Hacıyevdən Sallivana: “Azərbaycan regional sülh gündəmini irəli aparmaq əzmindədir”
Azərbaycan Prezidentinin köməkçisi ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri ilə danışıb
“Biz Azərbaycanla Ermənistan arasında ikitərəfli əlaqələri, regional təhlükəsizlik məsələlərini, normallaşma və sülh müqaviləsi üzrə danışıqları nəzərdən keçirdik. Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olduğunu bildirdim”.
“Avronews” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon danışığına dair “Twitter” hesabında paylaşım edib.
“Faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı və bunun nəticəsində ekoloji ziyana görə Laçın-Xankəndi yolundakı etiraz aksiyasında Azərbaycan vətəndaşlarının haqlı narazılıqlarını diqqətə çatdırdım. Ermənistanın blokada ilə bağlı iddiaları əsassız, qara təbliğat cəhdidir”, - deyə Hikmət Hacıyev bildirib.