Başı ilə deyil, ayağı ilə düşünənlər
Avtoritar ölkələrin əhalisinin oxşar və zərərli vərdişi
Avtoritar ölkələrdə vətəndaşlar çox zaman proseslərə münasibətini “ayaqları” ilə bildirirlər. Bu gün Rusiyada da vətəndaş etiraz etmək üçün başını deyil də, “ayaqlarını” işə salıb.
Əslində, bu, bir növ “səsvermədir”, müharibəyə münasibəti göstərən “səsvermə”. Orta statistik Rusiya vətəndaşı, demək ki, təbliğata inanmır, Ukraynada, məsələn, Xersonda niyə, nə uğrunda vuruşmalı olduğunu anlamır, ona görə də bu gün Ukraynada ən böyük və həlledici “silah” motivasiyadır, ukraynalılar öz vətənləri, torpaqları, ərazi bütovlüyü uğrunda vuruşurlar. Bəs, məsələn, Çuvaşiyadan, Dağıstandan, Kolmıkiyadan, Tatarıstandan, Başqırdıstandan, hətta lap Vladivastokdan Xersona gətirilən əsgər nə uğrunda vuruşur?!
Rəsmi “solovyovşüvən” təbliğat deyir ki, siz NATO-nu Rusiya sərhədlərindən uzaqlaşdırmaq uğrunda vuruşursuz. Amma bu müharibə və Ukraynaya təcavüz nəticəsində Finlandiya və İsveç NATO-ya daxil olur, deməli Rusiyaya lap yaxınlaşır. Və ya Rusiya elə həmin Xersonu işğal etsə, NATO sərhədinə daha da yaxınlaşır axı, Xerson NATO ölkələri olan Svolakiya və Rumıniyaya bir HIMARS atışı qədər yaxındır. Bunu necə izah edəcəklər vətəndaşlara?!
Məhz buna görə də rusiyalılar bu müharibəyə, baş verənlərə “ayaqları” ilə “yox” deyirlər. Amma nə vaxt başları, dilləri ilə, seçkilərdə səsləri ilə etiraz edəcəklərsə, o zaman da Rusiya pozitivə doğru dəyişəcək.
P.S. Bizdə bir az fərqlidir, amma tendensiya eynidir – məmləkətdə YAP ideoloji partiya olmadığına görə beyinləri deyil də, ayaqları səfərbər edir, “onbaşı, yüzbaşı, minbaşı” ilə seçkiləri yola verir, partiyanın əsas "qürur göstəricisi" kimi proqramını deyil də, üzv sayını önə çəkir. Əslində isə elə hər başı, hər seçicini hədəf alan ideoloji, tezislərlə dolu mübarizə olmalıdır. Belə olsa, YAP-la yanaşı ölkədə əksər siyasi partiyalar “sinifdə” qalar...
Müəllif: Natiq Cəfərli (ReAL Partiyası Siyasi Komitəsinin üzvü)
Mənbə: "Facebook"