“Ermənistan xalqı ölümcül yorulub və sülh istəyir” – VERDYAN
Erməni bloger: “Fəaliyyətimə başladığım platforma “Zerkalo” olub”
Erməni bloger və ictimai fəal İşxan Verdyanın AYNA-ya müsahibəsini təqdim edirik:
- Bildiyimizə görə, hazırda İstanbulda yaşayırsınız və fabrikdə işləyirsiniz. Türkiyədə özünüzü necə hiss edirsiniz?
- Əvvəlcə onu deyim ki, “Zerkalo.az” ilə öz hekayəm var. Nəşrin mənim üçün Azərbaycandan əsas xəbər mənbəyi olması ilə yanaşı, fəaliyyətimə başladığım platforma da məhz “Zerkalo” idi. Ermənilərlə erməni dilində ünsiyyət qururdum, amma bunun heç bir təsiri olmadığını anlayan kimi mən də Azərbaycan auditoriyasına keçmək qərarına gəldim və bunu “Zerkalo”nun köməyi ilə etdim. Saytın “Facebook” səhifəsində bölüşülən yazıların altına şərhlər yazmağa başladım. Nəticədə insanlarla konstruktiv dialoq aparmağa başladım, ilk azərbaycanlı dostlar yarandı və onların diqqəti mənim Azərbaycan cəmiyyətinin daha geniş dairələrində eşidilməyimə imkan verdi.
İndi sualınıza cavab verim. Düzdür, hazırda İstanbulda yaşayıram. Mən Türkiyəyə öz seçimimlə gəlməmişəm və burada da öz seçimimlə qalmıram. Yəqin bilirsiniz ki, Ermənistanda mənə qarşı “dövlətə xəyanət”, “casusluq”, “düşmən tərəfinə keçmək” maddələri ilə cinayət işi açılıb, ona görə vətənimə gedən yol üzümə bağlıdır, lakin taleyin məni bu ölkəyə atmasına azacıq da olsa, peşman deyiləm.
İstanbulda yaşamağın hər gün mənə ermənilərlə türklərin münasibətləri kontekstində yeni bir şey kəşf etmək imkanı verir və bunu etmək mənim üçün çətin deyil, çünki burada bizim tariximiz bəzi tədqiqat institutlarında gizlədilmir, əksinə açıq havada, hər döngədə yerləşir. Məktəblər, kilsələr, qəzetlər, mədəniyyət mərkəzləri şəklində rahat yaşaması üçün yaxşı infrastruktur yaradan Türkiyədə böyük bir erməni icması yaşayır və ailəm və mən bundan məmnuniyyətlə istifadə edirəm. İstanbulun müasir inkişaf etmiş şəhər olduğunu və sivilizasiyanın bütün dövrlərinin tarixi abidələrini nəzərə alsaq, mən yaşamaq üçün daha yaxşı yer seçə bilməzdim.
- Bu ilin yayında Azərbaycan vətəndaşlığını almaq və Xankəndidə yaşamaq, işləmək üçün icazə almaq məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etmisiniz. İndi bu proses necə gedir?
- Bəli, doğrudan da, mən Azərbaycan Prezidentindən vətəndaşlıq və Xankəndidə yaşamaq və işləmək imkanı istədim. Məhz bu addımım mənə qarşı cinayət işinin açılmasına səbəb oldu. Mən bunu bir manifest, siyasi aksiya kimi etdim, çünki o vaxtlar Ermənistanın mətbuatında ermənilərin Azərbaycanda yaşamasının ölümcül təhlükəli olması deyilirdi. Həm də bir siyasi aksiya üçün yeridilən bu narrativ Ermənistan mediasında fəal surətdə istifadə olunurdu və indi də yoxa çıxmayıb: ermənilərin Azərbaycan vətəndaşlığını alması ağıl üçün anlaşılmaz bir şeydir.
Mən Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlığını qəbul etmiş ermənilərin hüquqlarının Azərbaycan Konstitusiyası ilə qorunacağına dair sözlərinə əsaslanmışdım və öz nümunəmlə ermənilərə göstərmək qərarına gəldim ki, həqiqətən də belədir və qorxmaq üçün heç bir səbəb yoxdur. Bu proses birbaşa Qarabağda konstitusiya quruluşunun bərpası ilə bağlıdır və bu, baş verən kimi mən əminəm ki, xahişimə baxılacaq.
- Ermənistan-Azərbaycan nizamlanması barədə nə düşünürsünüz? Bu ilin sonuna qədər ölkələr arasında sülh müqaviləsinin imzalanması mümkündürmü?
- Düşünürəm ki, sülh müqaviləsinin imzalanması üçün heç bir aşkar maneə yoxdur və arzu olunarsa, ilin sonuna qədər buna kifayət qədər nail olmaq olar. Guya münasibətlərin normallaşmasına mane olan bütün məsələlər, əslində, öz-özünə bağlana bilər - sülh müqaviləsi nəticəsində. Lakin mənim fikrimcə, Ermənistan-Azərbaycan münaqişəsi yalnız dolayı yolla ermənilərə və azərbaycanlılara aiddir və həmişə daha geniş geosiyasi kontekstdə olub. Ölkələrimiz arasında münasibətlərin taleyinə təsir edəcək qərarlar ümumiyyətlə paytaxtlarımızda qəbul edilmir və hansı qərarın veriləcəyi böyük müəmmadır. Amma bir şeyi əminliklə demək olar - Ermənistan xalqı ölümcül yorulub və sülh istəyir.