“Görüşə bir gün qalmış Ermənistan iştirakdan imtina etdi” – XİN başçısı
Ceyhun Bayramov: “Ermənistan sülh danışıqlarından yayınır”
“Ermənistan tərəfi sülh danışıqlarından yayınır. Sülh gündəliyinin aparılmasına Azərbaycan tərəfindən təşəbbüs göstərilib. Biz danışıqları davam etdirmək üçün öz təşəbbüslərimizi göstəririk”.
“Avronews” xəbər verir ki, bunu jurnalistlərə xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazirin sözlərinə görə, Ermənistan Moskvada görüşə bir gün qalmış iştirakdan imtina edib: “Bu da danışıqlar prosesini dalana dirəyib. Bu, çox məsuliyyətsiz, növbəti dəfə Ermənistanın qeyri-ardıcıl addımlarının bariz nümunəsidir”.
“Eyni zamanda, biz son günlər ərzində Ermənistan tərəfinin manipulyasiya siyasətinin başqa bariz nümunələrini də görürük. Baxmayaraq ki, Ermənistan tərəfi danışıqlar prosesindən imtina edir, danışıqlarda iştirakdan yayınır, ancaq çağırışlar edir ki, guya məsələ Azərbaycan tərəfinin üzərindədir. Bu, tamamilə yanlış yanaşmadır. Bunun əsas məqsədi beynəlxalq ictimaiyyətin fikrini yayındırmaq və çaşqınlıq yaratmaqdır”, - deyə Bayramov vurğulayıb.