Yaxın Şərqdə yeni qaynama: İran, İsrail, Amerika və Azərbaycan...
İrandan Azərbaycana qarşı səslənən bəyanatlara nəzər saldıqda hansı mənzərə meydana çıxır?
İranla Azərbaycan arasında son günlər baş verən sərt polemikanı İranın zaman-zaman kəskinləşən sancısının növbəti simptomu kimi dəyərləndirmək olardı. Amma İran və bütövlükdə Yaxın Şərq ətrafında baş verənlərə baxdıqda vəziyyətin göründüyündən daha dramatik ola biləcəyini deməyə ciddi əsaslar yaranır.
Əvvəlcə qısaca İrandan səslənən bəyanatlara nəzər salaq. Tehrandan gələn özünəməxsus üslübda bəyanatlarda Azərbaycanla Türkiyənin yaxınlaşması və bu kontekstdə Zəngəzur dəhlizinin açılmaq ehtimalı hədəfə alınır. Mövqeyinə bir qədər də tünd çalarlar qatmaq üçün Tehran Azərbaycanın mövcudluq haqqının özünü sual altına alır.
Bütün bu tipli bəyanatların əvvəllər də olduğu kimi ya sabiq diplomatların, ya da hökumətə "aidiyyatı olmayan" klerikalların dilindən səsləndirilməsində də yeni heç bir əlamət yoxdur. Yuxarıda qeyd olunduğu kimi, bütün bunlara ciddi əhəmiyyət verməmək olardı, bir şərtlə ki, onlar aşağıdakı hadisələrlə unison baş verməyəydi:
- İranın nüvə proqramı ilə bağlı sazişin müzakirəsinə yenidən qayıtmaqla bağlı Vaşinqtonun təklif və şərtlərinə Tehrandan müsbət reaksiya gəlir;
- İsrail ABŞ-ın və Avropa Birliyinin bu təşəbbüsünə yenidən sərt reaksiya verir və Vaşinqtonla bu mövzuda danışıqlar aparmağa çalışır;
- Ağ Evdən Baydenlə təcili telefon danışığı istəyən İsrailin Baş naziri Yair Lapidə ABŞ Prezidentinin məzuniyyətdə olduğu deyilir;
- ABŞ-a səfər edən İsrailin müdafiə naziri Benni Qants amerikalı həmkarı Lloyd Austinlə ikincinin Vaşinqtonda olmaması səbəbindən görüşə bilmir;
- ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə görüşən İsrailin müdafiə naziri ölkəsinin İrana qarşı hərbi əməliyyatlara hazırlaşdığını bildirir;
- Rusiya Suriyadakı S-300 zenit-raket komplekslərini oradan çıxarır və bunu onları Ukraynaya aparmalı olduğu ilə əsaslandırır.
Elə bu faktların təhlili Yaxın Şərq bölgəsində vəziyyətin düşünüldüyündən daha gərgin olduğunu deməyə əsas verir. İsrailin İranla nüvə anlaşmasına qayıtmağın Tehranın nüvə silahına sahib olmasına yol açacağı haqda iddialarını Vaşinqtonda müzakirə etmək də istəmirlər.
İsrail isə ABŞ-ı təhdid edərək, bunun İrana qarşı hərbi əməliyyatlara səbəb olacağını deməklə özünü bir qədər də çətin duruma salmış olur. Belə ki, ABŞ-ın keçmiş Prezidenti Donald Trampın İsrailin təsiri ilə tərk etdiyi nüvə sazişi bugünkü demokrat administrasiyanın hələ Obama dönəmindəki ciddi xarici siyasət uğurlarından sayılır.
ABŞ-ın İsraili bu məsələdə məsafədə saxlamasının digər səbəbi Tel-Əvivin Vaşinqtonla ultimatum dilində danışmaq cəhdidir. Ağ Evdə yaxşı anlayırlar ki, İrana hava zərbələri vuracağı halda İsrail tək qala bilər və bu halda da yenidən Vaşinqtona üz tutmalı olacaq. Amma nəticədə nüvə anlaşmasının müzakirəsi gündəmdən çıxacaq.
Bu və digər səbəblərdən ABŞ demək istəyir ki, İranın nüvə proqramına dair sazişə qayıtmaq məsələsində İsrail müzakirə iştirakçısı deyil. Ağ Evi və Pentaqonu həm də yəqin ki, Rusiyanın Suriyadakı davranışı narahat edir. Belə ki, Suriyanın hava məkanını müdafiəsiz buraxmaqla Moskva dolayısı ilə Tel-Əvivlə işbirliyində olmasına işarə edir.
Hadisələrin bu cür inkişafı Yaxın Şərqə qayıtmaq anonsu vermiş Vaşinqton üçün əlverişli sayıla bilməz. Elə həmin səbəbdən də ABŞ bütün vasitələrlə İsrailin İrana qarşı mümkün hərbi əməliyyatlarının qarşısını almağa çalışır. Həmin məqsədlə də hələ 2021-ci ilin sonunda ABŞ İsrailin 8 ədəd “Boeing KC-46” tanker təyyarənin verilməsini sürətləndirmək xahişinə mənfi cavab verdi.
“Boeing KC-46” tanker təyyarələr İsrail aviasiyasının İran ərazisinə zərbə endirməsini təmin edə bilər. Daha doğrusu, onlarsız İsrail aviasiyasının İranın hava məkanına yaxınlaşması qeyri-mümkündür, belə ki, bunun üçün onlar uçuş zamanı mütləq havada əlavə yanacaq götürməlidirlər.
Bu və Rusiyanın Suriyadan S-300 ZRK-nı çıxarması İran-İsrail qarşıdurmasının, yüksək ehtimalla, Suriya ərazisində baş verəcəyini deməyə əsas verir. Amma belə bir qarşıdurma İsrail üçün hədəflərinə çatması baxımından əlverişli deyil. Əvvəla ona görə ki, bunun İranın nüvə proqramına heç bir təsiri olmayacaq.
İkincisi, hərbi qarşıdurmanın Suriya ərazisində baş verməsi onun İsrailin sərhədləri yaxınlığında onsuz da mövcud olan gərginliyin hərbi qarşıdurmaya keçməsi demək olardı. Bu isə Tel-Əviv üçün indikindən daha təhlükəli durum yaradardı, çünki İranın bölgədəki hərbi potensialı təkcə Suriya ilə məhdudlaşmır.
Tehran özünün İsrail siyasətində Qəzzadakı və Livandakı tərəfdaşlarını diqqətdən kənarda saxlamır. Bu isə Suriya ərazisində miqyaslı İran-İsrail hərbi qarşıdirması Qəzzada HAMAS-ın və "İslami-Cihad"ın İsrailə qarşı ikinci, Livanda isə daha ciddi hərbi gücə malik olan "Hizbullah"ın üçüncü cəbhəni açmasına zəmin yaradardı.
Hadisələrin belə səpkidə inkişafı ehtimalı Vaşinqtonu, tam da olmasa, ümumilikdə qane edərdi, çünki mövcud durumda İsrailin İranla hər hansı genişmiqyaslı hərbi qarşıdurmaya getmək ehtimalı minimuma enir. Amma Vaşinqton üçün burda narahatlıq yaradan səbəb də var.
Hər şeydən əvvəl istər Suriya ərazisində, istərsə də digər coğrafiyada İsrail-İran qarşıdurması bölgədə yeni hərbi-strateji durum yaradardı. Bu da, ilk növbədə, Rusiyanın marağndadır. Elə bu səbəbdən də Moskva Suriya məkanında qarşıdurmada nəinki maraqlıdır, hətta İsrail üçün hava məkanını təhlükəsizləşdirməklə ona təhrik də edir.
Yaxın Şərq bölgəsində gərginliyin artmasını qabardan qruplardan biri də, əsasən Qərb ölkələrində məskunlaşmış Rusiya "liberallarıdır". Onların irəli sürdüyü versiya isə İrana qarşı, guya, Azərbaycan-İsrail-Türkiyə hərbi koalisiyasının qurulmasıdır. Bu başdan qeyd edim ki, belələrinin Moskva ilə sıx bağlarının olması heç zaman suallar doğurmayıb.
Görünür, elə bu səbəbdən də sinxron olaraq bir tərəfdən Moskva Azərbaycanla yaxınlığını qabartmağa çalışır, digər tərəfdən də onun Qərbdəki emissarları yuxarıda qeyd olunan "üçlüyün" İrana qarşı planın mövcud olduğunu iddia edirlər. Burda məqsəd Azərbaycanı həm İranın, həm də onunla nüvə sazişini yenidən bərpa etməyə çalışan ABŞ-ın hədəfinə gətirməkdir.
Belə bir planın baş tutaraq bölgədə gərginlik yaradacağı halda isə Moskva özünün əsas geosiyasi hədəflərindən birinin və bəlkə də, birincisinin "iki addımlığında" olardı: Şimal İmperiyasının 300 ildən artıqdır həyata keçirməyə çalışdığı Yaxın Şərqə çıxmaq planının. Təbii ki, Azərbaycan üzərindən.
Görünür, elə həmin səbəbdən də Azərbaycanın hakimiyyət dairələrində çaşqınlıq müşahidə olunmaqdadır: kimsə ABŞ-ı, kimsə də Rusiyanı hədəfə alır. Ədalət naminə deməliyik ki, hər iki halda bunun obyektiv səbəbləri var. Bir tərəfədən Moskvanın Qarabağın dağlıq ərazilərindəki davranışı, digər tərəfdən isə Vaşinqtonun artıq mövcud olmayan Minsk Qrupuna həmsədr təyin etməsi.
Müəllif: Ərəstun Oruclu
Mənbə: “Facebook”