Azərbaycan Xankəndidəki vətəndaşlarına yardım göndərsin
“Azərsun”un malları ilə dolu maşın karvanı Xankəndinə yollansın
Ermənistan saytlarını oxuyuram, çox böyük hay-küy salıblar ki, Xankəndidə və erməni əsilli azərbaycanlıların (bir daha – azərbaycanlı etnik mənsubiyyət deyil də, vətəndaşlıq tanımı, üst kimlik, hamımızı birləşdirən anlayışdır) yaşadığı ətraf bölgələrdə ərzaq və dərman çatışmazlığı var, Laçın yolunun bağlı olmasına görə, guya, humanitar böhran yaşanır.
Ermənistan hekayə qurmaq və satmaq üzrə liderdir, PR ustalarıdır, dünyaya indi məhz bu hekayəni satmaqla məşğuldurlar. Halbuki, yolu Azərbaycan yox, Rusiya bağlayıb, məhz Rusiya “sülhməramlıları” yolda hərəkəti məhdudlaşdıraraq Azərbaycanın dövlət və hökumət orqanları nümayəndələrinin öz ərazimizdə xidməti vəzifə borclarını yerinə yetirməsinə, məsələn, bizim ərazidə olan mədənlərə baxış keçirməsinə mane olurlar.
Laçın yolu ilə ərzaq və dərman preparatlarının daşınmasına heç bir məhdudiyyət yoxdur, amma biz bu həqiqəti dünyaya çatdıra bilmirik, ermənilər isə öz yalanlarını sata bilirlər. Ona görə də bu bəhanələri aradan qaldırmaq, yalanı ifşa etmək üçün təklif edirəm ki, Azərbaycanda fəaliyyət göstərən humanitar məsələlər üzrə QHT-lər vasitəsi ilə Xankəndinə bir neçə maşın ərzaq yardımı göndərək – “Azərsun”un malları ilə dolu maşın karvanı Xankəndinə getsin, yerli icma nümayəndələrindən olan QHT-lərlə görüşüb yükü onlara təhvil versinlər.
Rusiya “sülhməramlıları” bu işdə yardım etməsələr (halbuki borclarıdır), bölgədə fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsi ilə bu işi görmək olar. Bütün proses keyfiyyətli şəkildə video-foto görüntülərin qeyd edilməsi ilə aparılmalı, sonra bir neçə dildə reportajlar hazırlanıb dünya mediasına servis edilməlidir. Bu gün “Azərsun”un mallarını humanitar yardım kimi alan Xankəndi dükanları, sabah bu şirkətlə işləyib mallarını da satacaq – başqa yolları zatən yoxdur, deməli indidən bu yolu açmaq lazımdır.
Əgər Vardanyan və onun quldurları ərzaq dolu maşınları qəbul etməyəcəksə, bu da xeyirdir, elə bu haqda da geniş, bir neçə dildə, dünyanın anlayacağı üslubda reportajlar çəkib yayamaq olar.
Bəzən rəqibi məhz öz “silahı” (PR məsələsi), yaxşı bacardığı iş ilə “vurmaq” (effektiv informasiya siyasəti) lazımdır ki, bundan sonra atacaqları addımlarda, açıqlamalarında daha diqqətlə olmağı öyrənsinlər, yalan sata bilməsinlər...
Müəllif: Natiq Cəfərli (ReAL Partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert)
Mənbə: “Facebook”