keçirilib. Buna səbəb sentyabrın 12-dən 13-nə keçən gecə yenidən alovlanan Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ermənistanın toqquşma zonasına hərbi qulluqçu göndərmək istəyinə KTMT-nin passiv reaksiyası olub.

Etirazçılara parlamentin spikeri Alen Simonyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqonyan dəstək verib. Simonyan KTMT-ni “atmayan, ancaq göstərmək mümkün olan” tapança ilə müqayisə edib.

"Təbii ki, biz çox narazıyıq. Gözləntilər özünü doğrultmur. Biz də xalqı təmsil edərək, xalqla əlaqəyə girərək, KTMT-nin nəyə görə heç nə etmədiyini uzun müddət onlara izah edə bilməyəcəyik. Və təbii ki, biz bundan nəticə çıxaracağıq, biz bunu artıq edirik və etmişik”, - deyə Simonyan Ermənistan İctimai Televiziyasının efirində bildirib.

Etiraz aksiyaları ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfəri ilə üst-üstə düşdü və elə ertəsi gün, sentyabrın 19-da ABŞ dövlət katibi Entoni Blinkenin Nyu-Yorkda Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə üçtərəfli görüşü barədə məlum oldu.

“Rusiya artıq planlarda nəzərə alınmır”

Politoloq Anatoli Nesmiyan hesab edir ki, Rusiya Cənubi Qafqaz və Mərkəzi Asiyanı tərk etmək üzrədir: “Çünki o, artıq xarici siyasət yükünü öz üzərinə götürə bilmədiyindən, iki regionda münasibətlərin balansı əhəmiyyətli dərəcədə dəyişir. Ona görə də, ABŞ mümkünsə, birbaşa iştirak etmədən yeni balanslara necə uyğunlaşmağın variantlarını axtarır. Çox güman ki, Ermənistanı avropalılara və NATO-ya "ötürməyə" çalışacaqlar. Çünki Türkiyə özü də NATO-nun üzvüdür. NATO, onunla regiondakı Alyans çərçivəsində vəziyyətlə bağlı danışmaq daha asan olacaq, necə deyərlər, narazılıq “evdən qırağa” çıxmayacaq”.

"Bütün bunlar SSRİ-nin dağılmasından əvvəlki vəziyyəti çox xatırladır. O zaman Sovet təsir zonasının bölünməsi də başladı və Kreml özünü heç nə baş vermədiyi kimi aparmağa məcbur oldu, çünki, artıq baş verənlərə reaksiya verə bilmirdi. Bu gün Rusiya da planlarda artıq nəzərə alınmır, çünki o, Ukraynanın qara torpağında potensialını tükədib və bu gün ordusunu bitirir, hətta ən azı keçmiş maraq dairələrində bəzi qərarların hazırlanmasında iştirak etmək üçün hipotetik imkanlarını da həmçinin”, - deyə ekspert qeyd edib.

KTMT necə və nə üçün yaradılıb?

1992-ci il mayın 15-də Sovet İttifaqının dağılmasından az sonra altı postsovet respublikası - Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan Daşkənddə Kollektiv Təhlükəsizlik Müqaviləsi imzaladı. Növbəti il ​​Azərbaycan, Gürcüstan və Belarus sazişə qoşuldu.

Son dövrlərə qədər vahid orduya malik vahid dövlət olan ölkələrin ərazisində hərbi-siyasi blokun yaradılması təbii ehtiyac kimi görünürdü - vüsət alan parçalanma proseslərini kompensasiya etməyə hesablanmışdı.

Əvvəlcə KTMT NATO-ya mümkün alternativ kimi yaradıldı, lakin çətin ki, onun analoqu oldu - o zaman da Sovet dövründə yığılan, dövlətin dağılması ilə daha da kəskinləşən çoxsaylı ziddiyyətlər artıq göz qabağında idi.

Hər şeydən əvvəl, tamhüquqlu hərbi birliyin yaradılmasına onun iştirakçılarının həll edilməmiş ərazi mübahisələri və Təşkilatın ən güclü üzvü olan Rusiyanın öz təsir dairələrini, o cümlədən hərbi yolla genişləndirmək istəyi əngəl törədirdi.

Beş il sonra Özbəkistan, Gürcüstan və Azərbaycan KTMT-dən çıxdı (Özbəkistan 2006-cı ildə qayıtmaq qərarına gəldi, lakin 2012-ci ildə fikrini dəyişdi və yenidən təşkilatı tərk etdi). Hazırda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan KTMT-nin üzvü olaraq qalır.

Moskvanın “səxavətinin” əvəzini ödəməlisən

Müşahidəçilər çox vaxt KTMT-ni amorf təşkilat adlandırırlar. Mövcud olduğu bütün dövr ərzində o, yalnız bir dəfə hərbi kontingentdən istifadə edib - 2022-ci ilin yanvarında Qazaxıstana sülhməramlılar göndərib - orada kütləvi etirazlar başlamış və iğtişaşlara çevrilmişdi. Ölkəyə gələn KTMT bölmələrinə ya polis əməliyyatında iştirak, ya da nəzarət-ehtiyat dəstələri rolu təyin olunmuşdu - Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təhlükəsizlik qüvvələrinin sədaqətinə qəti şəkildə şübhə edirdi və sülhməramlıların göndərilməsi xahişini 20 min nəfər xarici terrorçunun hücumu ilə əsaslandırdı. Sonradan bunun heç bir qəti sübutu təqdim edilmədi. Lakin Putin Tokayevi dəstəklədi.

“Qazaxıstan şəhərlərində KTMT qoşunları Rusiyanın Nur-Sultandakı siyasi rejim üzərində tam hüquqlu təsirinin və nəzarətinin simvolik göstəricisinə çevrilmişdi. Və bu, Moskvaya sərf edirdi”, - deyə Vaşinqton Milli Müdafiə Universitetinin professoru Erika Marat söyləyir.

Qonşu Qırğızıstan üç dəfə - 1999-cu ildə Batken hadisələri zamanı, Əfqanıstan və Tacikistandan silahlı islamçıların ölkəyə yeridilməsi zamanı, 2010-cu ildə Oş və Batkəndə qırğızlarla özbəklər arasında qanlı millətlərarası münaqişə başlayanda və 2021-ci ildə Tacikistan-Qırğızıstan sərhədində daha bir, lakin xüsusilə ağır silahlı münaqişə zamanı yardım üçün KTMT-yə müraciət edib. Və hər dəfə rədd cavabı alıb.

“Qırğızıstanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ehtiyacı varmı?”, - deyə Qırğızıstan siyasətçiləri və ictimai xadimləri getdikcə daha çox özlərinə suallar verirlər.

Bir çox ekspertlər KTMT-nin Rusiyanın hərbi təsirini saxlamaq alətinə çevrildiyini vurğulayır və Moskvanın “səxavətinin” əvəzini ödəməli olduğunu xatırladırlar. Nümunə kimi tez-tez Belarusdakı vəziyyət göstərilir - onun rəhbəri, 2020-ci ildə hakimiyyətdə qalmasına Kremlin kömək etdiyi Aleksandr Lukaşenko Vladimir Putinin bütün istəklərini yerinə yetirir.

Lukaşenkodan başqa KTMT-yə üzv olan ölkələrin liderlərindən heç biri Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləməyib və bu, Rusiyanın müharibə tərəfdarlarının qəzəbinə səbəb olur – onlar təşkilatı müttəfiqlərinin “Rusiyanın düşmənləri ilə əməkdaşlıq etdiyi” pərdə adlandırırlar.

"Kimin Rusiyanın əleyhinə səs verdiyinə baxanda heyrətlənəcəksən. Nəhayət, KTMT adlı bu komediyanı bitirməyin vaxtı deyilmi? Artıq gec deyilmi?", - deyə “topwar.ru” portalının əməkdaşı yazır.

Ukraynaya hücumdan sonra Rusiyanın beynəlxalq reputasiyası elədir ki, KTMT-nin bir çox üzvləri Moskvanın özündən uzaqlaşmaqdan çəkinmir. Amma onlar yeni müttəfiqlər tapıb tapa biləcəkmi?

(BBC)