“Ukrayna ərazilərinin ruslara güzəştə gedilməsi mümkün deyil” – KİSSİNCER

“Ukrayna ərazilərinin ruslara güzəştə gedilməsi mümkün deyil” –

Sabiq dövlət katibi: “Rusiya müharibə başlayandan bəri zəbt etdiyi bütün əraziləri geri qaytarmalı olacaq”

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Moskva ilə gələcək mümkün danışıqlar zamanı Qərbi və Kiyevi genişmiqyaslı müharibənin başlamasından sonra Rusiyanın işğal etdiyi əraziləri güzəştə getməməyə çağırıb. O, bu barədə ZDF telekanalına müsahibəsində bildirib.

“İndiki şəraitdə demokratik ölkələrin liderləri necə bir danışıqlara hazır olduqlarını və heç bir şəraitdə nədən imtina etməyə hazır olmadıqlarını aydın başa düşməlidirlər. Danışıqlar yalnız təcavüz qurbanları - Ukrayna rəhbərliyi və xalqı ilə tam əməkdaşlıq şəraitində davam edə bilər. Bu yanaşma vəziyyəti idarə etmək üçün yeganə mümkün əsasdır”, - deyə qocaman diplomat söyləyib.

“Ukrayna ərazisinin güzəştə gedilməsi bizim qəbul edə biləcəyimiz şərt ola bilməz. Fakt budur ki, Rusiya müharibə başlayandan bəri zəbt etdiyi bütün əraziləri geri qaytarmalı olacaq”, - deyə keçmiş dövlət katibi vurğulayıb.

Xatırladaq ki, may ayında Davosda Ümumdünya İqtisadi Forumunda çıxış edən Kissincer demişdi ki, Ukrayna ilə Rusiya arasında danışıqlarda ayırıcı xətt “keçmiş status-kvoya qayıdış” olmalıdır. Bir çox KİV və siyasətçilər bu sözləri Kiyevə sülhə nail olmaq üçün ərazilərinin bir hissəsindən imtina etməyə çağırış kimi şərh etmişdi.

Ukrayna Prezidenti Vladimir Zelenski bu təklifi İkinci Dünya müharibəsi başlamazdan əvvəl bəzi Avropa ölkələrinin Hitlerə ərazi güzəştləri etməyə çağırışları ilə müqayisə etmişdi: "Cənab Kissincer dərin keçmişdən çıxış edir və deyir ki, guya Rusiyaya Ukraynadan bir parça vermək lazımdır. Bu yolla, guya, Rusiyanın Avropadan uzaqlaşdırılmasının qarşısını almaq olar. Belə görünür ki, cənab Kissincerin təqvimində 2022-ci il yox, 1938-ci ildir”.

İyulun əvvəlində Kissincer “Time” nəşrinə verdiyi müsahibədə Ukraynanı öz ərazilərindən imtina etməyə çağırmadığını izah edərək sözlərinə belə aydınlıq gətirdi: "Əgər dediklərimi yaxşı oxusanız, görərsiniz ki, mən heç vaxt belə deməmişəm. Mən demişəm ki, atəşkəs üçün ən yaxşı ayırıcı xətt status-kvodur. Yəni, müharibə başlamazdan əvvəl Ukraynanın olan ərzidə o zaman üçün rusların nəzrətində olan ərazilərdə müharibə aparmamalısınız”.

Diplomatın sözlərinə görə, Rusiya hələ də Ukraynanın müharibədən əvvəlki ərazisinin 15 faizini işğal edib: “Atəşkəs əldə olunmazdan əvvəl onlar Ukraynaya qaytarılmalıdır. Mübahisəli ərazi Donbassın kiçik bir guşəsidir - təxminən 4,5 faiz və Krımdır. Mən demədim ki, ərazi verilsin. Mən sadəcə onu nəzərdə tuturdum ki, istənilən danışıqlarda onun ayrıca statusu olmalıdır. Mən Ukraynanın azadlığını və onun Avropadakı mühüm rolunu qeyd-şərtsiz dəstəkləyirəm”.

(DW)