Putin rejiminin sonunun başlanğıcı - Puqaçova üsyanı

Putin rejiminin sonunun başlanğıcı -

“Alla söz azadlığına, repressiyaya və müharibəyə qarşı ayağa qalxdı”

"Şər qüvvələrə qarşı bir milyon qırmızı qızılgül", "Putin rejiminin sonunun başlanğıcı" - Rusiya və Ukraynanın siyasətçiləri, sənətçiləri və digər ictimai xadimləri Alla Puqaçovanın Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələrini qiymətləndirməsini şərh edirlər.

“Bravo, Alla Borisovna!”, “Alle Respect”, “Alla Puqaçovanın uzun illərdən sonra ən yaxşı ifası”, - deyə sosial şəbəkələrin rusdilli istifadəçiləri məşhur müğənninin əri ilə həmrəy olduğunu bildirməsinə bu kimi şərhlərlə reaksiya veriblər.

Maksim Qalkin “Rusiyanı xəyali məqsədlər üçün irticaçı, hamının üz döndərdiyi dövlətə çevirmək və vətəndaşlarının həyatını çətinləşdirmək düz deyil” demuşdi. Bundan sonra Rusiya hakimiyyəti ona da “xarici agent” statusu vermişdi.

İndi Puqaçova onu da ərinin sırasına yazmalarını xahiş edir. Cəmi bir neçə saat ərzində, bazar günü, sentyabrın 18-i axşam saatlarında Alla Puqaçovanın 3,4 milyon abunəçisi olan “Instagram”dakı bu paylaşımı yarım milyondan çox bəyənmə toplayıb.

Puqaçovanın əri Qalkini müdafiə edən bəyanatında “Ukrayna” sözü yox idi, lakin istifadəçilərin böyük əksəriyyəti bunu Rusiyanın qonşu dövlətə təcavüzünün tənqidi kimi qəbul edib və müğənninin bu addımını yüksək qiymətləndirib.

Bəzi sosial media istifadəçiləri daha ehtiyatlı idilər. Puqaçovanın Ukraynadakı müharibəyə qətiyyən qarşı çıxmadığını, sadəcə “ərini dəstəklədiyini və başqa heç nə” etmədiyini qeyd edən istifadəçilər müğənninin müharibəyə reaksiyasını “yarım il gözləməli olduqlarını” da vurğulayıblar.

Eyni zamanda, Puqaçovanın açıqlaması müğənnini xəyanətdə ittiham edən bir çox internet istifadəçilərinin də  kəskin tənqidinə səbəb olub.

"Puqaçova - Rusiya prezidentliyinə namizəd olsun"

Müğənninin sözlərinə təkcə sıravi istifadəçilər deyil, bir çox rus siyasətçiləri, sənətçiləri və digər məşhur simaları da reaksiya verib. DW ən parlaq şərhləri toplayıb.

Hazırda Fransada olan aktrisa və rejissor Renata Litvinova “Telegram” kanalında “Alla, hörmətimi bildirirəm” yazıb.

“Alla Puqaçova söz azadlığına, repressiyaya və müharibəyə qarşı ayağa qalxdı. Bir milyon qırmızı qızılgül şər qüvvələrə qarşı”, - deyə vəkil və hüquq müdafiəçisi Pavel Çikov “Twitter”də müğənnini dəstəkləyib.

Müxalif siyasətçi Dmitri Qudkov “Twitter”də "Putin kimdir? Alla Puqaçova dövründən qalma xırda siyasətçidir" deyə qeyd edib.

Sankt-Peterburq Qanunvericilik Məclisinin 5-ci və 6-cı çağırış deputatı Maksim Reznik “Puqaçovanın üsyanı rejimin süqutuna gətirib çıxaracaq”, rusiyalı iqtisadçı, professor Maksim Mironov isə “Twitter”də “Alla Borisovna 2024-cü ildə keçiriləcək Rusiya prezident seçkilərində mənim namizədimdir” yazıb.

Öz növbəsində politoloq Stanislav Belkovski “Telegram” kanalında qeyd edib: “A.B.Puqaçova de-fakto Rusiya cəmiyyətinin anti-müharibə hissəsinin liderinə çevrilir”.

Solovyov və Tolstoydan kəskin tənqid

Puqaçovanın bəyanatı ilə bağlı mənfi şərhlər dövlət hakimiyyəti ilə əlaqəli olan rus siyasətçiləri, eləcə də Kremlə sadiqliyi ilə tanınan ictimai xadimlər tərəfindən verilib.

Belə ki, teleaparıcı Vladimir Solovyov bununla bağlı “Telegram”da yazıb: “Rahat yat, Alla Borisovna...” .

Kseniya Sobçak özünün “Telegram” kanalında Puqaçovanın mahnılarını dinləyə biləcəyiniz internet resurslarının keçidini də lakonik şərhlə təkrar yerləşdirib: “Hələ görün, nələr də olacaq”.

Bu arada Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy öz “Telegram” kanalında bunları bildirib: “Ölkənin keçmiş ən populyar müğənnisi olan Puqaçovanın reallıqla bu qədər əlaqəni itirdiyinə və bu gün Rusiyanın məğlubiyyətini arzulayanlarla həmrəy olduğuna görə təəssüflənirəm. İndi onun yeri SSRİ dövrünün Tarix Muzeyindədir”.

Reper Timati də Puqaçovanın bəyanatını da kəskin tənqid edib: “Hesab edirəm ki, kiçik Avropa salonlarında bir dəstə mühacirlə birlikdə öz “sevimli” ölkənizə şər atıb onun siyasi qərarlarına və vektoruna gülmək əsl ləyaqət və vətənpərvərlikdir”.

Puqaçovanın bəyanatına Ukraynadan reaksiya

Puqaçovanın bəyanatına Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç də reaksiya verib. O, özünün “Facebook” səhifəsində bunları yazıb: “Böyük insan ölçülərinə malik bir şəxs olan Alla Borisovnanın Putin sisteminə qarşı üsyanı: Putin rejiminin aparıcı mifologiyasının legitimliyinə xələl gətirir, bəraət qazandıran əsas narrativi sarsıdır. Bu döyüş, Putin rejiminin legitimləşdirilməsinin əsasını təşkil edən vətəndaşların özünü identifikasiyasınıın tam ortasında bir partlayış, bu rejimin sonunun başlanğıcıdır”.

Qeyd edək ki, Alla Puqaçova uzun müddətdir ki, Ukraynada baş verənlərə birbaşa münasibət bildirmirdi. Eyni zamanda, əri Maksim Qalkin Rusiyanın qonşu dövlətə təcavüzünü dəfələrlə tənqid edib. Sentyabrın 16-da Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Qalkinə “xarici agent” statusu verib.

(DW)