“İşğal dövründə Səudiyyə Ərəbistanı bizə davamlı dəstək verən az sayda ölkələrdən biri idi”
İlham Əliyev: “Bu addımı dünyada yalnız üç ölkə atıb və biz buna görə həqiqətən də minnətdarıq”
“Əminəm ki, sizin səfəriniz artıq mümkün olan ən yüksək səviyyəyə çatmış münasibətlərimizin daha da inkişafında çox vacib rol oynayacaq. Biz ölkələrimiz arasında mövcud olan bu səmimi münasibətlərə böyük dəyər veririk. Biz hər zaman hökumətinizin və xalqınızın dəstəyini hiss etmişik”.
“Avronews” xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbulu zamanı deyib.
“İşğal dövründə Səudiyyə Ərəbistanı az sayda olan ölkələrdən biri idi ki, bizim haqlı işimizə davamlı dəstək verirdi. Bunun bariz nümunəsi işğal dövründə Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik münasibətlər qurmaması idi. Bu addımı isə dünyada yalnız üç ölkə atıb və biz buna görə həqiqətən də minnətdarıq”, - deyə bövlət başçısı bildirib.
“İndi isə torpaqlarımızı işğaldan azad etdikdən sonra biz irimiqyaslı yenidənqurma proqramı həyata keçiririk və qardaş ölkələrin şirkətlərini tərəfdaşımız olaraq görmək istəyirik. Eyni zamanda, ilin əvvəli də çox yaddaqalan olub - ölkənizdən olan şirkət tərəfindən maliyyələşdirilən böyük elektrik enerjisi stansiyası layihəsinə start verilib. Həmin layihə ilin əvvəli üçün yaxşı start idi və layihə uğurla gedir. Bu yaxınlarda hökumətinizin bir sıra üzvləri ilə görüşüm oldu və mənə layihənin gedişi ilə bağlı məlumat verildi”, - deyə Əliyev vurğulayıb.