Parisin arzuları, Bakının reallığı

Parisin arzuları, Bakının reallığı

Makronun çıxışı Əliyevin Fransadan imtinada haqlı olduğunu bir daha göstərdi

Münhen Təhlükəsizlik Konfransında Azərbaycan-Ermənistan münasibətlərinə dair iki məqam ön plana çıxdı:

Birincisi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti və erməni Baş nazirlə ayrılıqda görüşü;

İkincisi, Fransa Prezidenti Emmanuel Makronun çıxışında Ermənistanla bağlı dedikləri.

Mişel Makronun müdaxiləsindən sonra arxa plana keçən Brüssel formatını bərpa etmək istəyir, bu formatda Azərbaycan da maraqlıdır. Lakin Paşinyan-Makron cütlüyünün razılaşacağı sual altındadır.

Bu kontekstdə Makronun Münhen Təhlükəsizlik Konfransındakı çıxışı diqqət çəkir. Çıxışının əsas hissəsini Rusiyaya qarşı quran Makron Ermənistana açıq dəstək ifadə edib.

“Bu gün bizim vəzifəmiz Rusiyanın təkcə Ukraynada deyil, Qafqazda, Yaxın Şərqdə, Afrikada qeyri-sabitlik və xaos yayan qüvvə olduğunu izah etməyimizdir. Neokolonial Rusiyanın Qafqazdakı çətinliklərin öhdəsindən gələ biləcəyinə necə inanmaq olar? Mən bunu dostum, Baş nazir Nikol Paşinyanın yanında deyirəm: onun və Ermənistanın yanında dayanmağa davam edəcəyik”, - deyə Fransa Prezidenti bildirib.

Makronun Ermənistana dəstək çıxışının əsas istiqaməti Rusiya olsa da, tək ünvan bura deyil:

- Rusiyaya qarşı mövqeyi ilə Fransanın geosiyasi oyunçu rolunu qabardır;

- İrəvana və Nikola mesaj verir ki, sənin və ölkənin əsas qarantı Fransadır: bu, Ermənistanın təhlükəsizliyində zəifləyən Rusiya faktorunu əvəzləmək niyyətinin elan edilməsi, eləcə də üçtərəfli formatı bərpa etmək istəkləri fonunda Paşinyana “dördtərəfli formatdan imtina etmə” xəbərdarlığıdır;

- Bakıya ünvanlanan mesaj belədir: Fransa geosiyasi oyunçudur və Azərbaycan-Ermənistan münasibətlərində mühüm rol oynayır, Azərbaycan bu reallığı nəzərə almalı, dördtərəfli formatda qalmalıdır.

Bakının isə öz reallığı var və bu reallıqda Fransanın vasitəçiliyinə yer ayrılmayıb. Makronun bu çıxışı da Əliyevin Fransadan imtinada haqlı olduğunu bir daha göstərdi.

Müəllif: Asif Nərimanlı (siyasi şərhçi)

Mənbə: “Facebook”