Prezident Tokayev: islahatçı, yoxsa Nazarbayevin gizli əlaltısı?

Prezident Tokayev: islahatçı, yoxsa Nazarbayevin gizli əlaltısı?

“Eks-prezidentin tərəfdarları boş oturmurlar, hakimiyyəti geri qaytarmaq üçün əllərindən gələni edirlər”

Qazaxıstanda keçirilən növbədənkənar Prezident seçkilərində hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev inamlı qələbə qazanıb. İndi onun vəd etdiyi islahatları həyata keçirmək üçün 7 il vaxtı var. Onlar haqqında və Tokayev haqqında DW-nin materialı.

2022-ci il növbədənkənar Prezident seçkilərində qalib gələn Kasım-Jomart Tokayev, 2019-cu ildə gözlənilmədən istefa verən Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin təklifi ilə ölkədə əsas şəxsə çevrildiyindən indi çox fərqlidir. O vaxtdan bəri Tokayevin Elbası (millət lideri) qarşısında olan ehtiramından praktiki olaraq heç nə qalmayıb.

Keçmiş adı - Astana - Tokayevin özünün təklifi ilə əvvəllər Nur-Sultan adlandırılan Qazaxıstan Respublikasının paytaxtına qaytarıldı. Bütün ölkə üzrə 2019-cu ilin mart-aprel aylarında Nazarbayevin adını almış mərkəzi küçə və prospektlərdə yeni adlar üçün aktiv axtarış aparılır.

Muzdlu menecer

Bu gün Qazaxıstanın ikinci Prezidenti birincinin adını ümumiyyətlə, çəkmir. Üstəlik, o, ədalətli dövlətin yaradılmasına yönəlmiş genişmiqyaslı siyasi və iqtisadi islahatların aparılmasının zəruriliyindən danışır, “xalqın boş bəyanatlardan, parlaq gələcəyin sonsuz təqdimatlarından yorulduğunu” vurğulayır.

Qasım-Jomart Tokayev elə Prezidentin rolunu da ayrı cür görür - onu müəyyən müddətə işə götürülən menecerin rolu kimi qəbul edir. "Kim vətəndaşların iradəsini azad ifadə etməsi nəticəsində ölkədə ən yüksək dövlət vəzifəsini tutursa, əslində milyonlarla soydaşının səsi ilə möhürlənmiş müqavilə imzalayır", - deyə o, seçkilər ərəfəsində Almatıda ictimaiyyətlə görüşdə deyib.

Tokayev yanvar hadisələrindən sonra

2022-ci ilin yanvarına qədər Qazaxıstanda Nazarbayev və Tokayevin ikili hakimiyyəti faktiki müşahidə edilənə qədər, sonuncu belə bəyanatlara imkan vermirdi. Rəsmi məlumatlara görə, 238 nəfərin həyatına son qoyan, Qazaxıstanda ilin əvvəlində baş verən və “Kantar” adlanan faciəvi hadisələr ölkənin siyasi olimpində qüvvələr balansını kökündən dəyişdirdi. Elbasını Təhlükəsizlik Şurasının (o dövrdə Qazaxıstanın bütün güc strukturlarının tabe olduğu dövlət hakimiyyətinin ən nüfuzlu orqanı) rəhbərliyindən uzaqlaşdıraraq KTMT-yə üzv dövlətlərin qoşunlarını köməyə çağıran Kasım-Jomart Tokayev hakimiyyəti tamamilə öz üzərinə götürdü.

Tezliklə rəhbər vəzifələrdən istefalar gəldi, hətta Nazarbayevin yaxın çevrəsindən olan adamlar həbs olundu. İlk Prezidentin qardaşı oğlu Kayrat Satıbaldı korrupsiyaya görə 6 il müddətinə həbs edilib. Dariqa Nazarbayevanın qudası Kayrat Boranbayev kvazi-dövlət strukturlarının vəsaitlərini mənimsəməkdə şübhəli bilinərək həbsdədir. Dövlətə xəyanətdə və hakimiyyətin ələ keçirilməsini təşkil etmək cəhdində təqsirləndirilən və uzun illər Elbasının “şəxsi bankiri” hesab edilən keçmiş Baş nazir Kərim Məsimovun işi üzrə məhkəmə prosesi başlayıb.

Lakin Nursultan Nazarbayevin özü və yaxın ailə üzvləri heç bir təqibə məruz qalmayıb. Əvvəlkindən xeyli az olsa da, onlar vaxtaşırı Qazaxıstanda keçirilən ictimai tədbirlərdə iştirak etməyə davam edirlər.

Dövlət aparatında böyük dəyişikliklər ərəfəsində

Bu yanaşma sosial şəbəkələrdə və qeyri-dövlət mediasının nəşrlərində xüsusilə nəzərə çarpan cəmiyyətin müxalifət düşüncəli hissəsini müəyyən dərəcədə qıcıqlandırır. Onlarda kifayət qədər geniş yayılmış fikir var ki, Prezident Tokayev hələ də böyük maliyyə resurslarına və dövlət hakimiyyət orqanlarında çoxsaylı tərəfdarlarına malik Nazarbayevlər ailəsinin təsiri altındadır. 2022-ci ilin yanvarında baş verən kütləvi etirazların və iğtişaşların təkrarlanması ehtimalı ilə bağlı qorxular bundan irəli gəlir.

"Belə bir ehtimal var, çünki eks-prezidentin tərəfdarları boş oturmurlar. Keçmiş hakimiyyəti geri qaytarmaq üçün əllərindən gələni edirlər. Məhz onlar Tokayevi devirmək üçün Kantarı təkrarlamaq istəyirlər. Dəstəkləri təkcə adi vətəndaşlar deyil, həm də iri və orta biznes nümayəndələridir”, - deyə Qazaxıstan PEN klubunun prezidenti Bigeldi Qabdullin DW-yə müsahibəsində bildirib.

“Hökumət məmurları haqqında qəsdən təhqiredici materiallar dərc etdiyinə görə” birinci Prezidentin dövründə iki aydan çox həbsdə yatmış Qabdullin hesab edir ki, indi seçkidə qalib gələn Tokayev Nazarbayevdən miras qalan “Avgiyev tövlələrini” təmizləməklə qətiyyətlə məşğul olacaq.

Güc strukturlarında ciddi dəyişikliklərin mümkünlüyünü Qazaxıstan Prezidenti yanında Milli Kurultayın üzvü, 90-cı illərdə fəal olan “Orleu” (Yüksəliş – red.) ictimai hərəkatının keçmiş sədri, Tokayevlə şəxsən tanış olan Seyidaxmet Kuttıkadam da ehtimal edir. Düzdür, eyni zamanda, o, hesab edir ki, Prezident həmişəki ehtiyatlılığı ilə dövlət aparatını yeniləyəcək, hər addımını tənzimləyəcək.

"Tokayev çox təcrübəli dövlət xadimidir. Xarici işlər naziri, Baş nazir olub, parlamentin yuxarı palatasına rəhbərlik edib - yəni kimin nəyə qadir olduğunu bilir. Bəli, o, əvvəllər komanda işinin tərəfdarı deyildi, amma mənə elə gəlir ki, Kantar onun fikirlərini çox dəyişib. Yeni Baş nazir olacaq, yeni nazirlər peyda olacaq. Düşünürəm ki, o, həmfikirlərdən ibarət komanda toplaya biləcək”, – deyə Kuttıkadam DW-yə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Tokayevə bu lazımdır, çünki o, təkcə Nazarbayevin deyil, həm də Putinin təsirindən qurtulmağa başlayıb.

Astananın çoxvektorlu xarici siyasəti dəyişməyəcək

Qazaxıstanda Kasım-Jomart Tokayevin özünü elan etmiş “Donbas respublikaları”nın müstəqilliyini tanımaqdan imtina etməsi hələ də müsbət qarşılanır və bunu o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Vladimir Putinin iştirakı ilə keçirilən toplantıda birbaşa bəyan edib. Lakin bu, Tokayevin Rusiya və ya Astananın digər mühüm tərəfdaşları ilə əməkdaşlıqdan imtina etməsi demək deyil.

Politoloq Daniyar Aşımbayevin fikrincə, Qazaxıstan Tokayev dövründə, Nazarbayevin dövründə olduğu kimi, çoxvektorlu xarici siyasət yürütməkdə davam edəcək. Bu barədə bugünlərdə Prezidentin özü demişdi: “Qazaxıstan Rusiya ilə müttəfiqlik münasibətlərini, Çinlə əbədi strateji tərəfdaşlığı, ABŞ-la strateji tərəfdaşlığı, qardaş Mərkəzi Asiya ölkələri ilə hərtərəfli əməkdaşlığı daha da inkişaf etdirmək üçün əlindən gələni edəcək. Müxtəlif dövlətlər və təbii ki, Türkiyə ilə, istər Asiyada, istər Yaxın Şərqdə, istərsə də Avropada bütün maraqlı dövlətlərlə qarşılıqlı faydalı əlaqələri inkişaf etdirəcək”.

Rusiya və Çin, Aşimbayevin fikrincə, hazırda Qərblə sıx ziddiyyətdədir, lakin Qazaxıstan ilk növbədə neft-qaz kompleksi vasitəsilə dünya iqtisadiyyatına sıx inteqrasiya edir və heç kimlə münasibətləri korlamaq niyyətində deyil: “Ona görə də Tokayev həmişə çox diplomatik dildən istifadə edir, rusiyapərəst mövqe nümayiş etdirməyə çalışmaq Amerikanı, amerikapərəst mövqe isə Moskvanı qıcıqlandırmadır”.

Eyni zamanda, politoloq əvvəllər BMT Baş katibinin müavini postunu tutmuş Qazaxıstanın ikinci Prezidentinin diplomatik təcrübəsini də xatırladıb.

Tokayevin yuxarıda qeyd edilən Almatı görüşü zamanı Qazaxıstanın xarici siyasətinin hansı prinsiplərə söykəndiyi izah edilmişdi. Onun sözlərinə görə, bu, “ölkənin təhlükəsizliyinin gücləndirilməsi, investisiyaların cəlb edilməsi, nəqliyyat və tranzit potensialının inkişaf etdirilməsi, ixracın təşviqi” məqsədi daşıyır.

Eyni zamanda, Astana beynəlxalq məsələlərdə “BMT-nin universal prinsiplərinə həmişə qətiyyətlə riayət edəcək”. Tokayev əlavə edib ki, BMT-nin özünün bütün dövlətlərin maraqlarını nəzərə alan daha əhatəli qlobal struktura çevrilməsi baxımından islahatlara ehtiyacı var.

(DW)