Bin Ladenin varisi də öldürüldü: “Əl-Qaidə”nin 1 nömrəsi kim olacaq? - ARAŞDIRMA

Bin Ladenin varisi də öldürüldü: “Əl-Qaidə”nin 1 nömrəsi kim olacaq? -

Zəvahirinin yerinə kim seçilsə, eyni problemlə üzləşəcək – o, amerikalıların hədəfində olacaq

“Əl-Qaidə”nin lideri Ayman Zəvahirinin Amerikanın pilotsuz uçuş aparatının (PUA) Kabildə endirdiyi zərbə nəticəsində həlak olması, təbii olaraq, terror təşkilatının başına kimin keçə biləcəyinə diqqət çəkib. Misirli Seyf əl-Adel ən çox ehtimal olunan namizəd kimi görünür. O, vaxtilə Zəvahirinin müavinləri təyin edilmiş beş “Əl-Qaidə” veteranından sağ qalan yeganə şəxsdir və hazırda onun əsas varisi hesab olunur.

Ancaq hər şey o qədər də sadə deyil. Əl-Adelin hazırda “Əl-Qaidə”nin düşmən hesab etdiyi İranda yaşadığı deyilir. “Əl-Qaidə”nin qurucusu Usamə bin Ladenin etibarlı köməkçisi olan əl-Adel müəmmalı şəxsiyyətdir və cihad davasının nüfuzlu veteranıdır.

O, şübhəsiz ki, ABŞ səlahiyyətlilərini maraqlandırır: o, FTB-nin “Ən çox axtarılan terrorçular” siyahısında görünür və onun harada olduğu barədə məlumat üçün 10 milyon dollar mükafat var. O, 1998-ci ilin avqustunda 220-dən çox insanın ölümünə səbəb olan Amerikanın Tanzaniya və Keniyadakı səfirliklərində eyni vaxtda törədilən partlayışlarda əli olmaqda ittiham olunur.

Eyni zamanda, onun Nyu-York və Vaşinqtonda 11 sentyabr hücumlarına qarşı çıxdığına dair versiya da var.

2021-ci ilin fevral ayında ABŞ Hərbi Akademiyasının (West Point) tədqiqatçıları bildiriblər ki, əl-Adel və digər yüksək səviyyəli “Əl-Qaidə” fiqurları ABŞ ərazisinə genişmiqyaslı hücumun ardınca güclü cavab veriləcəyindən qorxurdular. Söhbət o vaxt “Əl-Qaidə” yaraqlıları üçün sığınacaq olan Əfqanıstanın işğalından da gedirdi.

Əl-Adel keçmişdə təhlükəsizlik və kəşfiyyat, müharibələr və inqilablar da daxil olmaqla müxtəlif mövzularda geniş yazılar yazıb. “Əl-Qaidə”nin mümkün yeni liderinin həyatı haqqında məlumat çox azdır. FTB-nin məlumatına görə, əl-Adel ya 1963-cü il aprelin 11-də, ya da ondan üç il əvvəl anadan olub.

“Əl-Qaidə”dəki statusuna baxmayaraq, o, əsasən kölgədə qalır və qrupun təbliğatında az iş görürdü. Onun həqiqətən kim olduğuna dair də şübhələr var. Məsələn, onun adı kimi bilinən Seyf əl-Adel (ərəbcə “Ədalət qılıncı”) yəqin ki, təxəllüsdür.

“West Point” tədqiqatçıları deyirlər ki, əl-Adeli tez-tez səhvən Misir xüsusi təyinatlılarının keçmiş polkovniki Məhəmməd İbrahim Makkavi kimi tanıyırlar. Onun 1980-ci illərdə Əfqanıstanın Sovet işğalına qarşı “Əl-Qaidə” yarandığı dövrdə bin Ladenlə birlikdə döyüşdüyü məlumdur.

Əl-Adel daha sonra Somaliyə köçdü və burada ABŞ-ın Somali vətəndaş müharibəsinə müdaxiləsinə qarşı çıxan yaraqlılara təlim keçməyə kömək etdi. Bu kampaniya 2001-ci ildə “Hollivud” blokbasteri “Black Hawk Down” filminə ilham verən hadisə olan Moqadişuda ABŞ-ın iki MH-60 “Black Haw”k helikopterinin vurulması ilə məşhur idi. Raketlərdən birinin əl-Adel dəstəsindən olan tunisli tərəfindən atıldığı güman edilir.

Əl-Adel Əfqanıstana 90-cı illərin ortalarında, “Taliban”ın ölkə üzərində nəzarəti gücləndirdiyi vaxt qayıtdı. 2001-ci ildə ABŞ-ın işğalından qısa müddət sonra o, yenidən ayrıldı və gizli sığınacaqlar şəbəkəsi vasitəsilə “Əl-Qaidə” əməliyyatçılarının koqortasını İrana gətirdi və onlara rəhbərlik etdi. İran hakimiyyətinin onu 2003-cü ildə həbs etdiyi və 12 il sonra məhbus mübadiləsi zamanı bir neçə digər “Əl-Qaidə” üzvü ilə birlikdə sərbəst buraxıldığı güman edilir.

Uzun müddət həbsdə olmasına baxmayaraq, əl-Adel “Əl-Qaidə”də güclü fiqur olaraq qaldı və 2011-ci ildə Pakistanda ABŞ xüsusi təyinatlıları tərəfindən Bin Ladenin öldürülməsindən sonra Zəvahirinin lider kimi mövqeyini möhkəmləndirməsinə kömək etdi.

Bununla belə, onun özünün tacqoyma mərasimi asan olmaya bilər: Amerikalı terror üzrə ekspert Kolin Klark iddia edir ki, əl-Adel hələ də İrandadır və “yarımev dustaqlığı”nda yaşayır. Bu, onun "karyera artımını" təhlükə altına qoya bilər.

Birincisi, onun şiə dövlətinin məhdudiyyətləri altında yaşayarkən qlobal cihadçı qrupa effektiv şəkildə rəhbərlik edə biləcəyini təsəvvür etmək çətindir. İkincisi, təhlükəsizlik məsələsi də var.

Digər yüksək rütbəli “Əl-Qaidə” üzvü Əbu Məhəmməd əl-Məsri 2020-ci ildə Tehranda İsrail komandolarının gizli əməliyyatı nəticəsində öldürülüb.

Bu illər ərzində “Əl-Qaidə”nin nə qədər yüksək vəzifəli şəxslərinin Zəvahiri ilə eyni aqibətlə üzləşdiyini nəzərə alsaq, digər namizədlərin siyahısı qısadır. "Əl-Qaidə"nin Somalidə ("Əl-Şəbab"), Yəməndəki ("Ərəbistan yarımadasındakı Əl-Qaidə") və ya Malidəki (JNİM) regional bölmələrinin rəhbərlərindən birinə müraciət edilə bilər.

2013-cü ildə "Əl-Qaidə"nin Ərəbistan yarımadasındakı lideri Nasir əl-Vuheyşi Zəvahirinin müavini təyin edildi, bu o deməkdir ki, regional liderlər artıq 10 il əvvəl bütün təşkilatın rəhbəri rolunu iddia edirdilər. Əl-Vuheyşi bu vəzifəni tuta bilməyəck - o, 2015-ci ildə ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində həlak olub.

Zəvahirinin yerinə kim seçilsə, eyni problemlə üzləşəcək: o, ABŞ-ın başqa bir hədəfinə çevrilmək qorxusundan son dərəcə ehtiyatlı olmalı olacaq.

Zəvahirinin öldürülməsi 2011-ci ildə Usamə bin Ladenin aradan götürülməsindən sonra Vaşinqtonun terrorla mübarizədə əsas uğuru olub. Amerika kəşfiyyat orqanları “Əl-Qaidə”nin lideri Ayman Zəvahirinin izinə düşərək onu öldürməyə nail olub.

Amerikada 11 sentyabr hücumlarının təşkilatçılarından biri hesab edilən Zəvahiri Kabildə ailəsi ilə birlikdə yaşadığı villada tapılıb. O, balkona çıxandan sonra dron tərəfindən öldürülüb.

ABŞ Prezidenti Co Bayden çıxışında Zəvahirilər ailəsinin üzvlərinin və ya Kabilin mülki vətəndaşlarının zərbə zamanı xəsarət almamasına xüsusi diqqət yetirib.

Zəvahiri Üsamə bin Laden 2011-ci ildə Pakistanda ABŞ-ın xüsusi əməliyyatı nəticəsində öldürüldükdən sonra Əl-Qaidəyə rəhbərlik edib.

(BBC)