Putinin Uşakovu hədələyir: “Burnunuzu soxmayın”
Kreml rəhbəri köməkçisi vasitəsilə Bakı və İrəvanı xəbərdar etmək istəyir ki...
Rusiya diplomatiyası hər yerdə düşmən axtarır. Kreml ABŞ və Avropa İttifaqının Azərbaycanla Erməınistan arasında vasitəçiliyinin Rusiya əleyhinə olmasında israrlıdır. Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib ki, guya Avropa İttifaqı və ABŞ Rusiyanın nailiyyətlərindən istifadə edərək, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə müdaxilə etməyə çalışır.
Putinin köməkçisi onu da bildirib ki, İrəvanla Bakı arasında münasibətlərin sabitləşməsinin əsasını Rusiya Prezidentinin şəxsi vasitəçiliyi ilə əldə olunan üçtərəfli razılaşmalar təşkil edir: “Biz görürük ki, qeyri-regional oyunçular, xüsusən də Avropa İttifaqı və ABŞ bu işə müdaxilə etməyə çalışır. Lakin onlar əsasən bizim nailiyyətlərimizdən istifadə edirlər. Bizim ən fəal iştirakımızla 2020 və 2021-ci illərdə əsas razılaşmalar əldə olunub”.
Uşakov Putinin fikrini səsləndirib. Kreml sahibinin fikrincə, Azərbaycanla Ermənistan arasında razılaşmalar yalnız Rusiyanın vasitəçiliyi ilə əldə edilməlidir, “qeyri-regional oyunçular” kobud desək, burunlarını bölgəyə soxmamalıdırlar.
Ancaq bu, Putinin istəyindən asılı deyil, Bakı və İrəvan Vaşinqtonla Brüsselin vasitəçiliyinin əleyhinə deyillər. Buna baxmayaraq, Putin Uşakov vasitəsilə Bakı və İrəvanı xəbərdar etmək istəyir ki, Kreml Vaşinqton və Brüsselin vasitəçiliyinə mane olacaq. Bu, o deməkdir ki, təxribatlara hazır olmalıyıq.
Müəllif: Elxan Şahinoğlu (politoloq)
Mənbə: “Facebook”