“Beynəlxalq təşkilatların qətnamələri selektiv xarakter daşıyır” – İlham Əliyev
Azərbaycan Prezidenti: “BMT qətnamələrində erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilirdi”
“Bizim torpaqlarımız uzun illər işğal altında idi və dünyanın aparıcı beynəlxalq təşkilatları bu işğalla bağlı önəmli və həqiqəti əks etdirən qərar və qətnamələr qəbul etmişdilər”.
“Avronews” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə birgə mətbuata bəyanatlarla çıxış edərkən deyib.
Dövlət başçısı xüsusilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qeyd edib: “Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilirdi. BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, yəni bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul ediblər”.
“Ancaq məsələ öz həllini tapmırdı. Bu, nəyi göstərir?! Onu göstərir ki, beynəlxalq təşkilatların qərar və qətnamələri və onların icrası selektiv xarakter daşıyır”, - deyə Əliyev vurğulayıb.