İsrailə köçmək istəyən yəhudilər təhdid olunur
Rusiyanı tərk etmək istəyən şəxslərin bank hesabları dondurulacaq
İsrailin “Qalei Tsaxal” radiostansiyası bildirib ki, repatriasiyanı gözləyən rusiyalı yəhudilər öz banklarından təhdidlər alırlar və Rusiyanı tərk edəcəkləri təqdirdə onlara mümkün maliyyə sanksiyaları barədə xəbərdarlıq edilir.
Radiostansiyanın məlumatına görə, bankların nümayəndələri danışıqlar zamanı xəbərdarlıq ediblər ki, İsrailə repatriasiya edən rusiyalıların hesabları dondurulacaq. “Qalei Tsaxal” bu barədə təhdidlərə məruz qalan şəxslərin müraciətlərini qəbul edən “Soxnut” Yəhudi Agentliyinə istinadən xəbər verir.
Agentlik bu məlumatı “NEWSru.co.il” nəşrinə təsdiqləyib: “Bizimlə bankdan zəng edildiyini iddia edən iki-üç nəfər əlaqə saxlayıb və mühacirət etsələr, hesablarının dondurula biləcəyini bildiriblər”.
Qeyd edək ki, bu xəbərlər “Soxnut” ətrafındakı münaqişə fonunda yayılır. İyulun 28-də Rusiya məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin Yəhudi Agentliyinin Rusiyadakı fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətinə baxmağa başlayacaq. Ədliyyə Nazirliyinin bəyanatına görə, bu petisiya “Soxnut”un Rusiya qanunvericiliyini pozması ilə bağlıdır.
İsrailin Baş naziri Yair Lapid “Soxnut”un bağlanması məsələsini Rusiya hakimiyyəti ilə həll etməyə çalışmaq üçün Moskvaya nümayəndə heyəti göndərmək niyyətində idi. Lakin nümayəndə heyətinin üzvləri Rusiyaya giriş vizası almayıblar.
(newsru.co.il)